|
|
|
|

Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Hörmətli Anar müəllim yaş artımımla bağlı səmimi sözlər yazıb. Çox minnətdaram. Deyəsən, Mayakovski Lenin haqqında "jivee vsex jivıx" demişdi. Onlarla işim yoxdur, özləri bilərlər. Amma hətta haqqımda bu sözləri yazmasaydı da, deyərdim ki, Anar müəllim mənim nəzərimdə ədəbi fəallıq, ədəbi zövq, ədəbi həssaslıq baxımından bir çox cavanlardan daha cavandır. Öz yaşımın çoxluğuna görə demirəm, doğrusu, o qədər gənc boş başlar görmüşük ki, artıq məşhur "Ağıl yaşda deyil, başdadır" ata sözümüzə də şübhə ilə yanaşmağa başlamışam. Allah hamımızın köməyi olsun.
Azər Həsrət, jurnalist:
- Heyrətləndikmi? Deyil! Azərbaycanı daxildən param-parça etmək istəyən İran uzantılarını siyasi məhbus elan edən Əli Kərimli yenə də sifətini göstərib! Bu gün, Azərbaycan üçün belə bir həssas dönəmdə adam Bakı şəhərinin tam da ortasında mitinqə çağırış edib!
Həmişə belə olub! Özəlliklə də İran və Rusiya üzərimizə gələndə, nə sirdirsə, Əli Kərimlinin AXCP-sinin yadına Azərbaycanda "demokratiya" tələb etmək düşür.
Bir tərəfdə İran açıq şəkildə Azərbaycanı təhdid edir. Əli Kərimlidən buna səs yox. Hələ adam İranın Azərbaycana qarşı yayımda olan "Səhər" kanalının da sevimlisinə çevrilib!
Azərbaycan XİN İran səfirini çağırıb nota verir, Əli Kərimli burdan narahatdır!
Prezident İlham Əliyev Səmərqənddən Güney Azərbaycandakı 40 milyon soydaşımızın haqqını dilə gətirir, Əli Kərimli narahatdır!
Hələ bu adam, Allah qoymasa, Bütöv Azərbaycançıdırmış!
Türk dünyası birləşir! Azərbaycan diqqət mərkəzindədir! Ermənistan özünü daşa-divara vurub bizi gözdən salmaq üçün yollar axtarır! Və Əli Kərimli onlara bu bəhanələri vermək üçün tam da şəhərin mərkəzini seçir! Adamları mitinqə çağırır, üstəlik də, özü gəlmir!
Adam, sən təlimatı Tehrandanmı aldın? Bəlkə İrəvandan, yaxud da Moskvadan? Mümkündür! Yoxsa durub durduğun yerdə bu nə mitinq ehtirasıdır belə?
Etibar Əliyev, millət vəkili:
- İran yaman dəyişib!
Xomeyni Salman Rüşdini "Şeytan ayələri" kitabında İslam dəyərlərini təhqir etdiyinə görə öldürülməsinə fətva vermişdi.
Paşinyan islam dəyərlərini təhqir etdiyinə görə indiki dini rəhbər onunla dostluq və qardaşlıq etmək barədə fətva verib.
Fərid Pərdəşünas, texnobloger:
- Türkiyədə terror hadisəsi baş verib. Hazırda RTÜK televiziyalara yayım qadağası tətbiq edir. Qadağanın səbəbi insanların panikaya düşməsinin qarşısını almaqdır. Əlavə olaraq internetdə bəzi məhdudlaşmaların olduğu bildirilir.
