|
|
|
|

Ədəbiyyat musiqi kimidir - havasını da, duya bilən qəlbi də özü seçir. Ədəbiyyat ucsuz-bucaqsız bir tablodur - bir-birindən fərqlənən rənglərin saysız çalarlarını hər yazarın rəng uyumu ilə özünəməxsus əks etdirər. Ədəbiyyat elə bir söz mülküdür ki, yalnız onu müəzzəm qılanları özünə sultan edər.
Bu gün ədəbiyyatımızda seçilən bir çox imzalar var. Oxunduqca ədəbiyyata daha sıx bağlayır insanı, düşünür, düşündürür. Özünəməxsusluğu, şirin dil üslubu ilə seçilən, sevilən yazarlarımızdan biri də Ruhəngiz Əşrəfqızıdır - Ruhəngiz Əşrəf qızı Nəcəfova.
Neftçalanın Qırmızıkənd kəndində doğulub boya-başa çatmış Ruhəngiz xanım hələ uşaqlıqdan bacarığı və əzmi ilə seçilirdi. Ədəbiyyata, kitaba, mütaliəyə marağı çox kiçik yaşlarından üzə çıxmış, 5 yaşından kənd kitabxanasının fəal oxucusuna çevirmişdi. Bu fəallıq həyatının sonrakı dönəmlərində də onunla addımbaaddım irəliləmişdi. 10 illik qayğılı ötürdüyü təhsil, ali məktəb illəri və öhdəsindən həqiqətən də layiqincə gəldiyi çox sevdiyi müəllimlik peşəsindəki uğurları.
Uzun müddət qəzetlərdə dərc etdirdiyi publisistik yazılarından sonra özünə daha da inandı Ruhəngiz Əşrəfqızı, bir-birinin ardınca yazdığı hekayə, povest, romanları ilə oxucularını da inandırmağı bacardı. 1999-cu ildə çap olunmuş "Bir kəndin tarixi" adlı ilk kitabı ilə başlayan yazıçı "Kəndimizin dəmir atları", "Əbədiyaşarlıq", "İtmiş povestlər", "Qayıdış" romanının yer aldığı 2 cildlik "Seçilmiş əsərləri" ilə davam edərək 5 kitab ərsəyə gətirdi.
2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazıçı-publisist Ruhəngiz Əşrəfqızı böyük amalı, məqsədləri ilə inamla addımladığı "Yaşamağa dəyən həyat"a yeni uğurları, gələcəyə baxışı, yeni ümidləri ilə yüksəklərə duğru qanad çalmaqdadır. Onu qanadlandıran, gücünə güc qatan qüvvə isə əlbəttə ki, yetirmələridir. Həm də istər sevdiyi peşəsində, istərsə də ədəbi aləmdə davamçısı olan övladı Söylü Ayaz qızı Ağazadənin timsalında böyük zəhmət hesabına yetişdirdiyi, uğurları ilə qürurlandığı neçə-neçə şagirdləridir.

Söylü Ayazqızının esseləri, hekayələri ilə tanış olduqca müəlliminin - Ruhəngiz Əşrəfqının dərin izlərini görmüş oluruq. Bəli, artıq yazarlar sırasına bir ad da əlavə olundu. Bu adın sahibi qələmi, düşüncələri ilə özünü doğruldan, ilk oxunuşda insanı özünə çəkən Söylü Ayazqızıdır.
Yazmaq, şövqlə yaratmaq Ruhəngiz xanımın həyat eşqi olsa da, ömrünü sevərək həsr etdiyi müəllimlik peşəsi onun əsas yaşama sevincinə çevrilib. Elə bu səbəbdəndə 2018-ci ildə öz istəyi ilə Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsindən azad olunmuş, "bütün sənətlərin açarı müəllimlikdir" inamı ilə elinin-obasının övladları yoluna çıraq olmaq üçün bu sənətə qayıtmağı özünə borc bilərək həyatının ən böyük seçimini etmişdi. Elə həmin ildən Ruhəngiz müəllimə Neftçala rayon Xolqaraqaşlı kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. Özünün də dediyi kimi "həyatımın mənası, mayası, canı, qanı olan bu sənət mənim bütün yaşam tərzimi müəyyən edib". Hər il şagirdləri rayon və respublika turlarında tədris etdiyi fənni təmsil edərək uğurlu nəticələr əldə edir, müəllimlərinin əməyi sayəsində işıqlı sabaha daha da ruhlanırlar. Ruhəngiz Nəcəfova 2007-2008, 2012-2013-cü tədris ilinin "Ən yaxşı yüz müəllim" müsabiqələrinin qalibi olub, dəfələrlə rayon, respublika miqyaslı diplomlar, Fəxri fərmanlar, 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.
Bütün ömrü boyu oxuduqlarından, ustadlarından, müəllimlərindən aldığı mənalı mənimsəmələri, yaddaşının bu günə qədər aldığı ölməz qazancı sevərək şagirdlərinə ötürən Ruhəngiz Əşrəfqızı Nəcəfova hələ məktəb və tələbəlik illərində öz ədəbi düşüncələri, mülahizələri ilə ustadlarını kövrəltməyi bacarmışdı. Bu gün isə o, gələcəklərinə ümidlə baxdığı şagirdlərinin arasında onu nə vaxtsa kövrəldəcək, duyğulandıracaq ardıcıllarını soraqlamaqdadır. Uzun sənət dünyanızda və peşənizdə sizə, Söylü Ayazqızının timsalında sizi ruhlandıran bütün ardıcıllarınıza sonsuz uğurlar və nailiyyətlər arzulayırıq. Bundan sonra da yazın-yaradın və yeni-yeni əsərlər bəxş edin!
Nəzakət QULUQIZI



