|
|
|
|

“Gürcüstan uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etməyə çalışır. Öz imkanlarını, potensialını da bu istiqamətdə təqdim edir. Belə görünür ki, Gürcütanın son proseslərdən sonra rolu bir qədər də aktuallaşıb”.
Bu fikirləri “525”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, güclü geopolitik oyunçular həmişə öz maraqlarından regionu nəzərdən keçirirlər və öz maraqları istiqamətində məsələnin həllinin tərəfdarıdırlar: “Onlar çalışırlar ki, bölgədə öz maraqlarını təmin etsinlər. Moskva, Brüssel, Vaşinqton əlbəttə ki, böyük geopolitik aktorlardır, onlar Gürcüstanla müqayisəyə gələ bilməzlər. Lakin Gürcüstan Cənubi Qafqazın ayrılmaz bir parçası kimi bölgədəki sabitliyin tərəfdarı olduğunu bəyan etmişdir. Gürcüstanın mühüm özəlliklərindən biri də budur ki, bu dövlətin ərazisində azərbaycanlılarla ermənilər sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Bu, çox yaxşı bir president formalaşdırır ki, Qafqazda birgəyaşayış təmin olunsun və bu fikirlər daim səsələndirilir. Bir mühüm məqamı da diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü baş tutmuşdur. Burada da regional təhlükəsizlik aspektləri müzakiə olundu. Bu, qeyd edilən məsələdə çox mühüm bir inkişafın əldə edilməsi demək idi. Ermənistan da məhz Qarabağ məsələsi həll olunduqdan sonra sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazda ümimi bir təhlükəsizlik arxitekturasının yaranmasına çalışmalıdır”. Politoloq deyib ki, Azərbaycanın sülh niyyətləri hamıya bəllidir: “Bizim əsas məqsədimiz Cənubi Qafqazda nümunəvi bir sülh sisteminin formalaşması naminədir və əminik ki, biz buna nail olacağıq”.



