İkinci Dünya müharibəsindən öncə Sovetlər İttifaqının təhsil müəssisələrində alman dilinin tədrisinə başlanılması haqqında bir məqalə oxumuşdum. Məqalədə düşmənin dilini öyrənməyin vacibliyinə dair xeyli maraqlı məqamlar vardı. Orada yazılanları indi imitasiya etməyi düzgün saymadığımdan yalnız bir nümunə ilə kifayətlənirəm. Ancaq əminəm, bu mövzunu araşdırmaq istəsəniz, tarixi faktlar əsasında yazılmış xeyli material tapa bilərsiniz.
Bu il Azərbaycan Dillər Universitetində erməni dili üzrə tərcümə ixtisasının açılması xəbərini eşidəndə tarixin ayrı-ayrı dövrlərindən oxuduğum qəhrəmanlar gözlərim önünə gəldi. Və bu qəribə duyğular içərisində üz tutdum Dillər Universitetinə.
Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova ilə həmsöhbətik.
- Bənövşə xanım, erməni dili üzrə tərcümə ixtisasının ilk tələbələri artıq dərslərə başlayıb. Bildiyim qədərilə təşəbbüs də sizə məxsusdur.
- Əslində, biz bu qərarı hələ 2020-ci ildə vermişdik. Sadəcə pandemiya dövrünə görə müəyyən məsələlər gecikdi, dərslərə başlamaq bu ilə nəsib oldu. Hörmətli rektorumuz, akademik Kamal Abdullanın dəstəyilə bu təşəbbüsümüzü reallaşdıra bildik.
- Hazırda bu ixtisas üzrə neçə tələbə təhsil alır?
- Hazırda on tələbəmiz var.
- Qəbul üçün on yer ayırmışdınız, yoxsa bu ixtisas elə on nəfərin seçimi oldu?
- Yox, elə on yer ayrılmışdı. Sevindirici haldır ki, qəbul planı tam doldu. İnanın, o qədər müracət var ki. Hətta bizim digər dilləri tədris edən müəllimlərimiz də dərslərdə iştirak etmək üçün ərizə ilə müraciət ediblər. Bir sözlə, bu gün erməni dilini öyrənməyə böyük maraq var. Bizim bu işdə əsas məqsədimiz dövlətimizin apardığı siyasətə dəstək olmaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirməkdir. Qarabağda erməni vətəndaşlarımız yaşayacaqsa, bu dili bilən mütəxəssislərə də ehtiyacımız olacaq. Hətta bir nəfər belə səni başa düşmürsə, deməli, tərcüməçiyə ehtiyac var.
- Yəqin növbəti illərdə qəbul üçün ayrılan yerlərin sayı da artacaq.
- Bəli. Dil dərslərində bir qrupda çox uşaq olanda keyfiyyət aşağı düşür. İkinci qrup üçün isə ilk dəfə olduğu üçün risk edə bilməzdik. Ancaq növbəti illərdə nəinki yerlərin sayını artırmağı, magistratura üzrə də qəbulları nəzərdə tuturuq. Üstəlik, kadrlarımız olarsa, rus bölməsi üzrə də qrup yaratmağı düşünürük. Onu da qeyd edim ki, bu il ilk olmasına baxmayaraq, tələbələrimiz bu ixtisasa kifayət qədər yüksək ballarla qəbul olunublar.
- Hazırda bu sahə üzrə kadr problemi aktualdır. Bu məsələ ilə bağlı hansı addımlar atılır?
- Bizdə kadr çox azdır. Ümumiyyətlə, müstəqilliyimizdən bu yana ölkədə erməni dili təkcə Bakı Dövlət Universitetindəki "Ermənişünaslıq" ixtisasında tədris olunurdu. Bizdə isə ilk dəfə bu dil üzrə mütəxəssislər, tərcüməçilər yetişəcək. Otuz il ərzində bu dili bilənlərin çoxu rəhmətə gedib. Üstəlik, dil bilmək o demək deyil ki, sən o dili tədris edə bilərsən. Pedaqoji savad olmalıdır. Biz çox istərdik ki, o dövrdə təhsil alan, dilin qrammatikasını, üslubunu bilən mütəxəssisləri cəlb edək. Universitetimizdə ermənişünaslıq mərkəzi var. O mərkəzdə dörd-beş nəfər müəllim fəaliyyət göstərir. Biz hələ ki, bir müəllimlə yola çıxmışıq.