Vüsal Məmmədov, jurnalist:
- 30 il əvvəl bəşəriyyət düşünürdü ki, Süni İntellekt həyatımıza gəlib, dağı-dağı üstünə qoyacaq. Nəhayət, Süni İntellekt gəlib və TikTok-da əndamını əsdirən övrətləri seçib, qabağımıza çıxarmaqla məşğuldur.
lll
- Türkiyə türkcəsindən dilimizə təkcə kəlmələr yox, qrammatik qaydalar da dürtülməyə başlayır ki, bu, xüsusilə anormaldır. Lap tutaq ki, bəziləri yeni kəlmələrin işlədilməsinə "dilimiz zənginləşir" bəhanəsilə haqq qazandırmağa çalışırlar (hərçənd mən bununla razı deyiləm - öz dilindəki mövcud kəlməni bilmədiyin üçün başqa ləhcədə olanı mənimsəmək inkişaf yox, savadsızlıqdır), yaxşı, bəs qrammatikanı şikəst eləmək nə deməkdir? Məsələn, "sənə nifrət edirəm" əvəzinə "səndən nifrət edirəm" demək dilin inkişafıdırmı?
Qətiyyən yox, çünki bizim dildəki variant daha məntiqlidir: yönlük hal nifrətin yönünü (istiqamətini) göstərir: Sənə nifrət edirəm, nifrətimin obyekti sənsən!
Bu, inkişaf deyil. Eynilə, dilimizdə olan söz, ifadə və ibarələri Türkiyə analoqları ilə əvəzləmək də həmçinin; məsələn, "hoqqa çıxarmaq" əvəzinə "hoqqa vermək" demək dilin inkişafı deyil, danışanın debilliyidir!
"Tutaq ki", "tutalım" ifadələrini cümlə konstruksiyasında işlədə bilmədiyin üçün "atıram" demək dilin inkişafı deyil, mütaliəsizlik sindromudur! Tutdunuz?!
...Seriallar, mahnılar, Türkiyədən gələn kitablar... Öz dilimizdə təmiz yazan müəlliflərimizi heç kim oxumur, təmiz, peşəkar danışan aparıcılarımıza heç kim baxmır. Nəticədə mən artıq ictimai yerlərdə eşitdiyim şil-küt azərbaycancadan iyrənməyə başlayıram. Halbuki bu dil 6-7 yaşlarımdan - oxumağı öyrəndiyim vaxtdan əsas və ən böyük sevgilərimdən biridir. Onun zorlanmasına heç vaxt sakit yanaşmayacağam.
Səyyar Rəhimov, sosial şəbəkə istifadəçisi:
- Əziz Nesinin Bakıya səfərindən sonra yazdığı xatirələrdən bir hissə.
"Bakıda bir neçə ay qala bilsəydim, bəlkə bəzi məsələləri daha dərindən incələyərdim, amma o zaman da buraya alışar, sizlərdən biri olar və bir çox diqqətədəyər keyfiyyətləri və gözə batan nöqsanları görməyəcəkdım. Hər insan öz gözünə görə görür. Yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə, bir sosialist yazıçı olaraq gördüm. Gördüklərimin içində məni çox sevindirən şeylər olduğu kimi, üzən şeylər olduğunu gizlətməyəcəm. Ancaq üzücü şeylər mənim içimdə qalacaq. Çünki Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram.
1) Bu qısa zamanda içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə, o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyatçıların olmasına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və fərəh yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına təəccüb etdim.
2) Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birimizi tənqid edirik. Siz, Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi də doğru deyil. Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, diktor onu o qədər çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı. Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik.
3) Biz, Türkiyə türkləri tez-tez və hecaları udaraq danışırıq. Siz, azərbaycanlılar isə çox yavaş və hecaları uzadaraq danışırsınız. Bir insanın ömrü ortalama 60 il olsa, bu 60 ildə bizim danışdıqlarımızın yalnız yarısını azərbaycanlılar danışa bilərlər. Siz bizdən iki kərə çox yaşayırsınız, biz sizdən iki kərə çox danışırıq.
