|
|
|
|

Bu günlərdə "Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur" kitabı çapdan çıxıb. Kitabda 1988-ci ilin fevralından başlayaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində oykonimlər, oronimlər və hidronimlər haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılıb, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilib. Əsasən, dilçilər, tarixçilər, coğrafiyaşünaslar, alimlər, tədqiqatçılar, siyasətçilər, müəllimlər, tələbələr üçün nəzərdə tutulan kitab hamımızın bilməli olduğumuz tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. Kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.
"Həqiqətin onomastikası-2. Qarabağ və Şərqi Zəngəzur" kitabının müəllifləri Nazim Vəlişov və Tahir Kazımlı, layihə rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Xalq yazıçısı, akademik Kamal Abdulla, elmi redaktoru AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi Natiq Babayevdir.
Xatırladaq ki, bundan əvvəl indiki Ermənistan Respublikasının ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilən "Həqiqətin onomastikası" kitabı nəşr edilib.



