|
|
|
|

Dünən Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, TİKA, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda təşkil olunan festivalın açılış mərasimində AYB-nin sədri, Xalq yazıçısı Anar, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Bildirilib ki, hər il iyunun 5-i ölkəmizdə "Şairlər günü" kimi qeyd edilir. Bu il XI "Şairlər günü" layihəsi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunub.
Hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılacaq festivalın ilk günü Azərbaycan ədəbiyyatına həsr edilib.
Festivalın ilk günündə deputat Cavanşir Feyziyevin "Türk Dünyası" adlı 5 cildliyi təqdim olunub. Həmçinin, Xalq yazıçısı Çingiz Abdullayevin imza günü keçirilib.
İlk gün Mikayıl Müşfiqin 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Eləcə də festivalın "Şeir adam" rubrikasında Əməkdar artist Azad Şükürovun qiraətində şeirlər səsləndirilib.

Sonra ayrı-ayrı yazarların kitabları təqdim olunub. Minlərlə paytaxt sakininin qatıldığı festivalın bir həftə davam edəcəyi və hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşlərin, imza mərasimlərinin keçirilməsi gözlənilir.
Qeyd edək ki, festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Eyni zamanda, iyunun 11-nə kimi davam edəcək festivalda elmi konfranslar, şeir saatları, imza günləri təşkil ediləcək, uşaq tamaşaları nümayiş olunacaq.
Festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də həyata keçirilir. İlk gün tədbir iştirakçıları üçün "Qisas almadan ölmə" adlı Azərbaycan filmi nümayiş olunub.
Şahanə MÜŞFİQ



