|
|
|
|

Xalq yazıçısı Anarın Türkiyədə keçirilən yubiley tədbirləri TÜRKSOY-da yekunlaşdı. Mayın 3-də Türk dünyası Beynəlxalq Mədəniyyət təşkikatı olan TÜRKSOY-da Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə tədbir keçirildi. Tədbiri giriş sözün ilə açan TÜRKSOY-un Sultan Raev Türk dünyasının önəmli şəxsiyyətlərindən biri olan Anarın şərəfinə tədbir düzənləndiyi üçün məmnunluğunu dilə gətirdi: "Bu gün TÜRKSOY-a bir nur, ülvi bir söz ustası, hikmet dolu fikirlər sahibi və kübar bir ziyalı gəlib desəm, yanılmaram! O, Anardır! Anar, hər şeydən öncə bizim üçün özəl bir dəyər və özəl bir istedad sahibi olan insandır! Hər millətin ruhuna çevrilmiş və millətin simvolu olan insanlar vardır. Mən Anarı belə bir əsilzadə insan olaraq tanıyıram. Millətin siması, millətin qüruru və millətin mənəvi lideri kimi böyük sözlər, Anar ustada yaraşır. Çünki onun həyatı və taleyi, həyata baxışı və vətənsevərliyi bunun açıq sübutudur. Yazıçılıq və vətənsevərlik! Bu iki qutsal kəlmə Anar müəllimin təbiətində əks olunub! Onun qələmə aldığı romanları və öyküləri insanoğlunu təmizliyə; mənəvi paklığa və insanın daxilindəki məninə dönməsinə dəvət edir. Şərtlər nə olursa olsun, "İnsan" adını qutsal və uca tutmağa sövq edir!"
Türk Ədəbiyyatı Vəqfinin sədri, şair Sərhat Kabaklı Anarın türk dünyasının ortaq dəyəri olduğunu söylədi: "Bir neçə gündür ki, İstanbuldan başlayan yubiley tədbirləri burda Ankarada, Türksoyun binasında davam edir və mən bu günlərdə son dərəcə xoşbəxtəm. Çünki gerçək mənəvi dəyərləri nə qədər çox təbliğ etsək, dünyamız o qədər gözəl olar. Əzizimiz Anar ustad 90, 95, 100 yaşını da bizlərlə qeyd edəcəyinə söz verib. Ona cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm".
Daha sonra söz Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcidə verildi. Rəşad Məcid yazıçının əsərlərinin nəsil-nəsil oxucularda vətənpərvərlik duyğusunun aşılanmasına, türklüyünü, milli kimliyini dərkinə səbəb olduğunu söylədi: "Anar müəllim türklüyümüzün təbliğatı üçün bir çox işlər görüb. O, türk dünyasını bir bütün olaraq görüb hər zaman və bunu müxtəlif üsullarla, yazdığı əsərlər, kino ssenariləri, tərtib etdiyi şeir antologiyaları ilə oxucusuna da çatdırıb. Onun türk dünyası qarşısında böyük xidmətlərindən biri də TÜRKSOY kimi təşkilatın yaranmasının ideya müəllifi olmasıdır. Mən bütün təşkilatçılara, Türk Ədəbiyyatı Vəqfinə, başqa Sərhat Kabaklı, TÜRKSOY-a başda Sultan Raev, təşkilatın Azərbaycan nümayəndəsi Elçin Qafarlı olmaqla Azərbaycana, ədəbiyyatımıza və Anar müəllimə bu sayğı və diqqətə görə təşəkkür edirəm".
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Eldar Əliyev Xalq yazıçısı Anarın yaradıcılığını uşaqlıqdan mütaliə etdiyini bildirdi: "Anar müəllim Azərbaycanda çox tanınan və sevilən altmışıncılar nəslinin ən parlaq nümayəndələrindəndir. Onun əsərləri bizlərin yetişməsində, oxucunun formalaşmasında müstəsna rol oynayıb".
Sonra TÜRKSOY sədri Sultan Raev Türk Ədəbiyyatı Vəqfinin nəşrləri olan Pərvin Nurəliyevanın müəllifi olduğu "Çağının önündə bir yazar" kitabını və İmdat Avşarın tərtib etdiyi "İki əsrin qovşağında bir yazar" antologiyasını yazıçıya təqdim etdi.

Türk yazıçı-tərcüməçisi, AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar bu kitabların Türk Ədəbiyyatı Vəqfinin Ustadın yubileyinə töhfəsi olduğunu və bu adların təsadüfi olmadığını dilə gətirdi: "TƏV başqanı Sərhat bəy Azərbaycanla, özəlliklə Anar müəllimlə, Yazıçılar Birliyi ilə bağlı hər bir təşəbbüsümüzə böyük həssaslıq və diqqətlə yanaşır. Buna görə ona minnətdarlığımız sonsuzdur. Pərvin xanımla birlikdə bu kitabları nəşrə hazırlayanda ad üzərində çox düşündük və bu adlar təsadüfən seçilmədi. Çünki Anar Ustad həqiqətən həm fərqli zamanlarda yaşayıb yaratmağı, çağın oxucusunun arzu və gözləntilərinə cavab verməyi bacarıb, həm də öz zamanını aşıb və gələcəyin oxucusuna xitab edə bilib. Buna görə də hələ yüz-yüz illər türk oxucusu onun əsərlərini mütaliə edəcək, ondan öyrənəcək".

