|
|
|
|

Ərşad Hüseynov, hüquqşünas:
- Şuşada sürətlə davam edən bərpa və yenidənqurma işlərinin tərkib hissəsi kimi tanınmış şəxslərə abidələrin qoyulması da zəruridir. Şuşa rəsmən (Prezidentin 7 may 2021-ci il № 2632 Sərəncamına əsasən) ölkəmizin mədəniyyət paytaxtı elan edilsə də, bu gözəl şəhərimizdə təkcə mədəniyyət və incəsənət xadimlərimizin deyil, tarixi şəxsiyyətlərimizin, hərbi sərkərdələrimizin, Vətən üçün qəhrəmanlıq göstərib canından keçən əsgər və zabitlərimizin də möhtəşəm abidələri olmalıdır.
Məsələn, mən ilk növbədə aşağıdakıları təklif edirəm.
Şuşanın təkcə xanlıqlar dövründə paytaxt olmasını (yəqin ki, Pənahəli xanın və Qarabağ xanlarının memorial abidəsi olacaq) yox, həm də dövlətçiliyimizin sonrakı dövrlərində də bölgənin vahid siyasi mərkəzi olduğunu vurğulamaq üçün AXC dövründəki Qarabağ General-qubernatorluğunun iqamətgahının binası elə bu adla bərpa edilməli və general-qubernator Xosrov bəy Sultanova layiqli bir abidə ucaldılmalıdır.
Məşhur sərkərdə və AXC-nin hərb naziri Səməd bəy Mehmandarovun möhtəşəm abidəsi də yəqin ki, olacaq.
Əslən Şuşadan olan və vaxtilə erməni terroruna qarşı ən yaxşı mübarizə "resept"ini ortaya qoyaraq "Difai"ni yaratmış, böyük mütəfəkkir, təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyə Cümhuriyyətində məşhur dövlət xadimi olmuş Əhməd bəy Ağaoğlunun da əzəmətli abidəsi Şuşanın ən görkəmli yerlərindən birini bəzəməlidir.
Birinci Qarabağ müharibəsində Şuşa uğrunda canından keçmiş qəhrəmanlarımızın da abidəsi bu şəhərdə yer almalıdır. Şuşa şəhərinə bitişik olan Daşaltı kəndinə tərəf görkəmli bir yerdə 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında şəhid və itkin düşən hərbçilərimizin şərəfinə mütləq abidə ucaldılmalıdır.
Şuşada ucaldılacaq ən möhtəşəm abidə isə 44 günlük Vətən müharibəsində bu qartal yuvasını düşməndən azad edən əsgər və zabitlərimizin abidəsi olmalıdır.
Şuşa başqa görkəmli tarixi şəxslərimiz abidələri ilə də bəzədilməlidir. Əminəm ki, çoxlu təkliflər olacaq.
Hər bir halda bu gözəl şəhər təkcə mədəniyyət beşiyi kimi yox, həm də cəngavərlər qalası kimi tanıdılmalıdır.
lll
Bakıda tıxacların çoxlu səbəbləri var. Bunların hər biri barəsində çox danışılır.
Səbəblərdən bəzilərinin bilavasitə nəqliyyatla bağlılığı ilk baxışdan görünmür (amma əslində, onlar da sözün geniş mənasında yol-nəqliyyat infrastrukturuna bağlıdır). Bunlardan bir qrupu məskunlaşmadan, şəhərsalmadan irəli gələn səbəblərdir. Şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi göz qabağındadır. Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik, həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da ki, bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır. Bu barədə geniş yazıb, sizi yormaq istəmirəm...
Problemin bariz bir misalını Milli Məclisin son iclasında deputat Rauf Əliyev dilə gətirdi. Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. Tətil vaxtı həmin yerlərdə tixacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir.
Məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır...
Cavid Qara, ətraf mühit siyasəti üzrə ekspert:
- Psixoloji xəstəliklərin ən narahatedici tərəfi odur ki, onların yoluxucu olduğunu ciddiyə almırıq.
