|
|
|
|

Bu günlərdə Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhərində yolların genişləndirilməsi, avtomobil nəqliyyatının tənzimlənməsi ilə bağlı görüş keçirilib. Şəhərin bir neçə küçə və prospektində tıxacların yaratdığı problemlərlə əlaqədar yolların genişləndirilməsi, həmçinin, daimi döngələrin yaradılması üçün yol kənarlarındakı yaşıllıqların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi ekoloji ekspertiza rəyi verib.
Son illər Bakı şəhərində əhalinin sayındakı kəskin artım avtobobil yollarının yüklənməsinə, tıxacların miqyasının günü-gündən genişlənməsinə, hətta bəzən iflic vəziyyətin yaramasına səbəb olur. Bu isə təbii olaraq paytaxt yollarında tıxacları mümkün qədər minimuma endirmək üçün müxtəlif vasitələrə əl atılmasını, fərqli metodların sınaqdan keçirilməsini zərurətə çevirir. Amma problemin yaşıllıqların köçürülməsi hesabına həllinin nəzərdə tutulması istər-istəməz ictimai fikirdə yaşıl ərazilərin onsuz da azlıq təşkil etdiyi paytaxtda olub-qalan yaşıllıqların da sıradan çıxarılacağı ilə bağlı müəyyən narahatlıq yaradır. Onsuz da son illər ərzində şəhərin müxtəlif ərazilərində yeni hündürmərtəbəli binaların inşası üçün tikinti şirkətləri tərəfindən yetəri qədər ağaclar kəsilib, yaşıllıq sahələri məhv edilib. Bu isə xüsusən yayı isti və quraqlıq keçən Bakı üçün ciddi ekoloji problem deməkdir.
Ümumiyyətlə, yaşıllıqların köçürülməsinın hansı fəsadlar doğura, paytaxtın ekoloji durumuna necə təsir göstərə bilər?
Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımovun "525"ə bildirdiyinə görə, yaşıllıqların köçürülməsinin hansısa fəsadlar yarada biləcəyi ilə bağlı narahatçılıq keçirməyə əsas yoxdur: "Yaşıllıqlar kəsilmir, onların sayı azaldılmır, sadəcə yeri dəyişdirilir və bu, nəinki şəhərin, heç həmin rayonun da ekoloji vəziyyətinə heç bir mənfi təsir göstərmir. Yaşıllıqların köçürülməsi dedikdə adətən biz onların yerinin dəyişdirilməsini, yəni yaxın ətrafa köçürülməsini nəzərdə tuturuq ki, bu da lokal xarakterlidir. Məsələn, ağac Binəqədi rayonu ərazisindədirsə, başqa əraziyə deyil, yaxınlıqdakı boş sahəyə köçürülür. Odur ki, bu, nəinki şəhərin, heç rayonun da ekoloji vəziyyətinə mənfi təsir göstərmir. Yenə deyirəm, yaşıllıq kəsilmir, yaxud da sayı azaldılmır, sadəcə köçürülərək digər yaxın bir yerdə əkilir, həmçinin, ətrafında boş sahə varsa, orada yeni yaşıllıqlar salınır. Nəticədə bu, ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir".
Ekspertlər isə yolların genişləndirilməsi məqsədilə yaşıllıqların köçürülməsinin effektiv olmadığını, bunun üçün başqa təcrübələrdən istifadə etməyin vacibliyini iddia edirlər. Bəs bu məqsədlə başqa alternativ variantlar nəzərdən keçirilirmi?
Fariz Qasımov deyir ki, Bakı şəhərində tıxac probleminin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlərdən biri də yolların genişləndirilməsidir: "Yolun genişləndirilməsi prosesi istər-istəməz ətrafındakı yaşıllıqlara təsir göstərir. Strateji, dövlət əhəmiyyətli yolların genişləndirilməsi nə qədər vacibdirsə, bundan az əhəmiyyət kəsb etməyən bir məsələ də yaşıllıqların maksimum qorunmasıdır. Çünki Bakı kimi arid iqlimə malik meqapolis üçün yaşıllıq ilk növbədə filtrdir, oksigen mənbəyidir, kölgəlikdir, ekoloji təmizlikdir, erroziya və sürüşmələrdən qoruyucu vasitədir. Əgər genişləndiriləcək yolun kənarında, hərəkət hissəsinə yaxın əkilmiş yaşıllıqlar varsa, həmin yaşıllıqların köçürülməsi məsələsi ortaya çıxır. Yerli qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilir və ekspertlərimiz tərəfindən rəy verilməsi məsələsinə baxılır. Eynilə də yol hərəkətində sıxlığın və digər problemlərin qarşısının alınması istiqamətində də bir neçə alternativ variant var ki, bunlardan biri də ağacların görüntünü məhdudlaşdıran, işıqforun və digər yol nişanlarının qarşısını kəsən budaqlarının, budaq çətirlərinin budanmasıdır".
