|
|
|
|

“Bu gün ölkənin ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı xeyli görülməli olan işlər var. Düzdür müəyyən irəliləşlər əldə edən universitetlər var. Ancaq bəzi ali təhsil müəssisələrimizdə də keyfiyyətin aşağı endiyini görürük”.
Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili bildirib ki, ölkədə pedaqoji kadr hazırlığı tam uğurlu deyil. Universitetlərin bəziləri bu istiqamətdə çalışırlar, müəyyən işlər görürlər: “Hesab edirəm ki, ümumilikdə keyfiyyətli pedaqoji kadr hazırlığı ilə bağlı daha çox iş görülməli, addım atılmalıdır. Pedaqoji ixtisasların tədris edildiyi universitetlərdə təhsil müasir çağırışlara cavab verməlidir. Yəni universitetlər gənclərə sadəcə nəzəri bilikləri deyil, eyni zamanda təhsilalanlarla iş metodlarını, yeni tədris üsullarının tətbiqini də öyrətməlidirlər. Bu baxımdan daha çox səy göstərməli, daha yaxşı, keyfiyyətli kadrların yetişdirilməsinə çalışmalıyıq. Bu bir reallıqdır. Universitetlərimiz də bu istiqamətdə daha çox addımlar atmalıdırlar ki, biz bütün bu hədəflərə nail ola bilək”.
Ceyhun Məmmədov qeyd edib ki, bu gün peşəkar, savadlı, müasir informasiya texnologiyalarına bələd olan, yüksək intellektə malik kadrlar yetişdirmək universitetlər üçün ən vacib məsələ olmalıdır. Bütün universitetlər bu amal üçün çalışmalıdırlar.
Sevinc Qarayeva



