|
|
|
|

Azərbaycan dünyada ərazisi minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Ermənistan 30 ilə yaxın davam edən işğal müddətində torpaqlarımızı kütləvi şəkildə minalarla çirkləndirib. Eyni zamanda Qarabağda mövcud olmuş separatçı xunta rejimi də İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan və digər qanunsuz yollardan istifadə edərək Ermənistandan ərazilərimizə silah-sursat, minalar daşıyıb. Məlumata görə, minaların sayı 1 milyondan çoxdur. Bu günlərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin sədr müavini Samir Poladovun mətbuata açıqlamasından bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb. Onun sözlərinə görə, bu, dəqiq və son məlumat deyil. Laçında improvizə edilmiş bir sıra minalar aşkarlanıb. Onlar evlərin astanasında, həyətlərdə yerləşdirilib. Ümumiyyətlə, mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqda baş verib. Belə ki, cəmi 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə meydana gəlib. Görünən odur ki, ermənilər çox geniş şəkildə minalanma cinayəti ilə məşğul olublar. Məqsəd daha çox Azərbaycan vətəndaşına zərər vurmaq, həyatlarına son qoymaq, soydaşlarımızın öz yurdlarına qayıdışı prosesinin qarşısını almaq və onu ləngitməkdir.
Bu gün azad olunmuş ərazilərin minalardan təmizlənməsi dövlətimizin qarşısında duran bir nömrəli vəzifədir. Çünki həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, eyni zamanda insanlarımızın təhlükəsiz qayıdışı üçün ilk növbədə minalar təmizlənməlidir. Azərbaycan dövləti demək olar ki, öz gücü hesabına azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Amma bu prosesin çox mürəkkəb və uzun müddət tələb etdiyi məlumdur. Prosesi çətinləşdirən bir məqam da Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsidir. Bir müddət əvvəl tədqim edilmiş xəritələr isə reallıqla üst-üstə düşmədi. İkinci Qarabağ müharibəsi başa çatandan bəri 315 nəfər hərbi və mülki vətəndaşlarımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Lokal antiterror tədbirlərindən sonra ermənilərin daha bir cinayətkar əməli üzə çıxıb. Belə ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyi məlum olub. Təəssüf ki, ermənilərin bu vəhşi, insanlıqdan uzaq davranışlarına beynəlxalq birlik göz yummaqdadır və lazımi reaksiyalar verilmir.
Azərbaycan Prezidenti dəfələrlə ən ali tribunalardan işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri çox sayda vətəndaşımızın mina qurbanı olduğunu beynəlxalq birliyin diqqətinə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə yenidən bu mövzuya toxunub: "2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır".
Qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti fəalları dəfələrlə bununla bağlı beynəlxalq birliyə müraciət ediblər. Artıq bir sıra xarici QHT, vətəndaş cəmiyyəti fəalları bu problemlə bağlı BMT-yə müraciət ediblər.
Eyni zamanda, "Minadan azad dünya üçün qlobal təşəbbüs" adlı petisiyaya başladılıb. Petisiya "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir.
Kampaniya müəllifləri bəyan edir ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəlib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb. Müraciət müəllifləri tələb edib ki, Ermənistan yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir. İnsanların təhlükəsizliyinin təminatı, mülki insanların həlak olmaması üçün Ermənistan mina xəritələrini təqdim etməlidir.
Bu petisiyanın başladılması problemin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, onun həlli üçün dəstək alınması baxımından çox vacibdir. Artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib. Dinc insanların mina qurbanına çevrilməsi, öz sağlamlıqlarını itirməsi bütün dünyanı narahat etməlidir. Ona görə də bu petisiyaya daha çox dəstək verilməli, beynəlxalq vətəndaş cəmiyyəti institutları problemlə bağlı dünyaya çağırış etməlidirlər.
Təəssüf ki, beynəlxalq qurumlar, xarici ölkələr Azərbaycanın üzləşdiyi bu ağır problemə daha həssas yanaşmaq, dəstək vermək, Ermənistana təzyiq göstərmək əvəzinə, ölkəmizə qarşı qərəzli qətnamələrin, bəyanatların qəbuluna çalışırlar. Bu bir daha beynəlxalq birliyin Azərbaycana yanaşmada ikili standartlardan çıxış etdiyini, ədalətsiz olduğunu göstərir.



