|
|
|
|

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar. Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov 525.az-a açıqlamasında deyib ki, Ermənistanın azərbaycanlı mülki şəxsləri atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir. Ermənilər döyüş meydanında ordumuza cavab verə bilmirlər, çıxış yolunu mülki əhalimizə atəş açmaqda görürlər: “Son hadisələr bir daha onu göstərir ki, Ermənistan ilkin sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Davamlı təxribatlar törətmək niyyətindədirlər. Əslində 44 günlük müharibədən sonra gözlənilən o idi ki, Ermənistan acı məğlubiyyətdən nəticə çıxararaq təxribatlara son qoyacaq və münasibətlərin normallaşması istiqamətində real addımlar atacaq. Ancaq bu gün Ermənistanın davranışlarında bu real olaraq görünmür. Görünən odur ki, Ermənistan yenə də təxribatlar törətməkdədir. Ermənistanın hədəfi tək hərbiçilərimiz deyil, eyni zamanda mülki vətəndaşlardır. Bu gün biz ermənilərin mülki vətəndaşlarımızı atəşə tutmasının şahidi olduq. Ermənistan bu gün də mülki əhalimizə qarşı cinayətləri davam etdirir. Erməni silahlı birləşmələri mülki əhalimizi atəşə tutmaqla öz acizliklərini göstərirlər. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət ermənilərin hərbi cinayətlərinin qarşısının alınması üçün tədbirlər görməlidir. Beynəlxalq təşkilatlar erməni caniləri tərəfindən törədilən müharibə cinayətlərinə biganə qalmamalıdır, səslərini çıxarmalıdır, hadisələrə münasibət bildirməlidir. Çünki erməni terrorizmi bir tək Azərbaycan üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün, regional sabitlik üçün və beynəlxalq hüququn realizəsi üçün təhlükədir”.
Sevinc Qarayeva



