|
|
|
|

Son günlər Avropanın Azərbaycana münasibətdə daha qərəzli davranışını müşahidə etməkdəyik. İndiyə qədər də Azərbaycana münasibətdə ədalətli ola bilməyən, ölkəmizə yanaşmada ikilistandartlardan çıxış edən, Ermənistanın 30 ilə yaxın davam edən işğalına, ərazimizdə separatizmə göz yuman həmin qurumlar məhz Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra daha da "fəallaşmağa" başlayıblar. Görünən odur ki, həmin Avropa regionda sülhün, əmin-amanlığın olmasını, iki dövlətin - Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşmasını istəmir. Əks halda, Avropa Parlamenti, Avropanın digər strukturları başqa mövqedən çıxış edərdilər. Baş nazir Nikol Paşinyanı Strasburqda təmtəraqla qarşılayıb, iclasda çıxışına şərait yaradıb, onun Azərbaycana qarşı əsassız, yalan iddialar səsləndirməsinə imkan verməzdilər. Təəssüf ki, bu gün korrupsiyaya bulaşmış, öz nüfuzunu getdikcə itirən Avropa Parlamenti erməni şəbəkəsinin təsiri altındadır. AP üzvləri erməni diasporundan aldıqları rüşvət müqabilində öz simalarını tamamilə itirib, öz dəyərlərini qurban veriblər. Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollarlıq korrupsiya qalmaqalını yada salmaq kifayət edir. Amma bu, nə birincidir, nə də ki sonuncu.
Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının 2023-cü il oktyabrın 18-də verdiyi antiazərbaycan bəyanatı da dediklərimizi təsdiqləyir. Bəyanat qərəzlidir, sülhə xidmət etmir. Aİ, AP bu cür davranışları ilə Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik roluna da kölgə salır. Bir tərəfi dəstəkləyib, onun cinayətlərinə, pozuculuq əməllərinə haqq qazandırmaqla vasitəçi olmaq mümkün deyil. Bu gün Azərbaycanı nədəsə ittiham etmək olmaz. Çünki ölkəmizin bütün addımları beynəlxalq normalara uyğundur. Öz ərazisində separatizmin baş qaldırmasına imkan verməyən Avropa Azərbaycanın özünün ərazisində separatizmə, qanunsuz silahlı dəstələrə, terrorizmə son qoymasını niyə qəbul edə bilmir? Nümayiş etdirilən kadrlar, faktlar həmin ərazimizin necə hərbiləşdirildiyini, terror yuvasına çevrildiyini göstərdi. Amma yenə də Fransanın və digər antiazərbaycan qüvvələrin təsiri ilə bizim ölkəmizi ittiham etməyə çalışırlar. Avropa Parlamentinin bugünkü qərəzali mövqeyi həm də onun islamofobik mövqeyindən irəli gəlir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Avropa Ermənistanın işğalçı, ikili standartlara əsaslanan siyasət yeridən ölkə olduğunu ya görmür, ya da görmək istəmir: "Məhz bu münasibətin nəticəsidir ki, torpaqlarımız 30 il işğal altında qaldı. Əgər Azərbaycan Avropa siyasətçilərinin "Hər ikiniz razılığa gəlin" siyasəti ilə hərəkət etsəydi, hələ də torpaqlarımızın bir qarışı belə işğaldan azad olunmazdı".
Deputat əlavə edib ki, bu gün Avropa Ermənistana qarşı şıltaq uşağın nazı ilə oynamaq siyasəti yeridir: "Onlara elə gəlir ki, Ermənistan uydurduğu nağılları qəbul etməklə onları avropalı edə biləcəklər. Amma gərək daxildən avropalı olasan. Avropa geyimi geyinməklə və ya ingilis dilində danışmaqla avropalı olunmur. Həmin o Ermənistandır ki, Xocalı, Meşəli soyqırımlarını törədib, torpaqlarımızı işğal edib, bir milyona yaxın insanı öz yurdundan didərgin salıb".
Deputat hesab edir ki, Ermənistan vaxtilə onun yaranmasında böyük dəstəyi olan Rusiyaya arxa çevirməklə bu gün onu pulla təmin edə biləcək Avropaya üz tutur: "Bir tərəfdən Avropanın əzizlədiyi uşaq olub, digər tərəfdən İranla dostluq edərək iki stolda oturmağa çalışır. Amma erməni başbilənləri dərk etmirlər ki, başqa dövlətlərin yardımı ilə milli dövlət qurmaq, problemləri həll etmək olmaz. Eyni zamanda, beynəlxalq hüququ pozmaqla heç vaxt beynəlxalq birlikdə nüfuz qazanmaq olmaz. Ermənistan təsadüfən qazandığı müstəqilliyi bugünkü gündə reallaşdıra bilmir. Bu baxımdan Ermənistan-Avropa münasibətlərinin də nə vaxtsa Avropa-Rusiya münasibətlərinə çevriləcəyini güman etmək olar. Avropanın Ermənistanın nazı ilə oynaması Azərbaycanı öz suveren siyasətindən heç vaxt çəkindirə bilməyəcək".