Yoluxucu xəstəliklərlə bağlı oturuşmuş biliklərimiz var, hava-nəfəs yolu ilə, toxunma ilə, cinsi əlaqə və qan köçürməsi və s. Amma depressiya və s. psixoloji xəstəlikləri hələ yeni xəstəlik kimi qəbul edib müalicə etdiyimizə görə onların fikir və davranış yolu ilə necə yayıldığını ciddi araşdırıb qəbullanmamışıq. Psixoloji xəstəliklərə yoluxmanın qarşısını almaq üçün immunitetin qurulmasını da ciddi anlamırıq.
Psixoloji xəstəliyə yoluxmuş insanlar və bu cür pasientlərlə işləyən adamlar gərək ətrafdakıların da yoluxma ehtimalı ilə bağlı düşünsün. Ətrafda yoluxmanın vaxtında müəyyən edilməsi müalicəni və yoluxmanı azalda bilər. Psixoloji immuniteti zəif insanların immunitetinin artırılması yollarına da baxmalıyıq.
Ümumilikdə psixoloji xəstəliklərə yoluxucu xəstəlik kimi baxmağın vaxtıdır. Bəşəriyyətin ən böyük və ən az ciddiyə alınan yoluxucu xəstəliyi psixoloji xəstəliklərdir, məncə. Xoşbəxtliyi və rifahı azaltmaqla yanaşı, cəmiyyətin yaradıcılığını, məhsuldarlığını da məhdudlaşdırır.
Fərid Pərdəşünas, texnobloger:
- Gözəl xəbər! Nəhayət 2 illik mübarizənin sonunda Google - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl adlarından erməni adlandırmasını yığışdırdı. Azərbaycandan daxil olan istifadəçilər üçün digər yerləri də ingiliscə göstərsə də, qlobal IP ilə hələ də Şuşa, Hadrut, Xankəndi, Əsgəran, Ağdərə kimi ərazilərimiz ikili erməni adları ilə verilir. Ermənilərin hələ də yaşadıqları hissələr nisbətən başa düşülən olsa da, Hadrut və Şuşanın 2-li adla qalması əsassız görünür. Ümumilikdə, içi mən qarışıq bu 2 ildə Azərbaycanın əsas dövlət qurumları ilə dayanmadan Google-a basqı edirdik. Heç bir rəsmi müraciətə cavab verməyən Google, görünür, yola gəlməyə başlayır.
Asif Nərimanlı, jurnalist:
- Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran itki verib: artilleriya quruğusunu Araz qırağına daşıyan yük maşını qəza törədib, nəticədə 2 nəfər ölüb;
Ötən ilin elə oktyabr ayında sərhədlərimizdə təlimlər keçirən İran ordusunun yanlışlıqla öz hərbi texnikalarını vurduğu, 3 nəfərin öldüyü xəbərləri yayılmışdı.
Ümumiyyətlə, İran hərbi təlimlər zamanı belə yanlışları ilə məşhurdur. 2020-ci ildə hərbi gəmilərini yanlışlıqla vurmaları nəticəsində 19 hərbçi ölmüşdü. Bu təlimlərdə də öz texnikasını, yaxud hərbçilərini vursa, təəccüblü olmaz.
Firuz Abdulla, AFFA-nın mətbuat xidmətinin rəhbəri:
...Elə hadisələr var ki, üzərindən nə qədər vaxt keçir-keçsin, hər xırda detalına qədər xatırlayırsan.
O məşum xəbəri alanda evdə-mətbəxdə idim.
"Kaş bu dəfə də yalan olsun" ümidi ilə dərhal bir neçə nəfərə zəng vurdum.
Hər təsdiq nidası təkzibə bəslədiyim ümidə vurulan güllə kimi idi.
Bir neçə dəqiqə susmağım, sonra vanna otağına keçib ağlamağım yadımdadır.
