|
|
|
|

“Ermənistanın sentyabrın 12-də gecə saatlarından başlayaraq ordumuza qarşı genişmiqyaslı hərbi təxribatlar törətməsi bu ölkənin regionda sülhün tərəfdarı olmadığını göstərir”.
Bunu 525.az-a açıqlamasında millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki, erməni təxribatının hədəfi regionda sülh təşəbbüslərini pozmaq, revanşist məqsədlərə nail olmaqdır. Amma rəşadətli ordumuz düşmənin cavabını layiqli şəkildə verməkdədir. Millət vəkili budəfəki erməni təxribatı zamanı da mülki şəxslərin zərər çəkməsinə diqqət çəkib. Onun sözlərinə görə, təxribatlar zamanı işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərində iştirak edən iki mülki şəxs yaralanıb: “Mülki şəxslərin hədəfə alınması Ermənistanın terror siyasətinin növbəti təzahürüdür. Əslində, terror siyasətini dövlət səviyyəsinə yüksəldən rəsmi İrəvan hər zaman mülki insanları, yaşayış məntəqələrini hədəfə alıb. 30 illik işğal dövründə də minlərlə dinc insan erməni terrorunun qurbanı olub. Bu dövrdə işğal altında olan bütün yaşayış məntəqələri, infrastruktur, o cümlədən ekologiya, flora və fauna məhv edilib”.
Fatma Yıldırım həmçinin, 44 günlük Vətən müharibəsi zamanı da 100-dən çox dinc insanın erməni terrorunun qurbanı olduğunu xatırladıb. Belə ki, bu dövrdə Tərtər, Bərdə rayonlarına, Gəncə şəhərinə və digər bölgələrə qarşı çoxlu sayda raket hücumları edildi. Məqsəd yalnız dinc insanlar və mülki obyektlər, yaşayış məntəqələri idi.
“Bu dəfə də ermənilər mülki şəxsləri hədəfə almaqla terrorçu xislətlərini nümayiş etdirdilər. Onlar azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasına mane olmaq istəyirlər. Amma məqsədlərinə çatmayacaqlar. Beynəlxalq ictimaiyyət erməni cinayətlərinə, o cümlədən mülki şəxslərin hədəfə alınmasına münasibət bildirməlidir. Ermənistan beynəlxalq birlik tərəfindən də cəzalandırılmalıdır”,-deyə millət vəkili vurğulayıb.
Sevinc Qarayeva



