|
|
|
|

Fransa Cənubi Qafqazı gərginlik ocağına çevirmək, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əngəl olmaq, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün əlindən gələni edir. İndiyə kimi bütün pozucu səyləri, planları iflasa uğrayan Paris, təəssüf ki, dayanmaq bilmir. Təəssüf ki, Ermənistan da regionda yaranmış yeni fürsətləri dəyərləndirmək əvəzinə, Makronun çaldığı hava ilə oynayır. Bununla da, Ermənistan hakimiyyəti öz xalqının və dövlətinin deyil, Fransanın və Makronun maraqlarından, mənafeyindən çıxış etmiş olur.
Fransa rəsmiləri artıq bir müddətdir ki, Ermənistanın "təhlükəsizliyini təmin etmək" adı altında bu ölkəni silah-sursatla təmin edəcəklərini açıqlayırdılar. Fransanın müdafiə naziri Sebastyan Lekornyu hələ bir müddət əvvəl bu barədə deyib: "Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident (Makron - red.) şəxsən prosesləri izləyir. Çünki bu məsələ Fransa üçün çox vacibdir. O (Makron) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir. Biz ölkədə (Ermənistanda) indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək".
Bu açıqlamadan çıxan nəticə o idi ki, Fransa Ermənistanı silahlandırmaq, bununla da onu yeni müharibəyə hazırlamaq niyyətindədir. Bir neçə gün əvvəl isə müdafiə naziri Lekornyu bəyan etdi ki, Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılması nəzərdə tutulub: "Dövlət başçısı Emmanuel Makron dəqiq müəyyənləşdirib ki, planlarımızda müdafiə xarakterli silah və texnikanın satışı var. Ermənistanla müzakirələrimiz də bu istiqamətdədir. Artıq heç nə deyə bilmərəm. Lakin bəzi silahlarımız ilk növbədə Ermənistanın təhlükəsizliyinin təminatına və vətəndaşlarının həyatlarının qorunmasına xidmət edəcək".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu məqsədlə Fransada səfərdə olub. Paris Ermənistana silah tədarükü ilə yanaşı, hava hücumundan müdafiə sistemləri də verəcək. Silah satışı ilə bağlı sazişdə bu barədə qeyd olunub.
Fransa özünün Cənubi Qafqaza yönəlik çirkin oyununu "Ermənistanın sərhədlərinin mühafizəsini təmin etmək" adı ilə sığortalamağa çalışır. Yeri gəlmişkən, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bir neçə gün əvvəl jurnalistlərə bildirib ki, sərhəddə vəziyyət sabitdir. Yəni Fransanın "narahatlığına" əsas yoxdur. Amma məqsəd dediyimiz kimi, məlumdur - Ermənistanı silahlandırmaq həm də yeni hərbi təxribatlara, müharibəyə təhrik etməkdir. Cənubi Qafqaza nüfuz etməyə çalışan Fransanın indiyədək müxtəlif planları iflasa uğradığı üçün məhz özünün marionetkası olan İrəvan vasitəsilə bunu gerçəkləşdiməyə çalışır. Məlumdur ki, indiyədək sərhəddəki bütün toqquşmalar Ermənistan tərəfindən törədilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri isə təxribatların qarşısını almaq üçün cavab tədbirləri görüb. Yeni qarşıdurma yaratmaqda məqsəd iki dövlətin münasibətlərinin normallaşmasına, dinc qonşuluq şəraitində yaşamasına mane olmaq, Ermənistanı regional inteqrasiyadan məhrum etməkdir. Əks halda, Paris artıq sülh üçün yaranmış çox əlverişli imkanları pozmaqla məşğul olmazdı.
Təəssüf ki, Qərb də Fransanın pozucu addımlarına göz yumur, onun oyunlarının iştirakçısına çevrilir. Son günlər bəzi Qərb platformalarında ölkəmiz əleyhinə qəbul edilən qətnamə və bəyanatlar, bir sıra dövlətlərin qərəzli, heç bir əsası olmayan açıqlamaları dediklərimizi sübut edir.
Ermənistan müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün "forpost" olmağa üstünlük verib. İndi də Fransanın "forpostu" olmaq istəyi Ermənistanı daha çıxılmaz vəziyyətə sala bilər.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı "525"ə deyib ki, Fransa dünyada etibarını itirən, Afrikadan qovulan, Avropa İttifaqında istədiyi gücü tapa bilməyən bir ölkədir: "Başqa sözlə, Paris özünə yeni fəaliyyət sahəsi, məşğuliyyət, əyləncə tapmağa çalışır. Bu kontekstdə də Qərbin təmsilçisi olaraq Ermənistanı silahlandırmağa çalışır. Eyni zamanda İrəvana həm siyasi, həm də hərbi dəstək verir. Fransa NATO-nun üzvüdür, alyansın silah sistemlərini və standartlarını istifadə etməkdədir. Ermənistan isə MDB ölkəsidir, yəni Fransanın verəcəyi silah və sistemlər xüsusilə havadan müdafiə sistemlərinin hazırda Ermənistanın istifadə etdiyi Rusiya istehsalı olan silah-sursatlarla uyğunlaşdırılması lazımdır. Bu mənada baxdıqda, Fransa tərəfindən Ermənistanın silahlandırılması ilk növbədə siyasi bir dəstəkdir, daha sonra hərbi dəstəkdir. Ermənistanın əslində silah-sursat almaq üçün pulu yoxdur. Daha əvvəl necə ki, Rusiyadan havayı silah-sursatla təmin olunurdu, indi də Fransadan pulsuz silah-sursat alamağa davam edəcəkdir".
General deyib ki, Azərbaycan və Türkiyədən başqa, Fransanın Ermənistana hərbi və siyasi dəstəyi İrana və Rusiyaya qarşı yönələcəkdir: "Biz sonrakı mərhələdə bunun şahidi olacağıq. Bu, müttəfiqliyə, eyni zamanda strateji müttəfiqliyə ziddir. Bu durumun davam edəcəyi təqdirdə, Ermənistan ondan qazanmayacaq, əksinə daha çox itirəcək".
Y.Karauza görə, Cənubi Qafqazın regional gücü, hərbi gücü məhz Azərbaycandır. Ermənistan istər Fransadan, istər Hindistandan və digər ölkələrdən hansı silahları-sursatları alırsa alsın, uğur əldə etməsi mümkün deyil.



