Bu günlərdə qardaş Türkiyədə baş vermiş təbiətin ən amansız faciəsi - dəhşətli zəlzələ, bütün soydaşlarım kimi, məni də sarsıtdı. Bu təbii fəlakət nə qədər sarsıdıcı və amansız olsa da, həm də türkün böyüklüyünü, əzəmətini bir daha göstərdi. Dünya bir daha gördü ki, Türkiyə adlanan şanlı məmləkət hər sınağa, hər fəlakətə dözən, davam gətirən və sınmayan ölkədir.
İllər öncə oxşar duyğularla yazdığım, zamanında mətbuatda və kitablarımda yayımlanan və mənə elə gəlir ki, bu gün də gərəkliliyini itirməyən "Türkə ağı demək olmaz" şeirimi, türkiyəli qardaşlarımıza bir mənəvi dəstək olaraq, yenidən dərc etdirmək qərarına gəldim. Allah bu ağır günlərdə türk millətinin yar və yardımçısı olsun!
TÜRKƏ AĞI DEMƏK OLMAZ
17 avqust 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələnin törətdiyi ağır faciəyə ağılar yazılmışdı...
Türkə ağı demək olmaz,
Türk Tanrının törəsidir.
Quru daş da bilir ki, o,
Yer üzünün haqq səsidir.
Minillərin tarixini
Bir arayın varaq-varaq,
Görün, hansı sorununu
Türk həll edib ağlayaraq?!
Türk yaranan gündən bəri
Tanrı çəkir sınağına.
Qoca Türk baş əyərmi heç
Bir zəlzələ qınağına?!
Türkə ağı demək olmaz
Lap ölüm ayağında da.
Türkə türkü oxuyublar
Ən dözülməz çağında da...
Haqdan gələn bəlanı da
Haqdan gələn sevgi bilib.
Onunçun də ulu Türküm
Haqq dərgahına yüksəlib.
Yaxşı bilir türk oğlu türk
Öz soyunun nişanəsin.
Qoy yazılsın yaddaşına
Qələm tutan hər bir kəsin:
- Türkə ağı demək olmaz!
Türk Tanrının törəsidir!
Qınına sığmayan qılınc
Ünlü döyüş nəğməsidir.
02.10.1999