Təqdim edilən kitablardan birinin müəllifi Pərvin Nurəliyeva isə Ustad haqqında yazdığı dördüncü kitabı təqdim edilsə də, bu yolda görəcəyi işlərin hələ çox olduğunu söylədi: "Neçə gündür ki, İstanbulda, Ankarada tədbirlərdə Anar müəllim haqqında çıxışları dinləyirəm, bu gün TÜRKSOY-da kitabın təqdim edilməsindən qürur duyuram, amma bütün bu günlər ərzində düşünürəm ki, hələ nə qədər yazılmayan, təhlilini gözləyən gözləyən məqamlar var Ustadımın fəaliyyəti, əsərləri ilə bağlı. İndi Anar müəllim haqda beşinci kitabımı çapa hazırlayıram, amma qarşıda uzun bir yol görünür. Beş il öncə bu mövzuda dissertasiyamı müdafiə edəndə Anar müəllimə demişdim ki, bununla bitmir, ardı var. Bu beş ildə onlarla kitabına ön söz yazdım, iki kitab işıq üzü gördü. İndi də sizlərin qarşısında bu sözü deyirəm - Anar müəllim, ardı var, siz yaşayın-yaradın!"
Bakı Kitab Mərkəzinin rəhbəri, yazıçı Günel Anarqızı ailə adından minnətdarlığını dilə gətirdi: "Mən ailəmiz adından bu günlərdə baş tutan tədbirlərdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu, həqiqətən atama və onun yaradıcılığına verilən böyük dəyərdir. Mən də, qardaşım da bu gün onun yolunu davam etdiririk və mən tez-tez uşaqlığımı yada salıb anlayıram ki, valideynlərim - anam, Akademik Zemfira Səfərova və atam Xalq yazıçısı Anar öz ailələrindən gələn ləyaqəti, vətənpərvərlik duyğusunu bizə ötürüblər. Bizim də vəzifəmiz bu dəyərləri gələcək nəsillərə ötürməkdir".

Daha sonra tədbirə Ankaradan qatılan, böyük Rəfibəylilər nəslinin Türkiyədə yaşayan nümayəndəsi Nəsrin Ünal çıxış etdi: "Azərbaycanda Sovetlər qurulandan sonra Rəfibəylilərin bir neçəsi ölkədən qaçmağa məcbur oldu. Türkiyəyə sığındılar. Ta 60-cı illərə qədər heç bir əlaqə yox idi və mən uşaq ağlımla da dərk edirdim ki, burada qalan əqrəbalarımız üçün tək təsəlli Rəsul Rzanın və Nigar xanımın şeirləridir. Sonralar görüşmələrini də Nigar xanımın qardaşı ilə KQB nəzarətini bildiyi üçün necə məsafəli davranmasını da unutmuram. O zaman Rəsulla Nigarın böyük sevgisini, bir-birinə qayğısını hiss edirdim. Anar da bu böyük sevginin nəticəsidir".
Tədbirin bədii hissəsində təbrizli gənc müğənni Aynaz Rəhimzadə Rəsul Rzanın, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. "Şuşanın dağları" mahnısı məclisin sonunda xüsusi coşğu ilə qarşılandı.
Daha sonra TÜRKSOY sədri Sultan Raev Anara "Türksoy 30 illik" medalını təqdim etdi. Qeyd edək ki, daha öncə Özbəkistanda keçirilən ədəbi tədbirdə Anar TÜRKSOY "Altun medalya"sına layiq görülüb.
Sonda Anar təşkilatçılara təşəkkürlərini bildirdi: "Mənim qəlbim minnətdarlıq duyğusu ilə doludur. Bu günlərdə zəhmət çəkən bütün türkiyəli dostlarıma, Türk ədəbiyyatı Vəqfinə və TÜRKSOY-a, Azərbaycandan mənimlə gələn ailəmə, dostlarıma minnətdaram. Çalışacam verdiyim sözü tutum və 90 illiyimi də sizlərlə bərabər qeyd edim".
Qeyd edək ki, Xalq yazıçısı Anarın bu günlərdə Türkiyədə baş tutan bir neçə yubiley tədbiri türk mətbuatında geniş işıqlandırılıb. Bir neçə dərgi və qəzetdə tədbirlər haqda geniş məqalələr yayımlanıb. "Türkiyə" qəzetinin Kültür-Sənət səhifəsində yazıçının "Türkiyə türkcəsi ortaq dilimiz olmalıdır" başlıqlı müsahibəsi yayımlanıb. Həmçinin yazıçı Türkiyə televiziyalarına da müsahibələr verib.





