|
|
|
|

Son günlər Qərb Azərbaycan əleyhinə atdığı addımlarla, səsləndirdiyi bəyanatlarla, hansısa kağız parçalarının qəbulu ilə əslində özünü ifşa etməkdədir. Qərb bu davranışları ilə açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsini istəmir. Görünən odur ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Əgər belə olmasaydı, otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdı və bu gün regionda məhz Azərbaycanın səyləri, təşəbbüsü ilə sülh üçün yaranmış real imkanları pozmağa çalışmazdı. Qərb bütün səylərini məhz buna yönəldib. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Nəticədə bu gün Afrika xalqları yoxsulluq içində yaşayırlar, qitəni xəstəlik bürüyüb və həmin Fransa bütün bu qanlı, talançı əməllərinə görə artıq Afrikadan qovulur. Fransa, həmçinin, öz sərhədlərindən uzaqda yerləşən ərazilərdə - Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqlara qarşı kolonializm siyasətini davam etdirir. Xalqların azad yaşamaq, öz dövlətlərini qurmaq istəklərini boğur.
Dünən Azərbaycan Prezidenti Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu məqamlara diqqət çəkib, qeyd edilib ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ən müxtəlif yalanlara, şər böhtana əl atırlar. Bəzi Avropa təsisatları, o cümlədən, Avropa Parlamenti, Avropa İttifaqı, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqeyində bunu aydın nümayiş etdirir. Məhz həmin güclər Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü özünü ifşa etdi, vasitəçilik təşəbbüsünə də kölgə saldı. Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən iclasda qəbul etdikləri bəyanatda ölkəmiz əleyhinə qərəzli, yalan fikirlər yer alıb. Bəyanatda antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin guya kütləvi surətdə kö-çürülməsi və s. kimi əsassız iddialar yer alıb. Qarabağda qalmaq istəməyən erməni sakinlərin könüllü olaraq ərazini tərk etməsini əks etdirən faktlar saysız-hesabsızdır. Ona görə də bu kimi iddialar heç bir fakta əsaslanmır. Rəsmi Bakı ilk gündən reinteqrasiyanın tərəfdarı olub, bu istiqamətdə real addımlar atıb, eyni zamanda Qarabağ ermənilərini bölgəni tərk etməməyə çağırış edib. Amma təbii ki, onları məcburi şəkildə saxlamaq da mümkün deyil. Bu, onların fərdi qərarlarıdır. Məlum olan odur ki, Avropa təsisatları Azərbaycanın öz ərazisində keçirdiyi bir günlük lokal antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmırlar. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Ermənistana ardıcıl maliyyə və humanitar yardımının göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymur. Təəssüf ki, Avropa təsisatları ədalətli ola bilmirlər. Əksinə, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Fransanın oyunlarına ortaq olur. Parisin Cənubi Qafqaz siyasəti regionda yeni müharibəyə təhrik etmək, qarşıdurma yaratmaqdır. Ermənistanı silahlandıran Paris ölkəmiz əleyhinə qərəzli qətnamələrin, bəyanatların müəllifidir. Bütün bunlar isə qeyd etdiyimiz kimi, sülhə birbaşa maneədir. Ermənistan Fransanın, Avropa təsisatlarının planlarında yer aldıqca, onların əmrləri ilə hərəkət etdikcə, vassal dövlət olaraq qalacaq. Qərb isə Azərbaycan əleyhinə addımları ilə özünə ziyan vurmuş olacaq. Çünki Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş, humanist, sülhpərvər dövlət olaraq tanınıb.



