|
|
|
|

Kamal ADIGÖZƏLOV
Çağdaş dünyada geosiyasi proseslər o dərəcədə mürəkkəbləşib, riskli və ziddiyyətli xarakter alıb ki, proqnozlaşdırma imkanları da azalıb. Hər addımda qeyri-müəyyənlik və təhdidlərə rast gəlmək adi hala çevrilib. Belə bir vəziyyətdə yaranmış situasiyanı adekvat dərk etmək üçün klassik geosiyasi təlimlərlə müasir geosiyasətin müqayisəsinə də baş vurmaq lazım gəlir. Təcrübə göstərir ki, bu üsulla bəzi nəticələr əldə etmək mümkündür. Cənubi Qafqazda hazırda müşahidə edilən mürəkkəb xarakterli geosiyasi proseslərin analizinə həmin mövqedən yanaşmaqla düşündürücü qənaətlər əldə etmək imkanı yaranıb. Burada iştirak edən böyük oyunçuların yeritdikləri xətt, region dövlətlərinin bunlara reaksiyası kimi məsələlər aktuallaşıb. O cümlədən, Azərbaycanın fəaliyyəti böyük maraq doğurur. Biz vurğuladığımız kontekstdə regionda yaranmış vəziyyətin üzərində geniş dayanmağa ehtiyac gördük.
Avrasiya yenidən hədəfdə: böyük oyunçuların təhlükəli gedişləri
Avrasiya məkanı və konkret olaraq Cənubi Qafqaz bir zamanlar Alfred Mehenin geosiyasi anlamda "anakonda" adlandırdığı strategiyanın təzyiqləri altında "sıxılmaqdadır". "Geosiyasi anakonda" böyük bir regiona "sarılaraq" tədricən xeyli öncələr xüsusi hazırlanmış planların həyata keçməsi üçün "Avrasiyanı razı salmağa çalışır". Niyə məhz Avrasiyanın seçilməsinin də tutarlı geosiyasi səbəbləri vardır. Helford Makinder dünyanın hərbi-strateji və geosiyasi olaraq ən vacib məkanının Avrasiya qitəsi olduğunu 100 il əvvəl söyləyib. Bu mənada Avrasiyanı o, "dünyanın ürəyi" adlandırıb. O zamandan "Hartlənd" geosiyasi təlimlərdə geniş istifadə olunur.
H.Makinder və A.Mehenin bu mövqeləri sadəcə tarixi xronologiya statusunda qalmayıb. Əksinə, Qərbin aparıcı geosiyasi dairələri indi də onların bir tezisini həyata keçirməklə məşğuldurlar: "Avrasiyanın böyük dövlətləri olan Rusiya, Çin, Almaniya və Yaponiyanın statusuna korrektələr etmək lazımdır! Bəli, ya aradan tamamilə götürmək (Rusiya və Çin timsalında), ya da "asılı ölkə" (Yaponiya, Almaniya) halına gətirmək!
Qərb geosiyasi nəzəriyyəçiləri və siyasətçilər Avrasiyanı hansı özəlliyinə görə "Hartlənd" adlandırırlar? Bu bağlılıqda H.Makinder Avrasiyanı "gələcək imperiya və müstəmləkə müharibələrinin əsas hədəfi" kimi təqdim edir. Bütövlükdə Avrasiyanın "imperiya və müstəmləkə müharibələrinin əsas məkanı" kimi seçilməsi bu məkanın birbaşa "Yer kürəsinin sonrakı arxitekturasının qurulmasında" roluna bağlıdır.
Buradan XXI əsr üçün də aktuallığını itirməyən maraqlı geosiyasi nəticə çıxır - Qərb siyasi dairələri əsrlərdir ki, öz strateq və nəzəriyyəçilərinin müəyyən etdiyi kursa uyğun olaraq, Qərbin Yer kürəsinin gələcək geosiyasi, iqtisadi, siyasi, mədəni və mənəvi-əxlaqi arxitekturasının qurulmasındakı rolunu, həmin məkanın "imperiya və müstəmləkə müharibələrinin meydanı" olmasında görürlər. Hansı səbəblərdən?
