|
|
|
|
Bütöv, tam, vahid – bunlar birlik, mükəmməllik, özgüvən ifadə edən sözlərdi. Çünki yarımçıq deyil, pərakəndə deyil, mahiyyət, məna anlamı var. İnsanlar dünyaya gələn andan öz yarılarını, ruh əkizlərini axtarıblar. Tapanlara bir ömürlük səadət, tapmayanlara isə gözü yolda, ümidlə gözləməkdən başqa heç bir şey qalmayıb – əgər belə demək mümkünsə.
Bütövlükdən söz açmağıma səbəb “Kərküklülər-təklənmiş türklər” kitabındakı əsas ana xəttin məhz buna həsr olunmasıdır. Amma burda müəllif Eluca Atalının qismən fərqli yanaşmasına şahid oluruq. Daha geniş anlamda – Vətən anlamında, millət anlamında. O, ikiyə bölüşdürülmüş Azərbaycanın bütövlüyündən, işğalçı Rusiya və İranın tamahları və siyasi oyunları ucbatından param-parça olunmuş Azərbaycanın vahidliyindən bəhs edir. Bir xalqın, bir millətin ikiləşməsi və ortada yaranan ayrılıq xiffəti. Əslində bu ayrılıq nisgili, birləşmə həsrəti Elucanın yaradıcılığının ana xəttini təşkil edir. Elucanın əsərlərində ayrılıq, bölünmə nisgili ağlarcasına, ümidsizcəsinə, sızıltıyla, yazıqlıqla müşayiət olunmur. Burada dərdimiz üsyankarcasına, qətiyyətlə təsvir edilir. Yazıçı ikiyə bölünmüş millətimizin, torpaqlarımızın göz yaşlarıyla, dizimizi qucaqlayaraq fikir-xəyal etməklə birləşməyəcəyindən əmindir və buna görə də qurtuluş yolunu mücadilədə – xalqın azadlığı uğrunda mübarizə apara biləcək gəncliyin, milli fəalların yetişməsində, milli ruhun oyanmasında görür, bir gün azad yaşamağın yüz il buyunduruqda olmaqdan daha üstünlüyünü beyinlərə təlqin etməkdən usanmır, qələmini çox vaxt bu müqəddəs missiya üçün işlədir.
Eluca Atalının “Kərküklülər-təklənmiş türklər” kitabı üç bölümdən – müsahibələr, məqalələr və ədəbi esselərdən ibarətdir. Birinci bölümdə müəllifin müxtəlif mətbu orqanların təmsilçilərinə verdiyi 23 müsahibə cəmlənib. Və bu müsahibələrin əksəriyyəti siyasi mövzudadır. “Qürbət və Vətən anlayışı”, “Siyasət məhəbbət tanımır, mənfəət tanıyır”, “Bir olmaq zərurəti”, “Diasporun işi birmənalı şəkildə Azərbaycana və azərbaycançılığa xidmət etməkdir”, “Nə diasporamız, nə də əcnəbi ölkələrdə olan səfirliklərimiz Azərbaycanı tanıtma yolunda elə bir ciddi iş görmürlər” və sair bu səpkili müsahibələrində onun vətənimizi dünya miqyasında tanıtma yönümündə görülən işlərdən narazılığını, bundan doğan nigarançılığını, vətənimizi xarici ölkələrdə təmsil edən məsul şəxslərin vəzifələrinin öhdəsindən gələ bilməmələrini, məsuliyyət hissindən uzaq olmalarını inandırıcı faktlarla göstərə bilmişdir.
Onun yaradıcılığında qırmızı xətt kimi keçən o taylı bu taylı Azərbaycan dərdi, ikiyə parçalanmış Vətən nisgili əlinə qələm aldığı andan bu günümüzədək davam edir və etməkdədir. “8 milyon insana Səhəri yayan İran, 40 milyonu düşünüb telestudiya açmalıdır!”, “Fars demokratlarının balaca siyasi ağılları İranı bir ölkə kimi parçalayacaq”, “Güneydə özümüzdən başqa kənar bir qüvvəyə bel bağlasaq, uçuruma yuvarlanarıq”, “Biz inqilab etməkdə ad-san çıxarmış Türklərik!” və başqa yazılarında xalqımızı ikiyə parçalayan şovinist Rusiya və molla rejimli İranın millətimizin başına gətirilən fəlakətlərin baiskarları olduğu və bu düşmənçilik niyyətlərindən günü bu gün də əl çəkməmələri real faktlarla göstərilir. Azərbaycanın cənub hissəsindəki soydaşlarımızın fars rejiminin məngənəsində sıxılması, hüquqlarının hər addımda tapdanması, haqq səslərinin batırılması, milli fəalların həbsxanalarda min cür işgəncəyə məruz qalması və s. bu kimi qəlbimizi ağrıdan, qürurumuzu yerlə bir edən faktlara onun yazılarında tez-tez rast gəlirik.
