|
|
|
|

Erməni vandalizmi çinarlı-kəhrizli Cəbrayılı xarabazara çevirib, nəinki rayonun bir sıra irili-xırdalı kəndləri, şəhərin özü belə insafsızcasına dağıdılıb, daş üstə daş qalmayıb. Dədə-baba yurduna, ata ocağına bağlı yerli sakinlər vətənimizin başqa guşələrinə pərən-pərən düşüblər. Bakıda, Mingəçevirdə, Sumqayıtda, Şirvanda, Biləsuvarda məskunlaşmağa məcbur olublar. Ancaq atalar hər qaranlıq gecənin bir işıqlı səhəri var deyiblər.
İkinci Qarabağ müharibəsi həqiqətən ölkəmizdə Ali Baş Komandan-Ordu-Xalq birliyini ortaya qoydu. 44 günlük mərdi-mərdanə savaş dünyaya şou yaymaq istəyən, mifik xəyallar quran, daim aslanın kölgəsində yatan çürük erməni xislətini nümayiş etdirdi. Azərbaycanın parlaq qələbəsi yurdumuzun işğal altında olan torpaqları ilə bahəm Cəbrayılı da yağı istilasından qurtardı. İnşallah, hamımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi və dəstəyi ilə Böyük Qayıdış gününü gözləyirik.
Doğrudur, ötən qaçqınlıq dövründə yeni qəsəbələr, mini şəhərlər salınıb, cəbrayıllıların əksəriyyəti təzə mənzillərə köçürülüb. Əlbəttə, bizim camaat torpağa bağlı camaatdır. Hər kəs Cəbrayılın axarlı-baxarlı xoşbəxt çağlarının fərağını çəkir.
Arabir fürsət tapır, həmyerlilərimlə, yaşıdlarımla görüşür, ötən günlərin nostalji duyğularını yaşayırıq. Bizim Qələbə zəfərimiz hamını səfərbər edib. Axı, kənd adamına nə lazımdı ki? O, ömrü uzunu torpaq əkib-becərib, qoyun-quzu bəsləyib, yaxşı dolaqışıq tapmaq naminə məhsul yığıb, bazara çıxarıb. Və bundan, kənd təsərrüfatı əməyindən zövq alıb, pul-para qazanıb, heç kəsin əlinə möhtac olmayıb.
Yaşar Quliyev, Quycaq kənd sakini-təqaüdçü: "Lənət mənfur erməniyə! Gül kimi növrağımızı pozdu, cənnətməkan Vətənimizi murdarladı. Və nə yaxşı, cəsur Prezidentimiz İlham Əliyev "Dəmir yumruğu"nu göstərdi, müqavimət göstərən qırıldı, tör-töküntüsü qaçıb canını qurtardı. Qələbəmiz haqq işiydi, Allahdan idi, arzumuza çatdıq. Qəhrəman oğullarımızın şücaəti danılmazdır. Yaşım 80-i aşıb. Bir an gözümə yuxu gedən kimi doğma Quycaq kəndini görürəm. Artıq tay-tuşlarımın əksəriyyəti həyatdan köçüb. Özümü xoşbəxt sanardım ki, bu yaşda da qoynuna sığındığım yaşıl çəmənləri, mənzərəli vadiləri, yamyaşıl düzlərin seyrinə dalım. Bəlkə ömrüm bir az da uzanacaqdı. Görək də, o müjdəli çağların astanasındayıq. İnşallah!"
Oruc Rüstəmov, Mehdili kənd sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı: "Ötən 90-cı illərdə erməni qəsbkarlarına qarşı xalq hərəkatı başlandı. "Arxalı köpək qurd basar" - deyiblər. Rusiyanın açıq-gizlin havadarlığı böyük kömək, arxa demək idi. Ermənistan bunu hər addımda hiss edirdi. Nəticədə torpaqlarımızı müvəqqəti də olsa, getdi, haqq-nahaq igid övladlarımızı itirdik. Cəbrayıl axıracan döyüşdü, təslim olmaq istəmədi. Lakin xəyanətlər və boşluqlar sözünü dedi. Şükür bu günə ki, düşmənin dərsi verilib, özü də layiqincə. Bu gün Cəbrayıl və onun yaşayış məntəqələri diqqət mərkəzindədir, bərpa işləri aparılır. Biz mütləq kəndlərimizə dönəcəyik. O tarix uzaqda deyil".
Sevindik Abbasov, Vətən müharibəsi iştirakçısı: "Bakıda Musiqi Akademiyasında oxuyuram. İkinci Qarabağ savaşı başlananda, daha iş-güc barədə düşünmədim, dərhal səfərbərlik xidmətinə yollandım, ərizə yazdım və torpaqlarımızın müdafiəsinə qalxdım. İçimdə yağıya böyük bir nifrət vardı. Axı, mən ata-baba yurdum uğrunda vuruşurdum. O yurd yerinin ki, onun üzünü görməmişdim. Yalnız valideynlərimdən eşitmişdim, əslim-soyum Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. Hayıfımı almış, arzuma çatmışam. İndi bircə qalır Vətən torpağına qayıtmaq. Müharibə veteranı kimi orden-medal almışam və təltiflərimi döyüş meydanlarında qazanmışam. Sağ olsun rayonumuzun icra hakimiyətinin başçısı Kamal müəllim. Bir dəfə qazilərlə, veteranlarla görüşdə hamını əmin etdi ki, lap yaxınlarda Cəbrayıla hissə-hissə böyük köç başlanacaq. Həmin gün qurban kəsərkən, o tarixi hadisəni görmək həqiqətən başqa xoşbəxtlikdir".
Qarabağın başqa rayonları kimi çinarlı-kəhrizli Cəbrayıl da qurulur, binədən tikilir. Düşmən bizə böyük maddi və mənəvi ziyan vurdu, pisliyi isə özünə qaldı. Cəbrayılın Cocuq Mərcanlı kəndində artıq əhali məskunlaşıb, onlar üçün hər cür şərait və güzəran yaradılıb. Boz çöllüklər minadan təmizlənir, yerində bağ-bağat salınır. Yaşıllıqlar düzənliklərdən dağətəyi ərazilərəcə uzanır.
Rasim CƏBRAYILOV
Cəbrayıl rayon sakini