H.Makinder bunu belə əsaslandırırdı ki, Avrasiya bərəkətli torpaqları, taxılı, pambığı, meyvə-tərəvəzi və özəl suvarma sistemi ilə tanınır. Bura həm də zəngin enerji resursları, neft, qaz və qiymətli metallara malik məkandır. Avrasiyanın malik olduğu transmilli nəqliyyat-kommunikasiya imkanları, avtomobil və dəmir yolları, neft və qaz kəmərləri dünya miqyasında iqtisadi-ticarət əlaqələrinin inkişafına güclü təkan verə bilər. Buna görədir ki, güclü dəniz və quru ölkələri arasında mübarizədə Avrasiya (orta məkan) "tarixin coğrafi oxu" (H.Makinder) kimi qəbul edilib. Bütün bunları nəzərə alaraq H.Makinder yazırdı: "Hartlənd"ə sahib olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya sahib olanlar isə bütün dünyaya sahib olacaq.
Dünyanın böyük dəniz və quru güclərinin son 400 illik təcrübəsi göstərir ki, H.Makinderin proqnozları özünü doğruldur. Və XXI əsrin ilk üç onilliyində bu aspektdə vəziyyət dəyişməyib. Xüsusilə hazırda Avrasiya məkanında və ayrıca Cənubi Qafqazda müşahidə etdiyimiz proseslərin məntiqi yuxarıda gətirdiyimiz Qərb klassik geosiyasət nəzəriyyəçilərinin fikirlərini bir daha təsdiq edir. Hətta XX əsrin sonları və XXI əsrdə Zbiqnev Bjezinski, Henri Kissincer, Samuel Hantinqtonun məsələ ilə bağlı analizləri də eyni qənaəti təsdiq edir. Onların hər biri, bir tərəfdən, Avrasiyanın, o cümlədən, Cənubi Qafqazın müxtəlif kontekstlərdə geosiyasi-strateji əhəmiyyətini vurğulayır, digər tərəfdən isə, burada Qərbin əsas rəqibinin Rusiya olduğunu yazırlar. Belə çıxır ki, biz XXI əsrdə belə Cənubi Qafqazda baş verən geosiyasi proseslərə yuxarıda qeyd etdiyimiz tezislərin işığında baxmalıyıq ki, əsl mahiyyəti anlaya bilək.
Bu, hazırda geosiyasi aspektdə olduqca əhəmiyyətli məsələyə çevrilib. Çünki Cənubi Qafqazda əvvəllər müşahidə edilməyən miqyas, intensivlik, zənginlik və mürəkkəbliklə cərəyan edən geosiyasi proseslər yeni səviyyəyə yüksəlib. Müşahidələr göstərir ki, hazırda böyük geosiyasi oyunçular regionda "çoxkombinasiyalı mürəkkəb gedişlər" edirlər ki, onların arxasında dayanan məqsədləri anlamaq heç də asan deyil. Bəzən real görüntülərlə proseslərin məntiqi arasında uyğunluq tapmaq da çətinləşir. Lakin bütün hallarda Cənubi Qafqazda hansı proseslərin baş verdiyinə və bunun Azərbaycana ola biləcək mümkün təsirlərinə dair suallara yuxarıda vurğuladığımız ümumi geosiyasi qiymətləndirmələr prizmasından cavab axtarmaq lazımdır.
Maraqlar toqquşur: xaosdan nizama necə keçməli?
Maraqlıdır ki, regionda geosiyasi aspektdə Qərblə Rusiya çox fəaldırlar və Avropa İttifaqının atdığı addımlar da ekspertlərin diqqətindən yayınmır. Bu kontekstdə Rusiya sülhməramlılarının son davranışları, ABŞ-ın yüksək səviyyəli rəsmisinin regiona səfəri və Aİ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yeni maraqlı təkliflə çıxış etməsi bir-biri ilə əlaqəli görünür. Bunların fonunda Azərbaycan və Ermənistan rəsmi dairələrinin sülh prosesi kontekstində öz mövqelərini bir daha bəyan etmələri normal təsir bağışlayır.
