|
|
|
|

Fransa Cənubi Qafqazda pozuculuq əməllərindən əl çəkmək niyyətində olmadığını açıq şəkildə göstərir. Qarabağ münaqişəsinin həll olunmasından, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsindən dərin narahatlıq keçirən Paris, bölgədə yeni müharibəyə təhrik edir, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin qarşısını alır, sülh müqaviləsinin imzalanmasına hər cür əngəl yaradır. Təəssüf ki, bu gün Ermənistan da Fransaya ondan istədiyi kimi istifadə etməyə imkan yaradır. Ermənistan hakimiyyəti müstəqil olaraq hərəkət edə bilmir, Parisin maraqlarından çıxış edir və artıq onun forpostuna çevrilməkdədir. Parisin Ermənistanı silahlandırması, bölgəyə hərbi missiya göndərməyə çalışması da dediklərimizi sübut edir. Başqa sözlə, bu gün Fransanın Ermənistan vasitəsilə gerçəkləşdirdiyi militarizasiya siyasəti Cənubi Qafqazda sülhə, barışa, sabitliyə əsas təhlükədir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada səfərdə olub və bu ölkədən olan həmkarı Sebastyan Lökornü ilə hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Bu ölkənin "Le Mond" nəşri yazıb ki, söhbət yüz milyonlarla avro dəyərində silah-sursatın satışından gedir. Qeyd olunub ki, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən, zenit-raket kompleksləri satır. Yəni söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir. Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki, məlum deyil.
Qeyd etdiyimiz kimi, Fransanın Ermənistanı silahlandırmaq qərarı bu ölkənin Cənubi Qafqaza hesablanmış mənfur planının tərkib hissəsidir. Erməni hərbi ekspert Leonid Nersisyanın açıqlaması da Fransanın Ermənistanı silahlandırmasının nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. Məsələn, o, erməni mediasına açıqlamasında deyib ki, Fransa "Rapid Fire" zenit silahından tutmuş, Rusiyanın uzaqmənzilli S-300 kompleksi ilə müqayisə olunan müasir "Aster" zenit-raket komplekslərinə qədər, demək olar ki, bütün hava hücumundan müdafiə eşelonlarını istehsal edən nadir Qərb ölkələrindən biridir. Qısa və orta mənzilli silahlar, o cümlədən, "Mistral" qısamənzilli hava hücumundan müdafiə sistemi, texniki xüsusiyyətlərinə və imkanlarına görə Rusiyanın "Tor-U" sisteminə bənzəyən "Crotale Mk3" qısa mənzilli silahlar Ermənistan üçün uyğun olardı. Onun sözlərinə görə, Ermənistan üçün xüsusi maraq doğuran silah sistemlərindən biri də Rusiyanın "Buk" sinfinə yaxın olan "Mica" ortamənzilli sistemidir. 2020-ci ildə Mərakeş bu sistemin bir batereyasını 2020-ci ildə 100 milyon dollara alıb. Ermənistan isə 4-nü ala biləcək imkandadır. Erməni ekspert vurğulayıb ki, alınan silahların istehsalı ən azı bir il çəkə bilər və bu müddət ərzində təlimlər də təşkil oluna bilər: "Bütün fransız sistemləri bir-biri ilə inteqrasiya olunub, bu, bütün avtomatlaşdırılmış idarəetmə sisteminin birlikdə istifadəsinə imkan verir ki, bu da səmərəliliyi artırır".
Parisin 44 günlük müharibədə Azərbaycana qarşı tutduğu qərəzli mövqe, ərazimizdə separatizmin mövcudluğuna, Ermənistanın işğalına haqq qazandırması, dəstək verməsi, həm müharibə günlərində, həm ondan sonra BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbuluna nail olmağa çalışması bu ölkənin iç üzünü açıq şəkildə göstərir. Azərbaycan həmin BMT TŞ-nın 4 qətnaməsini 27 ildən sonra məhz özü yerinə yetirdi. Bir günlük antiterror tədbirləri ilə ərazimizə separatizmin, terrorçuların mövcudluğuna son qoydu. Məhz Azərbaycanın səyləri ilə hazırda regionda sabit durum var, heç vaxt olmadığı qədər sülh, əməkdaşlıq üçün çox gözəl imkanlar mövcuddur. Amma Parisin məqsədi yeni qarşıdurma yaratmaq, Azərbaycanı da bu qarşıdurmaya cəlb etməkdir. Avropanın bir sıra digər ölkələri, o cümlədən, Almaniya, Niderland, İspaniya məhz Fransanın təhriki ilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, müharibəni alovlandırmağa çalışırlar. Niderland parlamentinin Ermənistana hərbi dəstək göstərməyə çağırış etməsi bunun bir nümunəsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bölgədəki silahlı birləşmələri tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransanın yenidən bölgəyə silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaqdır. Fransanın da təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası heç nəyə nail ola bilmədi, indi artıq hərbi missiya haqda danışılır. Bu ölkə İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq görür, Ermənistanın silah-texnika parkını yeniləməyə çalışır. Fransanın son məqsədi - neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir.
Bir detala diqqət çəkmək yerinə düşər.
Makron vaxtilə "İslam dövləti" terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Bundan əvvəl ABŞ prezidenti də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, "hələ müharibəni dayandırmağın vaxtı deyil".
ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib. Makronun və ümumilikdə Qərbin atəşi dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Çünki müxtəlif regionlarda münaqişələrin, müharibələrin, qarşıdurmaların olması həmin bölgəyə müdaxilə, öz maraqlarını təmin etmək imkanları yaradır ki, Qərbin də istədiyi məhz budur. Sadalananlar Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu yenidən sübut edir. Ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibə təklif edir. Paris eyni siyasəti Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir. Amma Fransa və Fransaya bənzər dairələr bilməlidirlər ki, Azərbaycanla hər hansı bir ultimatum dili ilə danışmaq, nəyisə diktə etmək mümkün deyil. Bölgənin söz sahibi, gücü, Cənubi Qafqazda gündəliyi müəyyənləşdirən elə Azərbaycandır. Bunu həmin Fransa da, Qərbin digər qərəzli gücləri də yaxşı bilirlər. Ona görə də öz addımlarını bir daha nəzərdən keçirməlidirlər.



