
Ermənistanın azərbaycanlılara qarşı kütləvi qətliamlarından biri də 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində törədilən cinayətdir. Bu dəhşətli cinayət nəticəsində 25 nəfər amansızlıqla qətlə yetirilib, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirib, 400-ə yaxın azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Meşəlidəki kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq idi. Məhz Meşəli faciəsinə dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha geniş miqyaslı soyqırım törətməsi üçün zəmin yaratdı.
Azərbaycan dövləti xalqımıza qarşı son 30 ilə yaxın müddət ərzində qətliamlar, soyqırımlar törətmiş erməni cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı işlər aparır və onları beynəlxalq axtarışa verib. Bir neçə gün əvvəl erməni cəlladlarından biri, Meşəli qətliamının təşkilatçısı və onu törədən Xaçaturyan Vaqif Çerkezoviçin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılması bu istiqamətdə ilk addımdır. Amma sonuncu da deyil. Bütün qatillər, müharibə cinayəti törətmiş erməni cəlladlarının əməllərinə görə layiqli cəza alacaqları heç kimdə şübhə doğurmamalıdır. Erməni cəlladları, xüsusən də Vaqif Xaçaturyanın dəstəsi Meşəlidə sakinlərə olmazın işgəncələr verib, uşaqları, qadınları, yaşlı insanları xüsusi amansızlıqla qətlə yetirərək insanlığa sığmayan qətliam və vəhşiliklər törədiblər. Meşəli qətliamının şahidləri 32 il əvvəl baş vermiş həmin cinayəti bu gün də ürək ağrısı ilə xatırlayırlar. Xaçaturyanın həbsi xəbərindən sonra yenidən onun törətdiyi cinayətləri bölüşərək, nəhayət ki, qatillərdən birinin məhkəmə qarşısında cavab verəcəyi ilə təsəlli tapırlar. Həqiqətən də heç bir cinayət cəzasız qalmır, sadəcə zaman fərqi ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində bu mövzuya toxunaraq bildirib: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".
2023-cü il fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən zaman isə dövlət başçısı deyib ki, Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
O gün artıq gəlib. Meşəli soyqırımı iştir
akçısının saxlanılması bir daha göstərir ki, Azərbaycan dövləti dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri unutmayıb və xalqımıza qarşı soyqırımda əli olan cinayətkarlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Azərbaycanlılara qarşı soyqırımda əli olmuş digər canilər də eynilə gec-tez törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar.
Onu da qeyd edək ki, Ermənistan XİN bəyanat yayaraq cinayətkar Xaçatryanın saxlanmasına etiraz edib. Bu, bir daha İrəvanın hərbi cinayətlərə dövlət səviyyəsində açıq şəkildə dəstək verməsi deməkdir. Xaçatryanın Birinci Qarabağ müharibəsindəki cinayətləri ilə bağlı çoxlu sayda faktlar, canlı şahidlər var. Bu faktlar ermənilərin əsassız iddialarını alt-üst etməklə yanaşı, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, mehriban qonşuluq münasibətlərinin qurulmasını "istəyən" hazırkı Ermənistan hakimiyyətinin əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışdığını sübut edir. Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Xaçatryanın saxlanılması da bütün hüquqi normalara uyğundur. Çünki onun törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır.