Yaranmış vəziyyətə vurğuladığımız reallıq müstəvisində nəzər salmaq, proseslərin qısa təhlilini vermək istərdik. Rusiya siyasi-diplomatik və hərbi fəallığını daha da artırıb. Ekspertlər üçün daha maraqlı olanı isə Prezident Vladimir Putinin tez-tez Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməsidir. Moskva niyə belə aşırı yüksək fəallıq nümayiş etdirir?
Baş verənləri bu cür fəallığın fonunda müqayisə etdikdə, bir sıra məqamları görə bilirik. Hər şeydən öncə aydın olur ki, Kreml Cənubi Qafqazda malik olduğu geosiyasi və siyasi dominantlığı qoruyub saxlamağa və yerini kimsəyə verməməyə cəhd edir, bunun üçün Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrindən istifadə etməyə çalışır. Burada isə müəyyən ziddiyyətlər özünü göstərir. Məsələn, son zamanlar sülhməramlıların obyektiv davranmadığı haqqında informasiyalar artır.
Misal kimi Rusiya sülhməramlılarının Azərbaycanın monitorinq qrupunun üzvlərinin Qarabağda qanunsuz fəaliyyət göstərən mədənlərə baş çəkmələrinə imkan verməməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqlar, fəallar, könüllülər və media mənsubları Şuşa-Xankəndi yolunda etiraz aksiyası təşkil ediblər və Rusiya sülhməramlı kontingentinin komandanı general A.Volkovun oraya gəlməsini tələb ediblər. Hadisə yerindən yayılan informasiyalara görə, azərbaycanlı etiraz qrupu məqsədində ciddidir və problemi həll etməmiş oradan aralanmaq fikrində deyil. Buna qarşı kimsənin hüquqi etirazı ola bilməz, çünki hadisələr Rusiyanın da tanıdığı Azərbaycan ərazisində baş verir.
Buradan bir sıra ekspertlər maraqlı nəticə çıxarırlar. Onlar deyirlər ki, sülhməramlıların bu addımı, faktiki olaraq, Kremli Bakı qarşısında çətin vəziyyətdə qoyur. Ona görə ki, sülhməramlılar Kremlin tanıdığı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmirlər ki, bu da siyasi-diplomatik insidentə səbəb ola bilər. Eyni zamanda, Kremlin bütün bunlarda hansı məqsədi güddüyü ilə bağlı proqnozlar meydana gəlir.
Belə hiss olunur ki, indi Qarabağda baş verənlər Rusiyanın "böyük oyun"unun bir fraqmentidir. Daha konkret desək, söhbət Moskvanın Ukrayna, Suriya və Qafqaz istiqamətlərini vahid geosiyasi məntiq çərçivəsində necə görmək istədiyindən gedir. Belə ki, Ukraynanın bir sıra bölgələrini nəzarətdə saxlamaqla Rusiya həmin istiqamətdən Avropanı və konkret olaraq, Türkiyəni nəzarətdə saxlamağa çalışır. Bu siyasətini o, Suriyada da davam etdirir. Məlumdur ki, Rusiya Suriyanın şimal bölgələrini uçuşa yasaq məkan elan edib və faktiki baxımdan oranı havadan və qurudan nəzarətdə saxlayır. Qafqazlarda isə Ermənistan forpostudur və Qarabağa əlavə hərbi qüvvələr yerləşdirsə, şimal istiqamətindən Türkiyəyə nəzarət əldə bilər. İranın isə çoxdan Rusiyanın geosiyasi maraqlarına oynadığı məlumdur.
Bunlardan belə qənaət əldə edilir ki, Rusiya bir qədər yeniləşmiş formada "Üçüncü Roma" iddiasını davam etdirir - o, Bosfora nəzarət etməyə çalışır. Lakin əvvəlki dövrlərdən fərqli olaraq, Moskva Türkiyə və Azərbaycanı tam öz təsiri altına almağa deyil, onun yanında yer almasına cəhd göstərir. Yəni geosiyasi, iqtisadi, siyasi, hərbi-geostrateji aspektlərdə Türkiyə və Azərbaycan Rusiyanın dominantlığını qəbul etməli və buna uyğun siyasət aparmalıdırlar.
