|
|
|
|
"Leyla Yunusun nə siyasi partiyası, nə də elə bir böyük dəstəyi var". Belə bir açıqlama ilə mətbuatda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun NATO-nun Bakıda keçirilən seminarında erməniçilik mövqeyindən çıxış etməsinə münasibət bildirərkən çıxış edib.
Millət vəkili L.Yunus ictimaiyyət tərəfindən Azərbaycanın milli maraqlarına zidd hərəkəti ilə tanındığını bildirib: "Gurultulu adla bir təşkilat yaratmaqla isə cəmiyyətdə nəsə etmək mümkün olmur. Onun çağırışına heç müxalifət dairələrində də dəstək vermədilər. Sadəcə, bu siyasi gedişdir, real məsələ deyil".
Leyla Yunusun NATO seminarında ermənilərin mövqeyini sərgilədiyini deyən YAP rəsmisi onu da bildirib ki, bu gün cəmiyyətin əksəriyyətinə qarşı müqavimət hərəkatı təşkil etməyin özü qəribə səslənir: "Leyla Yunus sadəcə korlanmış imicini bərpa etmək, yaxud özünün siyasi baxışlarına görə təqib olunan bir şəxs kimi imicini yaratmağa çalışır. Belə olduqda isə bu gün cəmiyyət əldə etdiyi dinamika və stabilliyi qorumağa daha çox meyillidir".
A. Mirzəzadə Azərbaycanda müxalifət mətbuatının ABŞ Senatında ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları aspektlərinə dair dinləmələrdə yer alan fikirləri təhrif etməsinə də münasibət bildirib.
O deyib ki, müxalifət dairələri hər zaman ölkəmizdən kənarda Azərbaycanla bağlı olan məsələləri neqativ planda verməyə çalışır: "Hətta onlar Azərbaycanın ünvanına deyilən xoş sözləri və etirafları belə gizlədir. Təbii ki, bu, ilk belə hal deyil.
Deputatın sözlərinə görə, müxalifət hər dəfə Azərbaycanla bağlı müzakirə olunan məsələləri təhrif edərək, cəmiyyətə yanlış məlumatlar verir: "Təbii ki, ABŞ-da Azərbaycanla bağlı ara-sıra dinləmələr keçirilir. Bu dinləmələrdə Azərbaycanla bağlı bəzən qeyri-obyektiv fikirlər də səsləndirilir. Son dövrlərdə Azərbaycanın inkişafı hətta ölkəmizin ən qatı tənqidçilərini belə dövlətimizin həqiqətlərini etiraf etməyə məcbur edir. Hesab edirəm ki, ABŞ Senatındakı dinləmələr və onların nəticələri Azərbaycana verilən yüksək qiymətdir".
Müxalifət mətbuatının həmin məsələni neqativ şəkildə verməsinə gəlincə millət vəkili deyib ki, bununla Azərbaycan cəmiyyətini aldatmaq qeyri-mümkün olacaq: "Birincisi, onların oxucu və təsir dairəsi elə də böyük deyil. Bu gün Azərbaycan vətəndaşı müxtəlif mənbələrdən informasiya ala bilir ki, həmin informasiya da müxalifətin iddialarının üstündən xətt çəkir".
Pərvanə