Hazırda istər güc strukturlarında, istər mətbuatda, istərsə də digər təşkilatlarda tərcüməçilərə, mütəxəssislərə çox ehtiyac var. Bir məqamı da qeyd edim ki, Ermənistanda otuzdan çox məktəbdə xarici dil olaraq Azərbaycan dili tədris olunur.
- Bəs dərs vəsaiti problemini necə həll edirsiniz? Yəqin ki, hazırda elə bir zəngin baza yoxdur. Əlinizdəki material sizi qane təmin edirmi?
- Azdır, kifayət etmir. Ancaq bizim mütəxəssislərimiz var ki, uzun illərdir, bu işlə məşğuldurlar və onların tərtib etdiyi dərs vəsaitləri var. Sizə maraqlı bir şey deyim. Deməli, bizim müəllimimiz əlindəki materialları heç yerdə çap elətdirə bilmir. Hara yaxınlaşırsa, deyirlər ki, bu, erməni dilidir, bunu çıxara bilmərik. Ona görə də biz materialları universitetdə çıxarıb uşaqlara veririk.
- Tələbələr dərslərində necədir? Bu dildən baş çıxara bilirlərmi?
- Mən bir dəfə müəllimdən soruşdum ki, əgər oxumayan varsa, biz bilək. Müəllimə bildirdi ki, qətiyyən, tənbəl tələbə yoxdur, əksinə, çox çalışırlar, tələsirlər ki, tez öyrənsinlər. Düzü, qəbul zamanı düşünürdüm ki, müraciət edənlər ancaq oğlanlar olacaq, qız uzağı bir, ya iki olar. Amma maraqlıdır ki, on tələbəmizin dördü qızdır. Bu məqam məni çox sevindirir.
- Bənövşə xanım, bilirik ki, xarici dil öyrənərkən həmin dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq prosesi xeyli asanlaşdırır. Bu uşaqlar da erməni ilə danışa bilməz. Nə də ki, ingilis-rus dillərində olduğu kimi addımbaşı görəcəkləri danışıq klubları, ünsiyyət üçün mühit yoxdur. Bu boşluğu necə doldurmağı düşünürsünüz?
- Biz tədrisə başlamadan öncə bu məsələni nəzərə almışdıq. Hazırkı mərhələdə danışıq klubları ermənişünaslıq mərkəzində çalışan mütəxəssislərin iştirakı ilə yaradılacaq. Ümumiyyətlə, yazılı dildən fərqli olaraq danışıq dilində bir sıra məsələlər var ki, biz onları qeyd etməliyik. Məsələn, Ermənistanda yaşayan erməni ilə Qarabağda yaşayan erməninin ləhcəsi xeyli fərqlənir, hətta deyirlər ki, bəzən onlar özləri belə bir-birinin danışığını başa düşmür. Ümumiyyətlə, bu dil çox çətindir. Bir neçə yerə sorğular da göndərmişik ki, dili bilən şəxslər varsa, bizə yönləndirsinlər. Bir sözlə, mümkün bütün vasitələrlə nəsə etməyə çalışırıq.
Söhbətimizi Bənövşə xanımın dediyi həmin o bir müəllimlə - Universitetin Tərcümə fakültəsi nəzdində Xarici dil kafedrasının erməni dili müəllimi Nigar xanım Yusifli ilə davam etdiririk.
- Nigar xanım, necə öyrətməyiniz haqqında danışmadan öncə məni sizin bu dili necə öyrənməyiniz maraqlandırır. Siz özünüz erməni dilini harada öyrənmisiniz?