Ancaq reallıqda proseslər Ankara və Bakının müstəqil siyasət yeritdiklərini göstərir. Türkiyə Ukrayna istiqamətində çox fəaldır və konkret olaraq, Qara dənizdə söz sahibidir. Suriya istiqamətində əks-həmlələri davam edir. Rusiya ilə quru əməliyyatları aparmağı müzakirə edir və şərtini konkret qoyub: terrorçular Suriyanın daxilinə doğru 30 kilometr çəkilməlidirlər. Əks halda, hərbi əməliyyat başlayacaq. Bu o deməkdir ki, Türkiyə Suriya istiqamətində də Kremlin üstünlüyünü qəbul etmir.
Nəhayət, daha maraqlı və gərgin durum Qafqaz-Mərkəzi Asiya istiqamətində müşahidə edilir. Bu istiqamətdə Ankaranın nüfuzu yüksələn xətlə davam edir. Türkiyə-Azərbaycan tandemi getdikcə daha böyük geosiyasi məkanda həlledici söz sahibinə çevrilir. Onlar Mərkəzi Asiya yönündə bunu Türk Dövlətləri Təşkilatını inkişaf etdirmək yolu ilə həyata keçirirlər. Bu məqam 100 il öncə H.Makinder və A.Mehenin Avrasiyada görə bilmədikləri faktoru gündəmə gətirir. Biz, türk dövlətlərinin rolunun artacağı ilə bağlı proqnozların olmamasını nəzərdə tuturuq. Yəni Qərbin dərin düşünən strateqləri belə "zaman gələcək Avrasiyanın geosiyasi arxitekturasında başlıca rolu oynaya biləcək güc Türk dövlətləri, ilk növbədə, Türkiyə və Azərbaycan olacaq" həqiqətini dərk edə bilməyiblər.
Yeni və ədalətli güc: Türkiyə-Azərbaycan tandemi təşəbbüsü ələ alır
Hələlik isə Ankara və Bakı Mərkəzi Asiyaya ciddi surətdə nüfuz edərək orada Rusiya faktorunu arxa plana atırlar. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin aktivliyini ayrıca qürur hissi ilə vurğulamaq istərdik. Faktlara müraciət edək.
Birincisi, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə görüşündə İlham Əliyev türk birliyinin geosiyasi, siyasi və iqtisadi inkişaf xətti ilə yanaşı, mənəvi-ideoloji fəaliyyətinin də əsas çərçivəsini müəyyən edən fikirlər irəli sürdü. Yəni türk dövlətləri dünya miqyasında haqq və hüquq uğrunda koordinasiyalı fəaliyyət göstərəcəklər. Bu, başqa heç bir regional təşkilatın öz qarşısına qoymadığı strateji hədəfdir.
İkincisi, Rusiya, Ukrayna məsələsinə görə, Avropa istiqamətində enerji sahəsində iflasa uğrayandan sonra üzünü Qafqaza və Mərkəzi Asiyaya tutmağa başladı. Burada da enerji resurslarının sahibləri türk dövlətləridir. Türkiyə enerjidaşıyıcılarının əsas "paylayıcı mərkəzi" (habı) rolunu oynayır, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri isə enerjidaşıyıcılarının istehsalçılarıdırlar.
Hiss olundu ki, Moskva türk dövlətləri üzərində dominantlığı saxlamaq şərti ilə onlarla enerji sahəsində əlaqələri yeni səviyyədə sistemləşdirməyə və strateji əhəmiyyəti olan məsələləri "nizama salmağa" çalışır. Bunun üçün Vladimir Putin telefon zəngləri etməklə, xüsusi nümayəndələr göndərməklə Qazaxıstan və Özbəkistana əməkdaşlıq təklifləri göndərdi. Lakin Daşkənd müstəqil enerji siyasəti yeridəcəyini qəti şəkildə bildirdi. Bununla Kremlə mesaj verildi ki, Mərkəzi Asiya Rusiya ilə bütün sahələrdə əməkdaşlığa hazırdır, lakin bərabərhüquqlu tərəfdaş kimi.
