
Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində “Şuşa Günləri” keçirilib. Tədbir çərçivəsində "Türk dünyasının mədəniyyət paytaxtı" statusu Bursadan Şuşaya təhvil verilib.
Tədbirin ilk günü - dekabrın 8-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi olub.
Mərasimdə çıxış edən Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat "Bursa İli" çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirilməsinin önəmini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər vurğulayıblar ki, ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada keçirilən "Şuşa Günləri" tədbirlərinin açılış mərasimindəki çıxışında bildirib:

"Türk Dünyasının Mədəniyyət Paytaxtı" statusunu layiqincə daşıyan Bursa yaxınlaşmaqda olan növbəti ilin başlanğıcına doğru estafeti Azərbaycan mədəniyyətinin beşiyi Şuşaya təhvil verməkdədir. Bu xüsusda türk xalqlarının çoxəsrlik dəyərlərini öyrənən, qoruyan, dünya miqyasında təbliğ edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "Bursada Şuşa Günləri"nin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təklif Türk ölkələrinin Dövlət başçıları tərəfindən dəstəklənərək, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində qəbul olunan Səmərqənd Bəyannaməsində də öz əksini tapdı. Bu, həm də yeni və gözəl bir ənənənin başlanğıcı da sayıla bilər".
O, keçirilən tədbirlər vasitəsilə Azərbaycanın incisi, Qarabağın baş tacı, Türk Dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin ətrinin Bursada duyulacağını, eləcə də Türk xalqlarının Şuşanı daha geniş miqyasda tanıyacağını nəzərə çatdırıb.
G.Əfəndiyeva Qarabağ xanı Pənahəli xanın 270 illik yadigarı, təbii gözəlliklərin məskəni olan Şuşanın azad edilməsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qazanılan "Müqəddəs Qələbə"nin Zirvəsi adlandırıb.
Günay Əfəndiyeva "Şuşa Günləri" çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək deyib: "Bu il 190 illiyi qeyd olunan Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş, Fond tərəfindən hazırlanmış sənədli filmin və Azərbaycanın muğam triosunun müşayiəti ilə gözəl sənətçimiz Mehriban Zəkinin ifasında ədəbi-musiqili kompozisiyanın, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin "Qarabağnamə" ("Hökmdar və qızı") pyesi və Azərbaycanın Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında Bakı Bələdiyyə Teatrının "Şuşada ürəyim qaldı" tamaşasının, dünyaca məşhur fotoqraf Reza Deqatinin "Azərbaycanın İncisi Şuşa" foto sərgisinin, Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın "Qarabağ Milli Geyim Kolleksiyası"nın nümayişi və digər tədbirlər sayəsində Türk Dünyası Şuşanın zəngin mədəni irsi, eyni zamanda Azərbaycanın tarixi həqiqətləri ilə daha yaxından tanış olacaq".
G.Əfəndiyeva bildirib ki, Fond tərəfindən göstərilən bu təşəbbüsün məqsədi bugün azad olan Şuşanın - Qarabağın tarixi və mədəni irsinin tanıdılması ilə yanaşı, həm də Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi, türk xalqlarının daha da yaxınlaşması, onların həmrəyliyinin gücləndirilməsidir: "İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan "Şuşa Günləri" Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcək.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən “Şuşa Günləri”nin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.
Bursadakı “Şuşa Günləri” çərçivəsində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib.
Tədbirdə, həmçinin, "Şuşanın tək incisi" bədii-sənədli filminin premyerası olub.
Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilib. Ekran əsərində şairə ilə yanaşı, Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri, Prezident İlham Əliyevin fikirləri və Şuşa Bəyannaməsi haqqında məlumat verilir.
Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, quruluşçu rejissoru Zəhra Quliyeva, ssenari müəllifi isə Ülviyyə Heydərovadır.

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.
Bursada Şuşa Günləri çərçivəsində tədbirlər 9 dekabrda da davam etdirilib.







