|
|
|
|

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi müharibə cinayətinin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.
"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndindəki çıxışı zamanı səsləndirdiyi bu fikirlər laçınlılar, xüsusən də əslən Zabux və Sus kəndlərindən olan insanlar tərəfindən böyük sevinclə qarşılanıb. Laçınlılar ata-baba yurdlarına, 30 ildir ki, həsrətini çəkdikləri torpaqala hər an qayıtmağa hazır olduqlarını və doğma vətənə qayıdacaqları günü böyük səbirsizliklə gözlədiklərini bildiriblər.
Zabux kənd sakini Yaşar Cəfərov deyir ki, Prezident İlham Əliyevin Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı çıxışını böyük həyəcan və göz yaşları ilə dinləyib: "Etiraf edim ki, torpaqlarımız işğaldan azad olunanda sevincimin həddi-hüdudu olmasa da, öz doğma kəndimin, Zabuxun hələ də mənfur ermənilərin tapdağı altında qalmasına çox pis olurdum. Bu, məni çox üzürdü, kədərlənirdim. Eli-obası azad olunanlar öz ata ocaqlarına qayıdacaqlarını söyləyəndə onların sevincinə sevinsəm də, köksümü ötürüb ürəyimdə qəhərlənirdim. Axı mən də öz doğma yurduma, kəndimə, evimə qayıtmaq istəyirdim. Sağ olsun Prezident İlham Əliyev bizi öz doğma torpağımıza qovuşduracaq. "Zabuxda məskunlaşdırılmış ermənilərə kəndi tərk etmək üçün vaxt verilib" bu kəlməni Prezidentin dilindən eşidəndə sevincimdən ağladım. Elə bil bütün dünyanı mənə verdilər.
Yaşadığımız bu sevinci sözlə ifadə etmək mümkün deyil. Bu gün bütün laçınlılar doğma el-obalarına qayıdacaqları günü gözləyirlər. Bu gün bizim üçün əsl bayram olacaq. O gün bizim 30 illik torpaq, vətən, yurd həsrətimizə son qoyulacaq. Yenidən doğulduğun torpaqlara qayıtmaq, qalan ömrünü orada keçirmək, vətəndə ölməkdən gözəl heç nə ola bilməz".
Kənd sakininin sözlərinə görə, Zabuxu tərk edən ermənilərin evləri, meşələri yandırması onların vandal olduqlarını bir daha təsdiqləyir: "Biz Zabuxu tərk edəndə heç nəyimizə toxunmadıq. Amma onlar çıxanda hər yeri yandırırlar. Evlərə, meşələrə od vururlar. Laçını yandırmaqla bizə göz dağı verirlər. İstəyirlər ki, biz o torpaqlara geri gönəndə yurdumuzu talan, viran, yandırılmış görək. Bu, onların xislətidir. Hətta ölülərini də məzardan çıxardıb aparırlar. Bilirsiniz niyə? Çünki bizim Zabuxdakı kənd qəbiristanlığımızı dağıdıblar. Yerində evlər tikiblər. Elə düşünürlər ki, onların etdiklərini biz də təkrar edərik. Amma bizim ölülərlə işimiz yoxdur. Bu gün Azərbaycanın çox yerində erməni qəbiristanlıqları olduğu kimi qorunub saxlanılır. Heç kəs o qəbirləri dağıtmır, təhqir etmir. Biz onlar kimi orada yaşayan xalqın izini silmirik. Zabuxa qayıdan kimi ilk işi qəbiristanlığı bərpa etmək olacaq. Bilmirik, bəlkə o qəbirlərin içindən ölülərimizi də çıxardıblar. Amma yenə ümidimizi üzməmişik. Mənim ana nənəmin qəbiri də o qəbiristanlıqdadır. Qəbir yerlərimizi yenidən bərpa etməyi düşünürük".
1958-ci ildə Laçın şəhərinin Zabux kəndində doğulan Y.Cəfərov ömrünün 34 ilini Zabux kəndində keçirdiyini vurğulayıb: "Zabux Laçının ən gözəl kəndlərindən biridir. Kəndimiz dörd dağın arasında yerləşir. Elə gözəl, əsrarəngiz təbiəti var ki Zabuxun. Kəndimizi Min kənd çayı iki yerə bölmüşdü. Kəndimizdə üç yerdən körpü vardı. Ermənilər indi meşələrimizi yandırır. Amma bilmirlər ki, təbiətdən intiqam almaq olmaz".
Sus kənd sakimi Şahin İsgəndərov da doğulduğu doğma yurdu Sus kəndinə getmək üçün günləri saydığını bildirib: "Kəndimizin boşaldılacağı xəbərini Prezidentin dilindən eşidəndən sevincimdən nə gündüzlər dincəlir, nə də gecələr yata bilirəm. 18 yaşında Sus kəndindən, doğma yurdumdan, ocağımdan didərgin düşmüşəm. İndi də kəndimizi tərk etdiyim günü xatırlayanda ürəyim parça-parça olur. Susda uşaqlığımı, yeniyetməliyimi qoyub gəlmişəm. İlk arzum ilk növbədə Laçın şəhərindəki 1941-1945-ci il İkinci Dünya müharibəsi qəhrəmanlarına qoyulan abidənin qarşısından şəhəri seyr etməkdir. Ora çox yüksək olduğu üçün rayonun hər yeri görünür. 100-dən çox pilləkəni ayaqyalın çıxacam. Daha sonra çayı keçib kəndimizə, evimizə gedəcəm. Uşaqlıq xatirələrimin izi ilə gedib o günləri xatırlamağın xəyalını qururam. Biz Susdan çıxanda evimizin qapısını bağlayıb açarları özümüzlə götürdük. Açarları saxlayırdıq ki, evimizə qayıdacağıq. Biz bu inamla kəndi məcburi tərk etmişdik. Onlar isə Susa, Zabuxa məcburi köçürülüblər. Bilirlər ki, bir də o torpağa geri qayıtmayacaqlar. Torpaq onlarındısa niyə ölülərini məzardan çıxardırlar? Bu sualı onlara vermək lazımdır. Biz Susdan çıxanda bir gün ölülərimizin məzarını ziyarət edəcəyimizi ümid edirdik. Bu inam, ümiddir illərdir bizi yaşadan və o torpağa yenidən qaytaran. Onlarda isə bu inam yoxdur".
S.QARAYEVA