Ekspertlər bunların fonunda Türkiyə və Azərbaycan Prezidentlərinin Türkmənistana gözlənilən səfərinə rəmzi məna verirlər. Onlar Mərkəzi Asiya türk dövlətlərinin məhz Türkiyə və Azərbaycanla fəaliyyətlərini uyğunlaşdırmaq xəttini seçəcəklərini proqnozlaşdırırlar.
Deməli, Türkiyə Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də əks-həmlələrlə özünün dünyada söz sahibi olmaq niyyətinin çox ciddi olduğunu təsdiq etməkdədir. Bizim üçün çox əhəmiyyətlidir ki, həmin məqsədə çatmaqda Ankara Bakı ilə birgə addımlar atır. Bu isə o deməkdir ki, Türkiyə-Azərbaycan tandemi XXI əsrdə Avrasiyada aparıcı geosiyasi güc ("tarixin coğrafi oxu" funksiyası) olmaq istiqamətində işləyirlər.
Bunların fonunda H.Makinder və A.Mehenin Avrasiya, Z.Bjezinski, H.Kissincer, S.Hantinqton, C.Fridman və digərlərinin Avrasiya, Cənubi Qafqaz, Azərbaycan, Mərkəzi Asiya haqqında fikirləri kontekstində Qərbin geosiyasi planlarına nəzər salaq.
Bir müddət əvvəl ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsi Cənubi Qafqaza səfər edərək Gürcüstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında əsas vasitəçi rolu oynamasını istədiklərini bəyan etdi. O, Azərbaycan və Ermənistanda da bu fikri ifadə etdi. Bakı və İrəvan bu təklifə etiraz etmədilər, Tbilisi isə bundan məmnunluğunu gizlətmədi. Ancaq aradan çox keçmədi ki, Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini regiona göndərdi. Brüsselin təmsilçisi isə Türkiyənin vasitəçi olması təklifini irəli sürdü. O, Ankarada da təmaslarda bulundu. Ekspertlər bu iki informasiyanı geosiyasi aspektdə müqayisə edirlər: ABŞ və Aİ-nin regionda geosiyasi-strateji məqsədləri arasında uçurummu yaranıb? Amerika Gürcüstana stavka edir, Avropa isə Cənubi Qafqazda Qərbin əsas rəqibinə çevrilmiş Türkiyəyə üstünlük verir?
Bəli, ekspertlər üçün çox maraqlıdır. Avropa artıq okeanın o tayına "boyun əymək" istəmir. Təsadüfi deyil ki, Fransa Prezidenti Avropanın müstəqil davranmalı olduğunu bəyan edib. London isə çoxdandır ki, müstəqil xətt tutub. İndi Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinə münasibətdə onlar arasında fərqli mövqe özünü göstərir. Avropa İttifaqının Türkiyəni seçməsi daha perspektivli təsir bağışlayır. Çünki Gürcüstanla Türkiyənin beynəlxalq sanbalını və gücünü müqayisə belə etmək mümkün deyildir. Gürcüstanın Türkiyə qarşısında heç bir şansı yoxdur. Rusiya kimi güclü dövlət də Türkiyə ilə rəqabətin bir səviyyəsini özünə rəva bilər. Hətta Moskva üçün də Ankara ən yaxşı variantdır. İrana gəldikdə, bu ölkə, necə deyərlər, "öz başının hayındadır" və regionda Türkiyə ilə vasitəçilik yarışına girişə bilməz.
Qalır Ermənistan. Son zamanlar Türkiyə və Ermənistan daha çox təmasda olurlar. Onlar bir-biri ilə münasibətlərin normallaşmasında maraqlıdırlar. Bu baxımdan Nikol Paşinyanın Ermənistan parlamentində Türkiyə və Azərbaycanla əməkdaşlıqdan başqa yol olmadığını, bu ölkələrə qarşı qərəzli mövqedən əl çəkməyin vaxtı çatdığını, ümumiyyətlə, "türk" sözünü "düşmən" sözü kimi başa düşməyin faydasızlığını deməsi, bir çox mətləblərdən xəbər verir. Belə görünür ki, ermənilərdə tədricən əsrlərdir beyinlərinə yeridilmiş "türk düşməndir" xəstəliyindən qurtulmaq istəyənlərin sayı artır.