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında öyrənmişəm. Bu sahə üzrə də orada ixtisaslaşmışam. Daha sonra fərqli-fərqli yerlərdə işləmişəm. Hazırda fəaliyyətimi burada davam etdirirəm. Çox sevincliyəm ki, dili öyrənmək istəyən tələbələrimiz var. Onlar işin məsuliyyətini, əhəmiyyətini dərk edərək bu dili öyrənir. Tələbələrimə tez-tez deyirəm ki, siz universitetin ən cəsarətli tələbələrisiniz. Bu, doğrudan da böyük cəsarət və əzm tələb edir.
- Onlardan cəsarət, sizdən isə həm də məsuliyyət. Yəqin bu işdə bir pedaqoqdan daha artığını etməli olursunuz.
- Bəli. Vətənpərvərlik hissinin olması mənim üçün çox önəmli məqamdır. Çünki mən bu dili öyrədirəm ki, tələbələrimiz dövlətimizə, xalqımıza xeyirli vətəndaşlar olsunlar. İnanın, tələbələrimiz o qədər vətənpərvərdirlər ki. Bunu onların hər hərəkətindən hiss edə bilirəm. Onlar da öz məsuliyyətini dərk edirlər.
Alman, ingilis, fransız dilində təhsil alan tələbələr çox rahat çıxıb dəhlizdə bu dillərdən birində danışırlar. Mən tələbələrimə deyirəm ki, siz diqqətli olmalısınız, bu dildə ancaq universitet daxilində danışa bilərsiniz, avtobusda, küçədə, məişətdə bu dildən istifadə etməyiniz kənardan yanlış başa düşülə bilər.
Səbirsizliklə gözlədiyim məqam yetişir, auditoriyaya keçib, bir-bir tələbələrlə tanış oluram. İlk sualım da onları bura gətirən səbəb haqqında olur.
Solmaz:
- Əslində, hamımızın niyyəti eynidir. Biz dövlətimizə xidmət etmək istəyirik. Şəhidlərimizin siyahısına baxanda görürdüm ki, onların çoxu mənim yaşıdlarımdır. Bu, mənə çox təsir edirdi. Ona görə də istəyirdim ki, mən də bacardığım şəkildə bu yolda nəsə edə bilim. İxtisas seçimi zamanı erməni dilini görəndə heç tərəddüd etmədən yazdım.
Natiq:
- Əslində, əvvəllər ingilis dilini seçməyi düşünürdüm. Sonradan fikrimi dəyişdim. Atamla belə qərara gəldik ki, erməni dilini seçim.
- Bəs sizin ailələriniz seçiminizə necə yanaşdı?
Fatimə:
- Məni elə ən çox anam-atam dəstəkləyirdi ki, sən bu işin öhdəsindən gələcəksən.
Mədinə:
- Məni də ən çox atam dəstəklədi.
Səccad:
- Ailəm narazılıq eləmədi. Əmim polisdir, o da bu qərarımda mənə dəstək oldu.
Solmaz:
- Əvvəlcə bir az atam narazı oldu ki, orada oğlanlar çox olacaq. Amma mən çox istədiyimi bildirəndə razılaşdı və dedi ki, sənin qərarlarını dəstəkləyirəm.
- Bəs qohumlar? Onların reaksiyası necə oldu?
Solmaz:
- Qohumlar deyirdilər ki, niyə bu ixtisasa gedir? Hətta bir ara bu sözlərə görə pis də olurdum. Ancaq universitetə gələndən sonra bizə necə diqqətlə yanaşıldığını gördüm və bu dəyər məni özümə gətirdi.
Birinci olmaq çətindir, məsuliyyətlidir, ən əsası da cəsarət tələb edir. Təkcə bu cəsarətinizə görə sizə alqış düşür. Hamınız dəyərlisiniz. Sizə bu yolda bol-bol uğurlar...
Aytac SAHƏD