|
|
|
|

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun növbəti sayı (iyul-avqust) çapdan çıxıb.
525.az-ın verdiyi məlumata görə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrin bu sayı da ölkəmizə təşrif buyuran turistlər, paytaxtımızın qonaqları və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün maraq kəsb edəcək ən müxtəlif informasiyalar, tematik yazılar və məlumatlarla zəngindir.
Nəfis tərtibatı, orijinal dizaynı ilə seçilən və üç dildə (Azərbaycan, ingilis, rus) materialların dərc olunduğu bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhərdə və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, eləcə də hotel, restoran, ticarət və əyləncə məkanları ilə bağlı məlumatlar, ünvan və telefonlar yer alıb. Nəşrdə
Nizami Kino Mərkəzinin, “Park Cinema”nın avqust ayı üzrə afişası, nümayiş olunacaq filmlər haqqında informasiyalar, eyni zamanda turistlər və şəhərimizin qonaqları üçün zəruri bilgilər, avtomobil kirayəsi, fövqəladə hallarda yardımla bağlı çağrı mərkəzlərinin əlaqə nömrələri və s. əksini tapıb.
Kataloqun bu sayında da maraqlı tematik yazılar, ənənəvi rubrikalar üzrə materiallar var. “Tanınmış insanların Bakı haqqında təəssüratları” bölməsində dünya şöhrətli həmyerlimiz, dahi müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığına nəzər salınıb.
2 avqust - Azərbaycan Kinosu Günü ilə bağlı məqalədə neft Bakısında yeni incəsənət növünün - kinematoqrafiyanın təşəkkül tapması lakonik bir dillə təqdim olunur. Nəşrdə Azərbaycan xalça sənəti, çay mədəniyyəti haqqında yığcam yazılar, “Bakıdan xatirə” - milli suvenirlərimiz barədə turistlər üçün məlumat, habelə ölkəmizə gələn qonaqları
maraqlandıra biləcək suallara cavablarla tanış olmaq mümkündür. “Bakını “City sightseeng”lə kəşf edin” (şəhər turları), aviakassalar, turizm agentləri və s. bölmələr də paytaxtımızın qonaqları üçün dəyərli informasiya mənbəyidir.



