|
|
|
|

“Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi naminə yeni reallıqlar yaradıb. Avropa İttifaqı regionun tərəqqisinə dəstək vermək üçün ölkəmizin təşəbbüslərini dəstəkləyir, sülh və əməkdaşlığa öz töhfəsini verməyə çalışır. Bu baxımdan, avqustun 31-də Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüş böyük əhəmiyyət kəsb edir”.
Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanat danışıqların Azərbaycanın maraqlarına uyğun keçdiyini təsdiqləyir. Belə ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Bu sülh müqaviləsinin imzalanması istiqamətində vacib addımdır. Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışırdı. Amma son vaxtlar dövlətimizin nümayiş etdirdiyi qətiyyətli mövqe və həyata keçirilən “Qisas” əməliyyatı Ermənistanı bu məsələdə razılaşmağa məcbur etdi. Beləliklə, sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq.
Görüşdə həmçinin, humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Eləcə də, sərhədlərin delimitasiyasına dair bütün məsələlər də diqqət mərkəzində olub və delimitasiya komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi qərara alınıb. Kommunikasiyaların açılması da üçtərəfli görüşün müzakirə mövzusu olub.
Millət vəkilinin sözlərinə görə, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir, status məsələsinə toxunulmur. Bu o deməkdir ki, erməni tərəfinin cəhdlərinə baxmayaraq, Qarabağ mövzusu siyasi gündəlikdə deyil və Azərbaycanın daxili məsələsi kimi qəbul olunur. Bəyanatda ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, o deməkdir ki, faktiki olaraq Minsk qrupunun həmsədrlik institutu tarixin arxivinə göndərilib. “Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur. Bu səbəbdən də, beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Beləliklə, dördüncü Brüssel görüşü Prezidentimiz cənab İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha təsdiqlədi. Bu görüşün nəticələri Prezident İlham Əliyevin hücum diplomatiyasının növbəti qələbəsidir”, -deyə Fatma Yıldırım vurğulayıb.
Sevinc Qarayeva