Məqalələri isə ikinci bölümdə toplanıb. Güney Azərbaycan mövzusu bu məqalələrin də əsas süjet xəttini təşkil edir. “Türk qılıncı qında paslanmaz”, “Kərküklülər – təklənmiş Türklər”, “İran fars rejiminin Quzey Azərbaycana “sahib” olma yuxusu”, “Bizim gördüyümüz iki, amma tanıdığımız bir Azərbaycan var!”, “Təbrizdə keçirilən Qarabağ konfransı İranın cinayətlərinə bəraət qazandırmaqdır”, “İran adlı məmləkətdə Güney Azərbaycan gənclərinin böyrəyi hərraca qoyulub”, “Güney Azərbaycan qadını bu gün”, “Azərbaycan qadınını geridə saxlayan amillər”, “Tarixə fəhmin gözü ilə baxsan Babəklə fəxr edərsən” və sair bu səpkili yazıların hər sətri, hər sözü vahid Azərbaycan ideyası, bu ideyanın həyata keçirilməsindən ötrü görülməsi vacib olan işlərdən bəhs edir.
Kitaba adını qoyduğu “Kərküklülər – təklənmiş Türklər” məqaləsi əslində Şəmsəddin Kuzəçinin “Kərkük soyqırımı” kitabına yazdığı resenziyadır. Və bu həcmcə çox da böyük olmayan məqalənin hər sətrində üsyankar bir hava var, mübarizliyə, birliyə, var olmağa çağırış var. Məqalədən bəzi hissələri nəzərə çatdırmaq istəyirəm: “Kərkükün bu günündə yaşamaq və onun yaşaması üçün nə isə etmək özü fədakarlıqdır... Bu gün açıq şəkıldə Kərkük fəlakəti var... Hansı türk fikirləşir ki, Qarabağ problemi Azərbaycan üçündür, o, köklü şəkildə səhv düşünür. Azərbaycanlılar Qarabağda tək erməni ilə döyüşmədilər. Bütün dünya bizə qarşı oldu... Bu gün türkün Güney Azərbaycan problemi var – hansı ki, bölünməsi ilə Qarabağ işğalı başlanmışdır. Bütövləşməsi ilə də bu ləyaqətsiz əsarətdən qurtaracağıq... Bu gün ruslaşmış Orta Asiya, kimliyindən ayrılmış, yaddaşını unutmağa vadar edilmiş Sibir, Altay türkləri var...”. Var” – deməklə inamımıza söykənirik. Əslində “var olmaq”! özünə hakim olmaq deməkdir. Hər halda millətin öz dilində danışa bilməməsi, doğma dilin kəlmələrini anlamaması varlıqdan nişan vermir. Nə qədər söyləsək də oyanış var, psixikamızda olan manqurtlaşma fəlakətindən yaxa qurtara bilmirik.
Müasir türklərin bir fəlakəti də iki türk aydınının bir-biri ilə ortaq dil olaraq rus dilində danışmasıdır.
“Azərbaycan, Qırğız, Türkmən, Qazax hamısı bir boydandır” – məşhur mahnının sözlərində olduğu kimi.
Bugünki türklərin təəssüf ki, sayı görünür, boyu, birliyi yox.
Türk fəlakətinin bir ucu da türkün fitrətindən doğur-o, biclik bilmir. Siyasi dünya biclərin meydanıdır. Orda birsifətliyə yer yoxdur. Türksə tarixən, bünövrədən birsifətli olub.
Tariximizi bilirik və bildiyimizi sabahımıza tətbiq etməliyik. Fəlakətli bu gün üzərində sabah qura bilmərik... Türk sabahını qurmalıdır – ümumtürk birliyi əsasında...Nə Qərbin yaratdığı Avropa birlikləri, nə də Şərqin birlik arzusu ilə yaratdığı İslam Ölkələri Birlikləri türkə gün ağlamadı.
Türkün yeri Şərqdir, amma müasir dünyanın Şərq guşəsində də təəssüf ki, türk təkdir. Hər-halda türkün qorxusundan tikilmiş Çin səddini müasir çinlilər nəinki unudub, əksinə gözdağı kimi qoruyub saxlayıblar və hələ də qoruyacaqlar.
Mən türkü Şərqə, nə də Şərqi türkə düşmən cildində təqdim etmək fikrində deyiləm. Sadəcə bütün dünyanın bir havaya—Amerikan havasına oynadığını dərk etmək lazımdır... Türk hansı “birliklərə” girsə də, orda öz yalqızlığını görəcək. Buna birinci və əsas səbəb dünyanın türk qılıncının qüdrətini unuda bilməməsidir.
Biz türklər psixoloji baxımdan heç kəsin yaddaşına zor edib nə keçmişini silə bilərik, nə də onu unut əmri verə bilərik. Nə də keçmişimiz əks olunmuş tarix kitablarını səhifə – səhifə vərəqləyib şan-şöhrət axtara bilmərik. Düzdür, tarixini bilmək insana qürur verir. Amma unutmayaq ki, türk bu qələbələri qılıncla qazanmışdır. Əsl kişilik meydanı olan üzbəsurət döyüşdə. Türk o zaman məğlub olmağa başladı ki odlu silah çıxdı. Çünki, odlu silah üzbəsurət döyüş tələb etmirdi. Gücsüzün güclünü, zəlilin igidi öldürməyə qadir olduğu halda meydan gərək olmadı. Türksə fitrətən meydanı sevib.
