Müasir dövrdə dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da idmanın inkişafı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Əldə edilən nailiyyətlər, mötəbər yarışlara uğurlu ev sahibliyi göstərir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Bu, həm də idmanımızın tarixi ənənəsindən xəbər verir. Tarixə nəzər salsaq görərik ki, kişi idmançılarla yanaşı, Azərbaycanın qadın idmançılar da müxtəlif idman növlərində böyük uğurlara imza atıblar. Belə idmançılarımızdan biri də müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası Zemfira Meftahətdinovadır.
Zemfira Meftahətdinova 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2004-cü ildə isə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. Hazırda o, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentidir.
Zemfira Meftahətdinova ilə müsahibəni təqdim edirik.
- Zemfira xanım, Azərbaycanın ən böyük uğurlara imza atmış qadın idmançılarındansınız. Geriyə baxanda karyeranızda sizin üçün ən çox yaddaqalan hansı anlar var?
- Hər bir idmançı üçün ən böyük zirvə olimpiya oyunlarıdır. Hər idmaçı istəyir ki, olimpiya oyunlarında medal qazansın. Artıq neçə ildir bu sahədəyəm, həm qələbələrim, həm də məğlubiyyətlərim olub. Ən böyük uğurum isə olimpiyadada qızıl medal qazanmağımdır. İndiyədək o anları xatırlayanda gözlərim dolur. Həmin hadisədən artıq 23 il ötür. Biz bu uğuru məşqçim Hafiz Cəfərovla birlikdə qazandıq. Əlbəttə, o sevinci sözlə ifadə etmək mümkün deyil. Uzaq Avstraliyada bayrağımız qaldırıldı, himnimiz oxundu. Bu hisslər hər idmançıya nəsib olmur. Bunu bacardığımız üçün hər zaman qürur hissləri keçirirəm. Eyni zamanda idmanda uduzanda da məyusluq hissi adamın yaddaşında iz buraxır. 1998-ci ildə Misirdə Sidney Olimpiya oyunlarına lisenziya xarakterli dünya kuboku yarışı keçirilirdi. Orada dünya rekordu vurdum, amma 6-cı yerə çıxdım. Yarışlardan sonra yarım il özümə gələ bilmədim. Onu xatırlayanda əllərim keyləşir, məyusluq hissi keçirirdim. Sonra da 2001-ci ildə dünya çempionatında qalib gəldim. Yenə də Misirdə lisenziya xarakterli dünya çempionatı keçirildi, lakin orda lisenziya qazana bilmədim. Bu sahəyə gələrkən nəzərə almaq lazımdır ki, idman insana həm qələbə, həm də məyusluq hissləri yaşada bilir.
- Atıcılıq üzrə Azərbaycanın yeganə olimpiya çempionusunuz. Niyə qızların daha çox maraq göstərdikləri gimnastika, üzgüçülük, voleybol kimi idman növlərini yox, məhz atıcılığı seçdiniz?
- İkinci sinifdən gimnastika ilə məşğul olmuşam. Hər idman növünün öz yaşı var, idman gimnastikası lap gənc yaşlarından başlayır. Amma atıcılığa 13 yaşımdan başladım. Atıcılıqda yaş həddi yoxdur, nə qədər istəyirsən yarışa bilirsən. Elə alındı ki, yaşadığımız yeri dəyişdik. Yaxınlığımızda atıcılıq mərkəzi var idi və öncə getdiyim gimnastika mərkəzindən uzaq düşdüm. Valideynlərim işdə olduğundan məni aparan yox idi. Ona görə də gimnastikanın elə orada da dayandırdım. Onu da qeyd edim ki, valideynlərim heç vaxt mənim seçimimə qarışmırdı, nə istəyirdim onunla da məşğul olurdum. Belə alındı ki, mən atıcılıq sahəsində davam etməli oldum.
- Bir çox ailələr var ki, qız övladlarının idmana maraq göstərməsini xoş qarşılamır. Bu barədə nə deyə bilərsiniz?
- Bu fikir köhnədə qalıb. İndiki valideynlər imkan yaradırlar ki, həm qız, həm də oğlan uşaqları öz yolunu seçsinlər. Bakıda keçirilən sonuncu dünya çempionatında 16 oğlan və 15 qız idmançımız yarışırdı. Bu o deməkdir ki, qızların idmana marağı çoxdur və bu, təkcə atıcılığa yox, bütün idman növlərinə aiddir.
Dünyada bütün sahələrdə gender bərabərliyi olduğu kimi, artıq idmanda da bu bərabərlik öz sözünü deyir. Qız övladlarının öz yolunu özləri seçməsi çox vacib məsələdir. Mənə elə gəlir ki valideynlərin əksəriyyəti uşaqlara dəstək olurlar.
- Uğurlu atıcı olmağın sirri nədədir?
- Tək atıcılıq yox, bütün idman növlərində birinci şərt çoxlu məşq etməkdir. Məşqlə bərabər, səbr, diqqət də önəmli məsələdir. Uğur qazanmaq üçün nəyisə qurban vermək lazımdır. Mən övladlarımı aylarla valideynlərimin, həyat yoldaşımın yanında qoyub yarışlara gedirdim, övladlarıma qohumlarım, dostlarım, valideynlərim baxırdılar. Demək istəyirəm ki, hər sahədə olduğu kimi, idmanda da əziyyət var. Nəticə də göz önündədir, əziyyət, zəhmət çəkən insan sonda mütləq uğur qazanır. Əgər bir yolu seçmisinizsə, o yolu axıracan getmək üçün çox ciddi şəkildə çalışmaq lazımdır. Bir insan bir yola başladısa, səbrlə axıra qədər getməlidir. Ölkəmizdə mötəbər idman tədbirləri keçirilir, idmana maraq kifayət qədər böyükdür. İdmançılarımız bütün dünyada öz sözünü deməyə çalışırlar. Bütün idman növlərində xeyli medal qazanan idmançımız var. Bu isə sözsüz ki, dövlət tərəfindən göstərilən qayğı və diqqətin nəticəsidir.
Havar ŞƏFİYEVA