|
|
|
|

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu da iştirak edib.
Görüşdə türk xalqlarının qədim və zəngin tarixi-mədəni irsinin qorunması və təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı fəaliyyətlərinin əhəmiyyətindən söz açılıb. İki qardaş türk təşkilatının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın Qazaxıstanda uğurla keçirilməsinin ölkə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına töhfə kimi vurğulanıb. Fond ilə Akademiyanın iş birliyi ilə "Manas" kitabının nəşr edilməsi ümumtürk dastançılıq ənənələrinin yaşadılması və müasir dövrdə daha anlaşıqlı dildə çatdırılması yönündə önəmli layihə kimi qiymətləndirilib.
Görüşdə Fond ilə Akademiya arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihələrin perpektivləri müzakirə olunub.
Sözügedən səfər çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxstanın L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Fondun prezidenti Günay Əfəndiyeva və Universitetin rektoru Yerlan Sıdıkov imzalayıblar.
Memorandum Fond ilə Universitet arasında tərəfdaşlıq əlaqələrinin və mədəni mübadilələrin yaradılması məqsədilə imzalanıb. Sənəddə türk dövlətlərinin mədəni irsinin təbliği və inkişafı yönündə konfransların, seminarların, sərgilərin və s. təşkili, Fondun beynəlxalq tədbirlərinə Universitetin akademik heyətinin cəlb olunması, ümumtürk yazılı mənbələrinin tədqiqinə dair layihələrin keçirilməsi, Universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi üzrə birgə əməkdaşlıq nəzərdə tutulmuşdur.
Mərasimdə Fondun təşkilata üzv və müşahidəçi dövlətlərin, eləcə də müxtəlif xarici ölkələrin elm və təhsil müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulmasına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Günay Əfəndiyeva Universitetdə yaradılmış, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan auditoriya ilə tanış olub. Fondun prezidenti Ulu öndərin geniş miqyaslı fəaliyyətinə, çoxşaxəli irsinə həsr olunmuş müxtəlif nəşrlərə baxış keçirib.
Mərasimdə həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Talgat Muxanov, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Daha sonra Universitetin tələbələrinin ifasında türk xalqlarının dillərində kompozisiyalar səsləndirilib.




