
ABŞ-da seçkilər yaxınlaşdıqca siyasi mübarizə şiddətlənir.
525.az xəbər verir ki, amerikalı politoloq Rafael Orduxanyanın sözlərinə görə ABŞ-da daxili siyasi münaqişələr 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının perspektivli namizədi Ron DeSantisin yolunu açır. Araşdırmaların nəticələrinə görə, yanvarın 6-da Kapitoliyə hücumda təqsirli bilinən ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdən uzaqlaşdırılması ilə üstünlük DeSantisin əlinə keçə bilər.
Orduxanyan 6 yanvar komitəsinin araşdırmasını və Trampın seçkidən kənarlaşdırılması tövsiyəsini daxili siyasi mübarizənin tərkib hissəsi adlandırıb. Eyni zamanda mütəxəssis Trampın dövlət başçısı postu uğrunda sona qədər mübarizə aparacağına əminliyini ifadə edib.
"Bu hesabatın nəticələri məsləhət xarakterli olsa da, iddialar kifayət qədər ciddidir və görünür, bu, Trampın gələcək siyasi karyerasına müəyyən dərəcədə son qoyur", - deyə o bildirib.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının xüsusi komitəsi 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu ilə bağlı aparılan təhqiqatın nəticələrinə dair yekun hesabatı dərc edib və orada baş verənlərə görə ABŞ-ın eks-prezidenti Donald Trampın tam məsuliyyət daşıdığı bildirilib. Amerika mətbuatının yazdığına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası təhqiqatın nəticələrinə yekun vuraraq Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyini qadağan etməyi tövsiyə edib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu, ölkə tarixində ABŞ-ın 47-ci prezidentinin seçilə biləcəyi 60-cı prezident seçkiləri olacaq.
Havar Şəfiyeva



