Azərbaycanın Xalq yazıçısı Anarın anadan olmasının 85-ci ildönümü münasibətilə Ankarada Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY, Azərbaycanın Ankaradakı Səfirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türk Ədəbiyyatı Vəqfinin (TƏV) birgə təşkilatçılığı tədbir keçirilib.
İyunun 3-də TÜRKSOY-un ofisində düzənlənən "Anar 85 yaşında" adlı tədbirə yubilyarla bərabər Azərbaycanın və Türkiyənin ədəbiyyat, mədəniyyət xadimləri, digər qonaqlar qatılıb.
Toplantıda açılış nitqi ilə söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev çağdaş türk ədəbiyyatının önəmli adı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib: "Əsrlər boyu istifadə edilən türk dilinin yaşadılmasında ən böyük pay xalqlarımızın zəngin şifahi və yazılı ədəbiyyatı və bunların daşıyıcısı olan şair, yazıçı və ədəbiyyat adamlarıdır. Türk cümhuriyyətlərində fikir və sənət sahəsində yetişmiş çağdaş yazıçı və şairlər müxtəlif mövzulu əsərlərində keçmişimizi və bu günümüzü əks etdirmiş, ortaq mədəni gələcəyimizin üfüqünə ümid işarələri vermişlər. Onlardan biri də Azərbaycan türklərinin ideya və sənət sahəsində layiqli nüfuz qazanmış müdrik ağsaqqalı Anardır".
Anarın hekayə, roman, ssenari kimi bir çox janrlarda əsərlər yazan, Türk dünyasında tanınan yazıçı olduğunu vurğulayan Sultan Raev deyib: "Onun əsərləri qardaş türk xalqlarının dillərinə və bir çox başqa dillərə tərcümə edilərək türk mədəniyyətinin zəngin ədəbiyyatına töhfələr verib. Anar Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovdan götürdüyü ədəbi bayrağı daşımağa layiqdir".
Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabakçı qurum fəaliyyətə başlayandan bu yana Türk dünyasına könül gözü ilə baxdıqlarını, Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı həmişə vətən hesab etdiklərini, bu coğrafiyanın dəyərlərini öz dəyərləri bildiklərini vurğulayıb: "Anarın 85 illiyi münasibətilə təşkil edilən bu tədbir ümumtürk mədəniyyətinin mühüm dəyərlərini qoruması deməkdir".
Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev bu yubiley tədbirində Anarın əsərləri ilə böyümüş nəsillərin bir yerdə olduğunu bildirib və yazıçının Azərbaycan ədəbiyyatına töhfələrindən danışıb.
Daha sonra çıxış edən Anar TÜRKSOY-da olmaqdan məmnuniyyətini dilə gətirib: "Bu təşkilatın qurulmasına az da olsa töhfə vermək mənim üçün xoşdur. Təşkilat yaranmazdan əvvəl çıxışlarımdan birində vurğulamışdım ki, türk dövlətləri arasında UNESCO kimi fəaliyyət göstərən, türk xalqlarının mədəniyyətinə, incəsənətinə önəm verən bir qurum olmalıdır. Bir müddət sonra TÜRKSOY yarananda onun ilk baş katibi mənim də çox yaxın dostum olan məşhur azərbaycanlı sənətçi Polad Bülbüloğlu, ikinci baş katibi isə çox yaxın dostum qazax musiqiçisi Düsen Kaseinov oldu. Təşkilatın hazırkı baş katibi də yaxın dostum, Qırğızıstanın Xalq yazıçısı Sultan Raevdir. Mən musiqiçilərə qarşı deyiləm, amma TÜRKSOY-un bir yazıçı tərəfindən idarə olunması məni çox sevindirir".
Qırğızıstanla sevgi bağına toxunan Anar ötən əsrdə Stalin repressiyaları zamanı qohumlarının Azərbaycanı tərk etmək məcburiyyətində qaldığını, onların bir qisminin yaşamaq üçün Türkiyəyə gəldiyini, digər hissəsinin isə Qırğızıstana sürgün edildiyini bildirib. Qırğızıstan və qırğız xalqı ilə xüsusi yaxınlığını ifadə edən Anar dünya şöhrətli Çingiz Aytmatov və hazırda TÜRKSOY-un baş katibi olan Sultan Raev kimi yazıçı dostlarının olduğunu bildirib.
Çingiz Aytmatovla dostluq əlaqələrini xüsusilə qeyd edən Anar deyib: "Həmişə bir-birimizə kitab hədiyyə edəndə Aytmatov kitabını mənə "Kiçik qardaşım Anara", mən isə "Böyük qardaşım Çingizə" deyə imzalayardıq".
Açılış nitqlərindən sonra "Çağın önündə bir yazıçı: Anar" və "İki əsrin qovşağında: Anar" kitablarının təqdimatı olub.
Tədbirin davamında çıxış edən AYB-nin sədr müavini Rəşad Məcid, yazıçılar İmdat Avşar, Pərvin Nurəliyeva və Günel Anarqızı yubilyarın Azərbaycan və Türk dünyası ədəbiyyatında rolu və yaradıcılığı haqqında danışıblar.
Sultan Raev Anara TÜRKSOY-un 30 illik yubiley medalını təqdim edib və milli qırğız geyimi hədiyyə edib.
Bədii hissədə müğənni Aynaz Rəhimzadə tarda Elçin Hətəmli və nağarada Areş Nəzərinin müşayiəti ilə yubilyarın valideynləri - Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnıları, eləcə də Azərbaycan xalq mahnılarını ifa edib.
Mehparə SULTANOVA
Ankara