|
|
|
|
Sentyabrın 13-də Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Laptevanın birgə təşəbbüsü və Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin iştirakı ilə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Yevqeniyevna Lapteva açıb.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında və eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
Tədbirdə Belarus Respublikası Təhsil Nazirliyinin idarə rəisi Sergey Pişov, Belarus Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Molunov, Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Nizami Rüstəmov, Belarus Respublikası Parlamentinin Beynəlxalq münasibətlər və milli təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin birinci müavini, Belarus Dövlət Universitetinin professoru Andrey Rusakoviç, Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Belarusdakı "Azərbaycan İcması Konqresi"nin Gənclər təşkilatının sədri Olesya Kosoykina Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının əhəmiyyətindən bəhs edərək hər iki Universitetin rektorlarına minnətdarlıqlarını bildiriblər.
Qeyd etmək lazımdır ki, son dövrdə dünyanın çeşidli ölkələrindəki Universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb. Minsk Dövlət Linqvistik Universitetində açılmış Azərbaycan dili və mədəniyyəti mərkəzi səkkizincidir.
Təntənəli açılış mərasimindən sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "Belarus və Azərbaycan: Tarix, müasirlik və ikitərəfli əməkdaşlığın perspektivləri" adlı dəyirmi masa baş tutub. Dəyirmi masanın moderatorları akademik Kamal Abdulla və professor Natalya Yevqeniyevna Lapteva giriş nitqi söyləyərək Azərbaycan və Belarus Respublikaları arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin tarixi və ənənələrindən bəhs ediblər. Akademik Kamal Abdulla Azərbaycanla Belarus arasındakı əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin mühüm rolunu qeyd edərək bu əlaqələrin bugünkü səviyyəyə çatmasında prezident İlham Əliyevin siyasi iradəsini də xüsusi olaraq vurğulayıb.
Tədbirin gedişində Belarus Respublikası Parlamentinin deputatı, Belarus Dövlət Universitetinin professoru Andrey Rusakoviç, MDLU-nun pedaqogika və psixologiya kafedrasının dosenti Vladimir Paşkeviç, BDU-nun Filologiya fakültəsinin dekanı, professor Vasiliy Stariçyenok, MDLU-nun Tarix və sosial elmlər kafedrasının dosenti Nikolay Baranov və MDLU-nun Tarix və sosial elmlər kafedrasının dosenti Olqa Qutko məruzə ilə çıxış edərək Azərbaycan və Belarus arasındakı iqtisadiyyat, siyasət, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri və eləcə də Azərbaycan dövlətinin multikulturalizm siyasətindən bəhs ediblər.
ŞAHANƏ