|
|
|
|

Mosuldan sonra paytaxt Bağdad istiqamətində irəliləyən “İraq Şam İslam Dövləti” terror təşkilatı yaraqlılarının daha bir neçə vilayət mərkəzini ələ keçirməsiylə bağlı xəbərlər yayılıb.
Lent.az-ın xəbərinə görə, yerli mənbələrdən alınan məlumatlarda Mosulla bərabər, Ninova, Anbar və Səlahəddin vilayətlərinin də işğal edildiyi bildirilir.
Artıq Səlahəddin vilayətinin mərkəzi şəhəri Tikrit də qısa atışmadan sonra İŞİDin nəzarətinə keçib.
Bağdadın 200 kilometr şimalındakı strateji əhəmiyyətli Beyciyəni də işğal edən İŞİD yaraqlılarının bölgədəki neft şirkətini və Bağdada elektrik ötürən stansiyaya da nəzarəti ələ keçirməyə çalışması gəzən xəbərlər arasındadır.
İŞİD-in işğal etdiyi ərazilərdə İraq ordusuna məxsus silah anbarlarını Suriyaya ötürəcəyi də ehtimal olunur.
Mosulda təxminən 500 min nəfər insan evlərini tərk edərək kürdlərin yaşadığı bölgələrə üz tutub.
Hazırda Kərkükdə İraq ordusuyla İŞİD yaraqlıları arasında döyüşlər gedir.
İraq parlamenti sabah Baş nazir Nuri əl-Malikinin başçılığı altında təcili toplanaraq fövqəladə vəziyyət elan etmə məsələsini müzakirə edəcək.
Ərbilə qaçan Mosul valisi Esil Nuceyfi şəhərin geri qaytarılması üçün xalq komitələri yaradılacağını açıqlayıb: İraq ordusunun Mosuldan geri çəkilməsiylə bağlı bizə nə bir təlimat, nə də bir qərar verilmişdi. Konkret olaraq, ordunun şəhərdən çıxmasıyla əlaqədar qərarın kim tərəfindən verilməsindən xəbərsizik”.



