|
|
|
|

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdədir. Artıq müxalifət hökumət rəhbəri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Ölkədə həm də sosial tələblərlə aksiyalar keçirilir. "Hraparak" qəzeti yazır ki, Ermənistan xarici cəbhədə uduzur, lakin daxildə də hər şeyin qaydasında olduğunu söyləmək mümkün deyil. Elə gün yoxdur ki, hökumət binası yaxınlığında və ya başqa yerdə etiraz aksiyaları olmasın. Keçən həftəsonu ağır tonnajlı yük maşınlarının sürücüləri Sisian (Qarakilsə) bölgəsində İrəvan-Mehri magistral yolunu bağlayıb, yük maşınlarının çəkilməsinə etiraz ediblər, bir neçə gün əvvəl isə "Petak" ticarət mərkəzinin işçiləri etiraz aksiyası keçiriblər. Çünki "Surmalı" ticarət mərkəzində baş verən partlayışdan sonra "Petak"da iş dayandırılıb və hələ də onun fəaliyyəti bərpa edilməyib. Nəşr yazır ki, insanlar işləməyə icazə verilməsini tələb edirdilər. Partlayışdan sonra "Petak" ticarət mərkəzi və ona gedən yol Fövqəladə Hallar Nazirliyi tərəfindən bağlanıb, işçilərə isə bildirilib ki, müstəntiqlər ticarət mərkəzinin fəaliyyətini bərpa etməyə icazə verməlidir.
Xatırladaq ki, hələ bir müddət əvvəl sabiq səfir, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan "Müstəqillik Hərəkatı" yaratdığını və Nikol Paşinyanın istefasının əsas məqsəd olduğunu bəyan etmişdi. O, hərəkatın işinə Ermənistanın Müstəqillik bəyannaməsinin qəbul edildiyi gün - avqustun 23-də start verilib, müstəqilliyin elan edildiyi gün - sentyabrın 21-də başa çatacağını bildirmişdir.
"Yəni ən geci sentyabrın 21-dək Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsindən uzaqlaşdırılmalıdır", - deyə Kazaryan bildirib.
Onun təşəbbüsünə Ermənistan müxalifətindən dəstək gəlib. "Daşnaksütyun"un ali orqanının nümayəndəsi, "Müqavimət" hərəkatının koordinatoru, "Hayastan" blokundan deputat İşxan Saqatelyan deyib ki, sentyabrdan müxalifətin "Müqavimət" hərəkatı geniş miqyasda mübarizəyə başlayacaq: "Taktikada dəyişiklik ediləcək, yəni may ayında olduğu kimi, hər gün yürüş, mitinq, etiraz aksiyaları olmayacaq, amma bu, heç də o demək deyil ki, nə vaxtsa həmin rejimə keçməyəcəyik. Biz bu rejimə daha mütəşəkkil, gücləndirilmiş, genişləndirilmiş formada və qarşımızda duran vəzifələri həll etdikdən sonra böyük döyüşə hazırlaşmaq üçün daxil olacağıq. Bunun üçün isə bütün hazırlıq işlərini görməliyik. Bizim ciddi uğurlarımız var və onları nə qədər aşağılamağa çalışsalar da, görünən odur ki, Müqavimət hərəkatı erməni xalqının tarixinin bu taleyüklü mərhələsində mühüm iş görüb".
O, sentyabrın 2-də hərəkatın mitinqinin planlaşdırıldığını əlavə edib, Kazaryanı da dəstəklədiklərini söyləyib: "Biz dəfələrlə demişik ki, bu hakimiyyətə qarşı mübarizə aparacaq hər kəsi dəstəkləyəcəyik. Kazaryanın mitinqlərində iştirak edəcəyik, vətəndaşlarımızı mitinqə gəlməyə çağırıram. Biz ordumuzda islahatlar aparmalıyıq, küçə etirazlarının köməyi ilə bu hakimiyyətdən qurtulmaq üçün qüvvələrimizi keyfiyyətcə yenidən təşkil etmək lazımdır".
"Vətən" partiyasının sədri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsiyan isə feysbuk səhifəsində Kazaryanın təşəbbüsü ilə həyata keçirilən prosesə dəstəyini ifadə edib: "Mən dəfələrlə demişəm ki, vətənimizi bu bərbad vəziyyətə salan qondarma hakimiyyətə qarşı mübarizəyə başlayacaq bütün milli sağlam qüvvələri dəstəkləyəcəyəm. Ona görə də bu fikri bir daha təsdiq edərək söyləyirəm ki, Kazaryanın təşəbbüsünü dəstəkləyirəm".
Erməni siyasətçi Arsen Babayan deyib ki, birləşərək bu hakimiyyətdən yaxa qurtarmaq lazımdır: "Mitinqdə iştirak etmək üçün ən azı 3 səbəbim var: Birincisi, mən Nikolun hakimiyyətinə qarşı istənilən vicdanlı mübarizənin iştirakçısıyam. İkincisi, iştirak etməyə borcluyam ki, övladlarım məni vətəni qorumaq üçün az səy göstərməkdə ittiham etməsinlər. Nəhayət, Edqar mənim dostumdur və onu tanıyaraq inanıram ki, birlikdə bu, mümkündür".
Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsindən sonra da Paşinyanın istefası tələbi ilə aylarla etiraz aksiyaları keçirdi. Bu aksiyalar təkcə paytaxt İrəvanı deyil, ölkənin regionlarına da yayılmışdır. Lakin növbədənkənar seçkidə xalq yenidən Paşinyana etimad göstərdi. Ermənistanda Paşinyandan narazı kütlə var, lakin onlar müxalifət adı ilə meydana çıxan qüvvələrə dəstək vermək niyyətində deyillər. Çünki həmin qüvvələrə rəhbərlik edənlər vaxtilə hakimiyyətdə olarkən öz xalqına divan tutmuş cinayətkarlardır.
İndi Paşinyana alternativ olaraq müxalifətin kimin namizədliyi üzərində dayanacağı da müzakirə olunur. Bəzi adlar ehtimal edilsə də, hələ ki ad açıqlanmayıb. "Müqavimət" hərəkatında hesab edirlər ki, Baş nazir postuna vahid namizəd xalqın birbaşa iştirakı ilə irəli sürüləcək.
"Əgər parlament vasitəsilə impiçment yolu tutsaq, qanunun tələbi ondan ibarətdir ki, biz də Baş nazirin namizədliyini irəli sürməliyik. Əgər biz istefa yolunu tutsaq, o zaman xalqın birbaşa iştirakı ilə seçilmiş öz namizədimizi təqdim etməliyik", - Saqatelyan bu mövzudan danışarkən deyib.



