|
|
|
|

Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat katibi Yuri İqnat Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə 60-dan çox raketlə hücumlar təşkil etdiyini açıqlayıb.
525.az xəbər verir ki, İqnat Rusiya qüvvələrinin Xəzər dənizi və Qara dənizdən raketlər atdığını bəyan edib. Mətbuat katibi İqnat səhər saatlarından etibarən Ukrayna torpaqlarına 60-dan çox raketin düşdüyünü bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının nümayəndəsi Mixail Şamanov Rusiya ordusunun paytaxt Kiyev və ətrafına atdığı 40 raketdən 37-nin havada məhv edildiyini açıqlayıb.
Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Kiyevdən kənarda Xarkov, Xerson, Kriviy Rox şəhərləri və ətraf yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində dinc sakinlər həyatını itirib və yaralanıb. Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Kiyevdə içməli su və elektrik enerjisi kəsilib. Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko səhər tezdən verdiyi açıqlamada şəhərin Desyanskiy, Dniprovskiy və Qoloseyevski rayonlarında partlayışlar olduğunu bildirib.
Malik Atilay



