|
|
|
|

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA və AYB-nin Gəncə bölmələrinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 ilik yubileyinə həsr edilmiş tədbir keçirilib. Xan bağında, Nigar Rəfibəylinin heykəli önündə başlanan tədbiri AYB Gəncə Bölməsinin sədri, şair-dramaturq Əməkdar mədəniyyət işçisi Xəzangül açaraq iştirakçıları salamlayıb, N.Rəfibəylinin poetik dünyasından, onun yaradıcılığının özünəməxsusluğu və məziyyətlərindən danışıb.
525.az xəbər verir ki, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Rəfibəylilər nəslindən, Nigar xanımın atası Xudadat bəyin xalqımız üçün misilsiz xidmətlərindən söz açaraq Xalq şairinin poetik yaradıcılığına olan dərin rəğbətini ifadə edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Süleyman Əliyev Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin Azərbaycan ədəbiyyatındakı xüsusi yerini diqqətə çatdırıb, ədəbi mühitimizdə onların yolunun davaçmıları olan Xalq yazıçısı Anar və Günel Anarqızının yaradıcılığı barədə fikirlərini bölüşüb.
Tədbir iştirakçılarından filologiya üzrə fəlsəfə doktorları Əlimuxtar Muxtarov, Ruziyə Quliyeva, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva Nigar Rəfibəyli yaradıcılığı haqqında elmi düşüncələrini dilə gətiriblər. Şair və yazıçılardan Qərib Mehdi, Rəfiqə Sadıqova, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Sahib İbrahimli, Bayram Apoyev, Zaur Quliyev, Cavanşir Qocayev, Bəxtiyar Muradov, Lətif Zərgər, Eltun Türkelin də ürək sözləri dinlənilib.
Proqramda Nigar Rəfibəylinin sözlərinə unudulmaz bəstəkar Emin Sabitoğlunun yazdığı mahnılar səsləndirilib. Uşaq İncəsənət Məktəbinin müəllimləri Zaur Dadaşov, Zəminə Nuriyeva və Ədibə Hüseynovanın solo və duet ifalarını Məsud Kərimovun bədii rəhbərliyi ilə “Gəncə qönçələri” ansamblı müşayiət edib.
Əməkdar artist Rahilə Məmmədova, N.Rəfibəyli adına 43 saylı orta məktəbin şagirdi Türkay Bədəlova Xalq şairinin poeziyasından nümunələr söyləyiblər.
Bölmə sədri Xəzangül bu ifaların ərsəyə gəlməsindəki köməyinə görə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rahib Hüseynova və Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkkül Hüseyliyə təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçılar Nigar Rəfibəylinin abidəsi önünə gül dəstələri qoyub və xatirə şəkilləri çəkdiriblər.