Müasir kərküklülər açıq döyüş meydanındadırlar... Müasir kərküklülər dünyada təklənmiş tüklərin, Şərqdə şərqlilər əlində əzilməsinin bariz nümunələridir.
Türkün türkə sevgisi bütöv olanda Türk Birliyi yaranacaq.
Düşmənə nifrətimiz bütöv olmalıdır!
Türk öz iradəsini ortaya qoymalıdır!”
Kitabın 3-cü bölümü isə “Ədəbiesseler” adlanır. Burada toplanmış 7 essenin yalnız başlıqlarına nəzər salsaq görərik ki, hamısında azadlıq, birlik, bütövlük çağırışları var. “Kərkükə çatmaq üçün özünlə yola çıx”, “Yaşamağı öyrətmirlər”, “Hər alışan yanmayır”, “Anlanmamaq qorxusu”, “Yol-dərk edilmiş həqiqətdir”... Sadaladığımız son yazıdan bir nümunə gətirək:
“Səni dərk etməyənin
önündə çökmək şərəfsizlikdir
Vüqarlıların dizi bükülmür.
Gözləri onları aldatmadığı üçün.
Ləyaqətlilərdə zəkalı duyğu
gözün yol yoldaşıdır.
Yol-dərk edilmiş həqiqətdir!
Bunu yalnız həqiqətlə yaşayanlar bilir”.
Müəllifin “Təbəssümün rəngi” yazısı da hər sətrindəki hikmət, məna yükü, dolğunluğu, yenilikləri ilə oxucunu cəlb edir. Rənglər insanın hallarını ifadə edir deyir yazıçı, bəs, çəhrayı rəng hansı halın ifadəsidir?“Yerdən göyə qədər bozla rənglənmiş müasirlik tablosunda çəhrayı rəng insanı xilas edir... Üzündə çəhrayı rəng olan insan dərddən azad olunmuş şəkildə təsvir olunur...” Və çəhrayı rəngin məhz təbəssümü ifadə etdiyi və bu səbəbdən də gülümsər çöhrələrin, dərddən azad qəlblərin, özünə inamlı insanların həyatda özlərini ifadəsi, təsdiqi kimi qəbul edilməsi oxucu üçün bir yenilik, bir tapıntıdır. “Çəhrayı rəng məhz təbəssümün rəngi imiş...” qənaətinə gəlir yazıçı. Həqiqətən də, təbəssümü bundan başqa hansı rənglə müqayisə etmək olar ki?
Eluca xanımın oxucunu düşündürən, onu saatlarca sətirlərin, cümlələrin arasında dolaşdıran, qəlbini riqqətə gətirən, gözündə yeni aləm açan bir yazıdan da söz açmaq istəyirəm – “Yaşamağı öyrətmirlər” resenziyasından. Misir yazıçısı Yusif Ezeddin İsanın “Allaha məktub” hekayəsinin təhlili əsasında qələmə alınmış bu yazının qəhrəmanı azyaşlı uşaqdır – Zeynəb. Özü də Zeynəb elə bir yaşdadır ki, o, heç bir suala təkbaşına cavab tapa bilməz. Əslində həyatın təbii qanununa əsasən uşaq elə böyüməlidir ki, bütün bu suallara nəinki cavab tapmaq haqqında düşünməlidir, əksinə, bu növ suallarla rastlaşmamalıdır. Amma həyatın da öz “qanunauyğunluqları” var və bu üzdən də balaca Zeynəb bir yığın sualla qarşı – qarşıyadır. “Axı, kimə məktub yazsın? Kimə üz tutsun? Onu həyata atanlar indi həyatda onunla birgə addımlamırlar. Onu həyata atanların yeganə və əsas borcu ona həyatı təqdim etmək idi, bunu isə etməyiblər. Etməyiblər, yoxsa etmək istəməyiblər? Bəlkə, həyat onların özlərinə qarşı da amansız olub?” Bu sualların cavabını müəllif oxucunun ixtiyarına buraxır.
İçində bütöv Vətən həsrəti daşıyan, millətinin qarşılaşdığı faciələrin əsl səbəblərini araşdırmağa çalışan, ölkəsinin düçar olduğu haqsızlıqların mənbəyini bilməyə can atan, dünyanın mizan-tərəzisinin pozulduğu bir zamanda ədaləti arayıb-axtarmağa səy edən insanlar üçün müjdəli bir xəbərim: Eluca Atalının yenicə çapdan çıxmış və Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adına klubunda böyük təntənə ilə təqdimatını keçirdiyi “Kərküklülər-təklənmiş Türklər” kitabına tapınsınlar. Mütaliədən sonra hər səpkidə müzakirələrə başlamaq olar. Yolunuzu gözləyirik, əziz oxucular...