|
|
|
|

Rəsmi Tbilisi növbəti dəfə Bakı və İrəvan arasında sülhə nail olmaq üçün öz vasitəçiliyini təklif edib. Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı Baş nazir İrakli Qaribaşvili tərəfindən bu təklif səsləndirilib.
"Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir", - Gürcüstanın hökumət başçısı deyib.
Rəsmi Bakı Gürcüstanın vasitəçilik təklifinə müsbət yanaşır. Çünki həqiqətən də nəhayət, Cənubi Qafqaza sülh gəlməsini, normal qonşuluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: "Biz bunu alqışlayırıq. Əgər, bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilər".
Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı əlavə edib: "Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni ya-naşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".
Gürcüstan tərəfindən daha əvvəl də bu cür təklif səsləndirilib. Prezident Salome Zurabişvili hələ iki il əvvəl Tbilisinin Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyini deyib.
Eyni zamanda onu da xatırlatmaq lazımdır ki, məhz Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü və ABŞ-la effektiv əməkdaşlıq sayəsində 2021-ci ildə Azərbaycan və Ermənistan arasında humanitar razılaşma əldə edilmişdi. Belə ki, həmin il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bir neçə gün əvvəl Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski da bildirib ki, Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçi ola bilərlər. Onun sözlərinə görə, Gürcüstanın kifayət qədər yüksək nüfuzu var.
Qeyd edək ki, bu təklif İrəvan rəsmiləri ilə görüşlərdə də səsləndirilib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili erməni həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib ki, Gürcüstan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçi kimi davam etməyə hazırdır.
Baş nazir İrakli Qaribaşvili də keçən həftə Ermənistana səfəri zamanı vasitəçilik missiyasını da gündəmə gətirib.
Hazırda iki dövlətin sülh sazişi imzalamasına bir addım qalıb, desək, yanılmarıq. Xüsusilə 19 sentyabrda Bakının apardığı bir günlük antiterror tədbirlərindən sonra sülh üçün ciddi əngəl qalmayıb. Çünki Ermənistan üçtərəfli bəyanatda əksini tapmasına baxmayaraq, öz silahlılarını Azərbaycan ərazisində saxlamaqda davam edirdi və terrorçu xunta rejiminə dəstək verirdi. Bakı bu problemi də özü həll etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tandığını bəyan edib. İndi sərhədlərin demarkasiya və delmitasiyası məsələsi qalır. Yəni Ermənistanın iradəsi olsa, nəhayət, müstəqil dövlət olduğunu anlasa, sülh müqa-viləsinə yaxın günlərdə imza ata bilər. Həmçinin, uzaqda himayədar axtarışlarına, Fransaya, Almaniyaya sığınmağa son qoyub, qonşuları ilə normal münasibətlər qurub, Gürcüstanın təklifini müsbət dəyərləndirməldir.
Gürcüstanın neytral mövqe tutması, nüfuzu onun bu məsələdə uğurlu olacağını deməyə əsas verir. Onu da yada salaq ki, Tbilisi İkinci Qarabağ müharibəsi günlərində öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmasının qarşısını almaq üçün bağlamışdı.
İndi bir sıra suallar yaranır. Ermənistan Gürcüstanın vasitəçilik təklifini qəbul edəcəkmi? Tbilisdə sülh sazişi imzalana bilərmi?
Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzunu "525"ə şərhində deyib ki, Gürcüstanın vasitəçilik təklifinə tam şəkildə müsbət yanaşır: "Gürcüstan Azərbaycan-Ermənistan məsələsində tərəfsiz qalmağı bacardı. Hər hansı bir tərəfə meyl etmədi. Ağıllı, balanslaşdırılmış, şəffaf siyasət apardı. Azərbaycan ədalətli mövqeyinə, haqqın yanında olduğuna görə Gürcüstanla münasibətlərini daha da inkişaf etdirir. Bu ölkədə bir sıra mühüm iqtsadi layihələr həyata keçirilir, investisiyalar qoyulur. Başqa sözlə, Gürcüstan kimi neytral, səmimi tərəfin vasitəçilik təklifi müsbətdir. Amma Azərbaycanın təklifə müsbət yanaşmasına, onu dəstəkləməsinə baxmayaraq, Ermənistanın bu təklifə "hə" deyə biləcəyini düşünmürəm. Çünki İrəvanın öz arxasındakı güclərin maraqları, onların Qafqazdakı siyasətini həyata keçirməyə çalışdığı üçün neytral bir ölkənin vasitəçiliyi ilə sülh sazişi imzalaya biləcəyinə əmin deyiləm. Ermənistan müstəqil siyasət həyata keçirən bir dövlət olmadığı, qərarlarını özü müstəqil şəkildə qəbul etmədiyi üçün yanında mütləq Makron, Şarl Mişel, Almaniya kansleri Şolts kimi güclü "qardaşları" ilə masaya oturmaq istəyəcək. Dediyim kimi, Ermənistan dövləti öz qərarlarını özü vermir, müstəqil dövlət kimi davrana bilmir. Əslində sülh sazişinin nəhayət imzalanması çox yaxşı, çox faydalı olardı. Bunu Ermənistan və havadarlarından başqa digərləri çox gözəl anlayırlar. Sülh sazişinin imzalanması üçün də atılacaq çox az addım qalıb".

General deyib ki, Azərbaycan Gürcüstanın təklifinə müsbət yanaşır və "hə" deyəcəyini düşünür: "Prezident İlham Əliyev artıq mövqeyini açıqlayıb. Başqa yanaşma da mümkün deyildi. Çünki Azərbaycan müstəqil siyasət aparan dövlətdir və beynəlxalq normalara uyğun addımlar atır. Öz ərazi bütövlüyünü təmin etdi. Üçtəfəli bəyanatdakı müddəların yerinə yetirilməsi, sülh müqaviləsi Gürcüstanın vasitəçiliyi ilə Tbilisdə imzalana bilər, amma Ermənistan tərəfi, dediyim kimi, mütləq Aİ, fransız, alman "abilərini" bu masada görmək istəyəcəkdir. Azərbaycan da buna qarşılıq olaraq masada Türkiyəni və Rusiyanı müşahidəçi olaraq görə bilər. Ən son Qranada görüşünə hörmətli Prezident İlham Əliyevin haqlı olaraq getmədiyini düşünsək, bu, nöqtədən hərəkətin gerçəkləşə biləcəyi, yəni Tbilisinin vasitəçiliyi mümkün görünə bilər. Başqa sözlə, bir qonşu ölkənin Cənubi Qafqaza barış, sülh, dinclik gəlməsi üçün belə bir təkliflə çıxış etməsi, alqışlanmalıdır. Azərbaycan üçün hər hansı problem yoxdur, lakin Ermənistanın bunu qəbul edəcəyini düşünmürəm. Amma istədiyimiz budur ki, harada imzalanmasından asılı olmayaraq qısa müddət ərzində sülh sazişi imzalansın, regiona sülh, sabitlik, dinclik gəlsin".