Agentlikdən bildirildiyinə görə, belə layihələrə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir: "Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən geniş sahəni əhatə edən yaşıllıqların, qiymətli cinslərdən olan ağacların qorunmasına xüsusi önəm verilir. Bu məqsədlə son iki ildə Bakı şəhəri üzrə bir sıra ünvanlarda yolların genişləndirilməsi və yerüstü piyada keçidlərinin tikintisi ilə əlaqədar hazırlanmış 7 layihə sənədinə - Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq hava Limanı - Mərdəkan dairəsi - Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxılığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Lakin Tbilisi prospekti ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə ərazidə yaşıllıqların sayının çox olması səbəbindən tərəfimizdən müsbət rəy verilməyib. Belə ki, adıçəkilən keçidin layihə planı ərazidəki xüsusən yeganə ağaclıq sahəsinə düşdüyündən inşa yerinin müəyyən qədər kənara - yaşıllıqların az olduğu sahəyə dəyişdirilməsini tövsiyə etmişik. Həmçinin, paytaxtın bəzi ərazilərində yerüstü piyada keçidinin baş planı nəzərdən keçirilib və layihə sənədləri təqdim edildikdən sonra rəy verilməsi məsələsinə baxılacaq".
Bu layihə nə dərəcədə effektli olacaq, ümumiyyətlə, effektli olacaqmı? Bakıda bu günə qədər avtomobil yollarının genişləndirilməsi işləri ya ağacların kəsilməsi, ya da piyadalar üçün yolların qısaldılması hesabına aparılıb. Uzağa getməyək, bu günə qədər bir neçə dəfə Bakı-Sumqayıt yolu genişləndirilib. Ancaq həmin yollarda indi də tıxaclar müşahidə olunur və əvvəlki vəziyyətdən elə də fərqlənmir. Bu mənada şəhərin bir neçə prospekt və küçəsində planlaşdırılan bu layihə həyata keçirilərsə, müsbət təsir verib-verməyəcəyi sual doğurur.
Yaşıllıqların köçürülməsi tıxacların qarşısını alacaqmı?
Nəqliyyat üzrə ekspert Aslan Əsədovun "525"ə bildirdiyinə görə, yol kənarlarında olan ağaclar şəhəri elə də yüksək səviyyədə oksigenlə təmin etmir: "Bakıda hava əsasən dəniz vasitəsilə tənzimlənir. Bakının ətrafı dənizlə əhatəlidir, ona görə də ağacın olub-olmaması o qədər də vacib deyil. Bakı şəhərində yaşıllıqlar demək olar ki, yoxdur. Xüsusən də yol kənarında olan ağaclar az saydadır. İnanmıram ki, oradan köçürüləcək ağaclar şəhəri yüksək səviyyədə oksigenlə təmin edə və yaxud da o ağacın olmaması Bakının havasına mənfi təsir göstərə bilsin. Bu gün Bakının ətrafı və ya daxili küçələrdə hava ancaq dəniz vasitəsilə tənzimlənir. Bakı yarımadadır, şəhərin hər tərəfinə dəniz havası dəyir. Digər tərəfdən, yaşıllıqların köçürülməsi tıxacın azalmasına öz töhfəsini verə bilər. Ona görə də müəyyən dərəcədə tıxaclarla bağlı hansısa addımların atılması vacibdir".
Dünyanın digər meqapolis şəhərlərində tıxac promlemini həll etmək məqsədilə hansı üsullardan istifadə olunur? Bakıda tıxacları minimuma endirmək üçün hansısa beynəlxalq təcrübəni nəzərdən keçirmək mümkündür?
Aslan Əsədov qeyd edir ki, beynəlxalq təcrübəyə görə, avtomobil yolları layihələndirilən zaman çalışılır ki, mümkün qədər sıx meşə sahələrindən, çay kənarlarından yan keçilsin: "Beynəlxalq təcrübəyə əsaslansaq, yaşıllıqlara böyük önəm vermək, mümkün qədər onlara toxunmamaq lazımdır, amma qarşıya qoyulan məqsədə çatmaq, müəyyən addımlar atmaq üçün zərurət yarananda ağacları köçürmək də mümkündür. Amma onun yerində havanı daha tez, daha çox oksigenlə təmin edəcək ağacların salınmasına da ehtiyac var. Əgər bu addım şəhər nəqliyyatına müsbət təsir göstərəcəksə, mən bunu bəyənirəm".
Fərid SANÇAR



