|
|
|
|

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Brüsseldə keçirilən sayca dördüncü üçtərəfli görüşdə tərəflər arasında sülh müqaviləsinin mətninin hazırlanmasına dair razılıq əldə edildi. Bu məqsədlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir ay ərzində görüşü nəzərdə tutulub. Ermənistan mətbuatında İrəvanın sülh sazişinin imzalanması üçün real addımlar atacağına dair məlumatlar yer alır. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan nəinki Azərbaycanla sülh sazişi üzrə işçi qrupunun yaradılmasına göstəriş verib, həmçinin, qapalı iclasda ilin sonuna kimi İrəvanın Bakı ilə sülh sazişi imzalayacağını bildirib. Amma Brüssel görüşündən sonra Ermənistan yenə də bir sıra təxribatlara əl atdı. Bu təxribat həm dövlət sərhədində mövqelərimizi atəşə tutmaqda, həm də bir sıra bəyanatlarda özünü göstərdi. Belə ki, İrəvan rəsmiləri "Qarabağdakı ermənilərin statusu"ndan danışdılar, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa qanunsuz səfər etdi.
Mövzunu şərh edən rusiyalı politoloq Vitali Arkov deyib ki, İrəvanın sülh müqaviləsinin imzalanması üçün hansısa formada Azərbaycan qarşısında irəli sürdüyü statusu barədə bəyanatlarının real əsası yoxdur. Onlar iddia edirlər ki, əks halda Qarabağ ermənilərini guya "etnik təmizləmə" gözləyir. Bu, sadəcə olaraq danışıqlar prosesini ləngitmək cəhdidir.
"Bir tərəfdən biz başa düşürük ki, Paşinyan niyə belə edir. Çünki Ermənistanda cəmiyyət parçalanıb, orada çoxlu sayda qisasçılar qalıb. Erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi hələ də Azərbaycanla sülh müqaviləsinə qarşı çıxır, onu ölkə üçün tam məğlubiyyət hesab edirlər. Erməni əhalisinin Azərbaycanla barışığı bu cür qəbul etməsi qismən Ermənistan hakimiyyətinin hərəkətsizliyindən irəli gəlir. Çünki revanşist təbliğata kifayət qədər müqavimət göstərmir və Azərbaycanla sülhün nə üçün həm xalqın, həm dövlətin xeyrinə olduğunu izah etmir. Azərbaycanla imzalanmış razılaşmaları pozmağa çalışan dağıdıcı qüvvələrin təbliğatı insanlara güclü təsir göstərir", - politoloq bildirib.
Onun sözlərinə görə, İrəvan istənilən halda Azərbaycanla sülh müqaviləsi bağlayacaq: "Bakı çoxdan bəyan edib ki, Azərbaycan pasportu almaq istəyən və azərbaycanlılarla dinc yanaşı yaşamağa razı olan bütün Qarabağın etnik ermənilərinin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan hakimiyyəti dəfələrlə deyib ki, yaşasınlar, onlara heç kim toxunmayacaq. Anladığım qədər, erməni əhalisi üçün müəyyən keçid dövründən danışmaq olar. Tamamilə mümkündür ki, sülh müqaviləsinin imzalanması proseduru mərhələli şəkildə aparılsın. Biz bu yaxınlarda Laçın şəhərinin və iki kəndinin Azərbaycana qaytarılması ilə bağlı vəziyyəti gördük. Bu, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında çoxdan əldə edilmiş razılaşma idi, amma yenə də Ermənistan tərəfindən ləngimə cəhdləri oldu. Ancaq heç nə alınmadı. Ona görə də biz Ermənistan-Azərbaycan nizamlanmasının bütün "perimetri" boyu Ermənistanın "afterşoklarını" görməkdə davam edirik, onlarsız mümkün deyil. Çünki ermənilər üçün bunların hamısı ağrılı proseslərdir, lakin azərbaycanlı əhali üçün də hər şey heç də asan deyil. Onlar münaqişə başlayandan evlərini tərk etməli olublar. Amma Azərbaycan səbirli olmalıdır. Şübhəsiz ki, Qarabağın qalan hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz şərtlərini diktə edir. Və Ermənistan nə qədər öz tərəfində nəyisə diktə etməyə çalışsa da, alınmayacaq. O, belə mövqeyə sahib deyil".
V. Arkov düşünür ki, sülh müqaviləsi mütləq imzalanacaq: "Ola bilsin ki, sülh müqaviləsində Qarabağın qalan hissəsinin Azərbaycana qaytarılması məsələsinin hansı müddət ərzində həll olunacağı göstərilsin. Bu arada Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli bəyanatın qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə bağlı üzərinə düşən hissəsini daha fəal şəkildə yerinə yetirməlidir".
O söyləyib ki, Rusiya regionda sülhün bərqərar olmasında, nəqliyyat və logistika zəncirlərinin inkişafında maraqlıdır: "Bu həftə Bakıda Rusiya, Azərbaycan və İran baş nazirlərinin müavinləri arasında Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı danışıqlar keçiriləcək. Moskva üçün bu, artıq strateji əhəmiyyətli layihədir. Azərbaycan da bunda maraqlıdır. Ermənistan-Azərbaycan arasında yekun nizamlanma, sülh müqaviləsinin imzalanması dəhlizin işə başlanmasının mühüm məqamlarından biridir. Çünki burada Ermənistan-Azərbaycan nizamlanması çərçivəsində iki ölkə arasında nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması var. Əslində, avropalı tərəfdaşlar artıq Şimal-Cənuba maraq göstərirlər. Lakin onlara malların bütün marşrut boyunca təhlükəsizliyinə zəmanət lazımdır. Azərbaycan təhlükəsizliyə zəmanət verir, bəs Ermənistan bunu edə bilərmi? Dənizə çıxışı olmayan Ermənistan üçün bu, logistikadan pul qazanmaq şanslarından biridir. Erməni cəmiyyətinin emosiyaları söndürüb beyinləri işə salmasının vaxtı çatıb. Dünya dəyişdi. Ermənistan dəyişməli, proseslərə qarışmalı, böyük Avrasiya birliyinin bir hissəsinə çevrilməli və kənarda qalmamalıdır. Türkiyənin Ermənistana necə əl uzatdığını görürük, artıq türk kurortlarında erməni turistləri görürük. Azərbaycan artıq deyir ki, Avrasiya İqtisadi İttifaqı ölkələri onun nəqliyyat potensialından istifadə edə bilər ki, gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin yekun həlli ilə bu, İrəvana da təsir edəcək. Yaranmış fürsətləri geri çevirmək üçün tam axmaq olmalısan".



