|
|
|
|

Ermənistanın uzun illərdir həyata keçirdiyi yanlış siyasət onun həm regional, həm də beynəlxalq layihələrdən kənarda qalması ilə nəticələnib. Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğalda saxlayan, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən İrəvanın bundan qazancı yalnız geriləmək, iqtisadi cəhətdən zəifləmək oldu. Hər hansı resurslara malik olmayan Ermənistan, qonşu dövlətlərlə münasibətlərini düşmənçilik həddində saxlamaqla özünü dalana dirəmiş oldu. Eyni zamanda, İrəvan illərlə işğal altındakı ərazilərimizdə təbii sərvətlərimizi talamaqla qazanc əldə edib. Amma bu da daimi qazanc mənbəsi deyildi. Bu gün ölkəmiz özü bütün ərazilərinə, təbii sərvətlərinə sahib çıxıb. Azərbaycanın müəllifi olduğu regional və beynəlxalq əhəmiyyətli neft-qaz marşrutları, dəmiryolu, nəqliyyat dəhlizləri Ermənistanın ərazisindən yan keçir. Əgər İrəvan ağıllı siyasət aparsaydı, bu layihələrin iştirakçısı olacaqdı və insanları rifah içində yaşayacaqdı. Ermənistan 44 günlük müharibədən sonra da yaranmış fürsətləri dəyərləndirə bilmədi. Bu gün çətin sosial-iqtisadi vəziyyətlə qarşı-qarşıya qalan İrəvan özünün vəziyyətdən çıxması, həm də regionun inkişafı, təhlükəsizliyi üçün atmalı olduğu addımları ləngidir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycan və Türkiyə ilə başladılan münasibətlərin normallaşması prosesindən əslində, daha çox qazanan bu ölkənin özü olacaqdı. Lakin Ermənistan hökuməti xarici ölkələrdən və təşkilatlardan dilənməyi üstün tutur, prosesin irəli aparmasını ləngidir, müxtəlif bəhanələr irəli sürür, imzalanmış üçtərəfli bəyanatı yerinə yetirmir. Həmin bəyanatda kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin inşası nəzərdə tutulub. Bununla belə, Ermənistan hakimiyyəti onun da fərqindədir ki, iqtisadi inkişafı, regional və beynəlxalq layihələrdə iştirakı, bir sözlə, ölkənin gələcəyi üçün mütləq qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmalıdır. Erməni ekspertlər də ölkədə iqtisadi proseslərin ləng getdiyini etiraf edirlər. Amma görünən odur ki, Ermənistan hökuməti reallığı görsə də, onu qəbul etmək istəmir. Belə ki, Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verərək, dalan, kənarda qalmış dövlət statusunu daha da möhkəmlətdi. Bu il 25 sentyabr tarixində Azərbaycan və Türkiyə prezidentləri "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzaladılar. Buna əsasən Qars-İqdır-Naxçıvan dəmiryolunun tikilməsi nəzərdə tutulub. Həmin sənədin imzalanması tarixi hadisədir və region üçün mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Orta Dəhlizin bir qolu kimi ondan həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələr faydalanacaq. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.
Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur. Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır.
Digər bir mühüm layihə isə 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasıdır. Həmin il sentyabrın 21-də Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Azərbaycan İran vasitəsilə Naxçıvanla bağlantını yaradır və bu, Şərq-Qərb nəqliyyat dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq. Onu da qeyd edək ki, dünən Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəriciləri ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.
Bu layihələr bir daha onu sübut edir ki, Azərbaycanın Ermənistana ehtiyacı yoxdur. Azərbaycan müəllifi olduğu, regionla və beynəlxalq müstəvidə dəstəklənən layihələrinin hər birini Ermənistan olmadan da gerçəkləşdirir. Ermənistanın aqressiv, qonşularına qarşı düşmənçilik siyasəti yalnız onun özünə zərbə vurur, bundan itirən də məhz özüdür. Çünki Azərbaycan müstəqillik əldə etdikdən bu yana əsasını qoyduğu bütün layihələr uğurlu olub və təkcə özü, region üçün deyil, beynəlxalq aləm üçün mühüm əhəmiyyət daşımaqla, dəstəklənib.