Bəs eləmədi.
Evdən çıxdım. Bu dəfə maşında ağladım.
Çox tez-tez görüşməsək də, onu nə qədər çox istədiyimi heç özüm də bilmirmişəm. Ağlayanda bildim...
Tanrı dağındakı ruhuna salam olsun, Elnur Əşrəfoğlu!..
P.S. Düz bir il əvvəl ruhunun uçduğu Zəngilana indi təyyarələr uçur.
Bilirəm ki, bilirsən...
Fərhad Mehdiyev, professor:
- 2020-ci ildə əsas ictimai tələbat "Xankəndini vur" şəklində idi.
2022-ci ildə isə bu "Universitetlər Bakıdan köçürülməlidir" şəklindədir.
Regionların inkişafı filan. Tıxac problemleri. Məşğulluğun artması. Yan sektorların inkişafı. Tikinti filan.
İlk növbədə Politexnik universitet köçürülməlidir. Çünki orda nə poli, nə də texnika var. Rayonda isə bəlkə öz texnoparklarında kənd təsərrüfatı texnikası icad, ya da təmir edərlər.
Əvvəlcədən sırf bəzi fakültələrin köçürülməsi ilə işə başlamaq olar. Şimal rayonlarımız çox əladır, hamı ora getmək istəyər.
Orxan Cəbrayıl, həkim:
- Ermənipərəst mövqeyi ilə bilinən Fransa, ABŞ, Yunanıstan, Cənubi Kipr və s. kimi ölkələrin Ermənistanı müdafiə etdiyini bilirik, ancaq heç biri İranın etdiyi kimi etmir.
Makronun açıqlamalarından şarlatanın yekəsi olduğu bəllidir, ancaq heç o da şarlatanlıqda İran hakimiyyətinə çatmır.
Alçaqlığın həddinə bir bax ki, adını İslam dövləti qoyasan, ancaq əhalisi xristian olan işğalçı bir dövlətə görə əhalisi müsəlman olan işğala məruz qalmış bir ölkənin əleyhinə hərbi təlimlər keçirəsən.
Vüsal Məmmədov, jurnalist:
- 1954-1962-ci illərin Əlcəzair müharibəsi zamanı Fransa yerli əhaliyə qarşı Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan kütləvi şəkildə istifadə edib. Partizanların daldalandıqları mağaralara zəhərli qaz buraxılıb. Həmin qazdan istifadəni isə fransızlar vaxtilə əsir götürülmüş faşist hərbi kimyaçılarından öyrəniblər. Uzun müddət gizli saxlanılan bu dəhşətli faktlar bu ilin aprelində üzə çıxıb. Amma Fransa hökuməti arxivlərin açılmasına mane olaraq, insanlıq əleyhinə cinayətin araşdırılmasına imkan vermir.
Müşfiq Şükürov, filosof:
- Ermənistanın müdafiə naziri Hindistandadır. Ya hindlilərdən, ya da İrandan alacaq yaxında dronlar. Ukrayna müharibəsi göstərdi ki, İranın dronları İsrail dronları qədər mükəmməl olmasa da, effektiv və ucuzdur. Ciddiyə almaq lazımdır. İndiki dövrdə bir ölkənin hərbi üstünlüyü bir neçə ay çəkir. Müharibələr silahların mükəmməlləşməsi üçün əvəzolunmaz poliqondur. İran Ukrayna müharibəsində o poliqonu da almış oldu. Bir daha inkişaf etdirəcək silahlarını.
Sülh quşları elə bilir Ermənistan sülh istəyir, biz razı deyilik. Ermənistan müqaviləni uzatmaq və vaxt qazanmaq istəyir. Beynəlxalq konyukturanın dəyişməsi və silah hazırlığı üçün lazımdır ona bu vaxt. Zaman isə dəyişkəndir. 30 il əvvəl tam bizim əleyhimizə işləyirdi. Yaxşı yadımdadır...