Deməli, region uğrunda Rusiya-Türkiyə mübarizəsi ən azından Rusiyanın şansının daha çox olması nəticəsini çıxarmağa əsas vermir. Hətta bir sıra məqamlarda Ankara daha uğurlu görünür. Bunların fonunda ABŞ və Avropa İttifaqı da öz oyununa start verib. ABŞ Avropa da daxil olmaqla bütün qüvvələrə rəhbərlik etmək fikrində qalır (Bununla əlaqədar H.Makinderin yuxarıda qeyd etdiyimiz fikrini bir daha xatırlamaq yerinə düşərdi: "Hartlənd"ə sahib olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya sahib olanlar isə bütün dünyaya sahib olacaq). Avropa isə həm "Hartlənd"ə, həm də Avropaya özünün sahib olması niyyətindədir. Bu strateji məqamda Vaşinqtonla Brüsselin ziddiyyəti qaçılmazdır. Əslində, belə bir ziddiyyət Parislə Vaşinqton arasında çoxdandır ki, mövcuddur. Berlin isə "özünün yox edilməsi"nə çalışanlarla münasibətlərin perspektivini necə gördüyü haqqında hələlik susur.
Beləliklə, hazırda Cənubi Qafqazda kifayət qədər mürəkkəb geosiyasi dinamika və hələlik tam mənzərəsi konkretləşməmiş geosiyasi konfiqurasiya formalaşıb. Bu mərhələdə də Azərbaycan proseslərin mərkəzindədir. Lakin öncəki dönəmlərdən fərqli olaraq, rəsmi Bakı son dərəcə fəaldır. İndi regionun geosiyasi taleyi məhz Azərbaycanın atacağı addımlardan çox asılıdır. Burada Türkiyə ilə Azərbaycanın birgə fəaliyyət göstərdiklərini mütləq vurğulamaq lazımdır.
Bu tezisin məntiqi prizmasından hazırda Qarabağın rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində baş verənlərə nəzər salsaq, Ermənistanın proseslərə hər hansı real müdaxilə şansının olmadığını görürük. Bu baxımdan rəsmi İrəvanın Qarabağda rus sülhməramlılarının fəaliyyət zonasından erməni separatçılara məxsus hərbi texnikanı çıxarmağa meyllənməsi təsadüfi deyildir. Bu, əslində, həmin ərazidə ermənilərin Azərbaycan vətəndaşları kimi yaşamalarına aparan yollardan biridir. Ermənistan bu yoldan sapmasa, regiona sülh, barış və əməkdaşlıq gələ bilər.
İran isə özünü çox pis duruma salıb. İran Qərbə çoxdandır ki, gərək deyildir. Tehran atdığı yanlış addımları ilə özünü Rusiyanın təsiri altına salıb və indi onun üçün də region uğrunda "böyük geosiyasi oyun"larda iştirak etmək faydalı deyildir. İran Azərbaycana qarşı yanlış mövqe tutduğundan Bakı da onu qəbul etmir. Türkiyə istiqamətində İran qısqanclıq və qeyri-dost münasibət göstərdiyinə görə Ankaraya lazım deyildir. Və Tehran üçün daha ağrılı olanı: İran heç Ermənistana da lazım deyildir! Onun harada konsulluq açması və ya harada açmamasının real geosiyasi və siyasi-diplomatik təsiri yoxdur!
Bütün bunlardan mühüm ümumi geosiyasi nəticə çıxara bilərik. Azərbaycanın Zəfər savaşından sonra regional miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi əməkdaşlıq proqramları öz bəhrələrini verir. Cənubi Qafqaz tədricən sabitləşir. Zəngəzur dəhlizi də daxil olmaqla, kommunikasiyaların fəaliyyətə başlayacağı gün yaxınlaşır. Obrazlı desək, Azərbaycanın Zəfər Yolu davam edir! Odlar diyarı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya Günəş kimi doğur!