4) Türkiyədə qadın və kişilər arasında bərabərlik haqları yalnız kağız üzərindədir. Azərbaycanda isə qadınla kişi həm kağız üzərində, həm də sosial həyata bərabər haqlara sahibdirlər, amma evin içinə girincə Azərbaycanda da qadın-kişi bərabərliyi bitir. Azərbaycanlı kişisi başqa bir millətdən qızla evləndiyi zaman səsini çıxarmayan ailə, qızlarının başqalarına ərə getmələrinə yaxşı baxmır. Bəlkə yanılıram, amma mən belə gördüm.
Qeyd: Mən psixolojik anlam baxımından nə qızın, nə də kişinin başqa millətdən birisiylə evlənməsinə tərəfdar deyiləm. Hətta bu evlilikdən gözəl və yaxşı nəsillər doğsa belə...
5) Hər ölkədə olduğu kimi, Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında mübarizə gedir. Türkiyədə bu mübarizəni gənc nəsil qazanmışdır. Amma Azərbaycanda gördüm ki, yaşlı nəsil üstün gəlib. Kimliyimə baxılsa, mən gənc deyiləm. Ancaq kimliyim məndən tez qocalıb. Mən gənclərin tərəfindəyəm. İyirmi yaşında bir ürək, otuz yaşında bir beyinə sahibəm. "Dünyanın ən gözəl insanı kimdır?" - deyə məndən soruşsanız, "yetmiş yaşında da gənc qala bilənlərdir" deyərdim. Ancaq gənclərin yolunu kəsən insanları da gördüm. Günah yaşlılarda deyil, yollarını açmasını bilməyən gənclərdədir.
6) Təəssüflər olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycan aydınları da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Mən ümumi olaraq deyirəm, yoxsa çağdaş türk ədəbiyyatını çox yaxşı bilənlər də var. Biz Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacağıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm. Bütün Azərbaycan oxucularına ən səmimi sevgi və sayqılarımı çatdırıram".
Fazil Əhməd, jurnalist:
- "Neftçilər" metrosu tərəfdəyəm. İlahi, son 10 ildə buranı nə günə qoyublar? Bir yırtıq-deşik qalmayıb, hər yer basabasla tikilib.Vaxt vardı buralar, yolların kənarları yaxşı yaşıllıq idi.
İndisə...
Bu qədər əcaib, bu qədər iç-içə tikinti aparmaq olarmı?
Asif Nərimanlı, jurnalist:
- İstanbuldakı partlayışın terror aktı olması ehtimalı üzərində dayanılır, rəsmi açıqlamalar da bu yöndədir. Yekun nəticə hələ açıqlanmır, lakin partlayışın terror olması fonunda iki məqam diqqət çəkir:
- Niyə indi baş verir və hədəfi nədir?
- Türkiyədə davamlı terror aktları nə vaxt səngimişdi?
Sonuncu dəhşətli terror hücumu 2016-cı ilin son günü, 2017-ci ilə keçən gecə baş verən "Reina" aktı idi. Buna qədər Türkiyədə davamlı şəkildə terror hücumları yaşanırdı. "Reina" terrorundan sonra hücumlar səngidi, xüsusilə İstanbul kimi böyük şəhərlərdə.
Bu, Türkiyənin təhlükəsizliyi gücləndirməsindən daha çox geosiyasi proseslərdən qaynaqlanırdı. Xüsusilə "Reina" terrorunun törədildiyi təqvim ABŞ-da demokratların hakimiyyəti təhvil verməsi ərəfəsinə təsadüf etməsi diqqət çəkirdi. Respublikaçıların dövründə Türkiyənin terrorla hədəfə alınması prosesi də səngidi.
Və indi şəhərin mərkəzində yenidən partlayış baş verir. Ki bunun terror aktı olması təsdiq edilərsə, demokratların (buna qlobalçılar da deyə bilərik) dönüşündən sonra olması diqqət çəkir.
Hədəfin indiki məqamda daha çox seçkiyə hazırlaşan Türkiyənin daxili siyasətinə yönəldiyi ehtimalı ön plandadır və (əgər terror hücumudursa) davamlı ola biləcəyi də istisna deyil.



