|
|
|
|

Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Amerika mədəniyyət körpüsü: Cefri Verbok" adlı tədbir yaddaqalan oldu.
C.Verboku, yəqin ki, çoxunuz tanıyırsınız. Amerika muğam cəmiyyətinin sədri olan C.Verbok gənclik illərindən muğam sənəti ilə dərindən maraqlanıb, muğamın, instrumental ifaların sirlərinə yiyələnib və uzun illər azərbaycanlı sənətkarların səs yazılarını dinləyərək ifalardakı keçidləri, improvizələri, xırdalıqları öz çalğısına yansıtmağa çalışıb, beləliklə, tar və kaman alətlərində peşəkar ifa bacarıqlarına yiyələnib. Amerikada qastrol səfərinə gedən azərbaycanlı ifaçılarla tanış olub, onların konsertlərində iştirak edib. Zeynəb Xanlarova ilə Amerikadakı konsertlərdən birində duet də oxuyub. Həmin görüntülər dəfələrlə dövlət televiziyasında yayımlanıb, elə bu səbəbdən C.Verbokun adı çoxdan azərbaycanlılara tanışdır. 1989-cu ildə ilk dəfə Azərbaycana gələn ifaçı mütəmadi olaraq vətənimizdə konsertlər verməyə başlayıb, azərbaycanlı sənətkarların və izləyicilərin sevimlisinə, mədəniyyətimizin dostuna çevirilib. C.Verbokun Bakıya üçüncü gəlişində Ümummilli lider Heydər Əliyevlə görüşü maraqlı, səmimi məqamlarla yadda qalıb.
Cefrinin Azərbaycana bağlılığını burada müxtəsər təqdim etsəm də, əslində, onun həyat və yaradıcılığında ölkəmizlə, musiqimizlə əlaqəli çox hadisə var və onlar da tarixin yaddaşındadır artıq. Maraqlıdır ki, C.Verbok azərbaycanlı qadınla həyat qurub, oğlu Cozef atasının davamçısı kimi püxtələşir.
C.Verboku bizim üçün dəyərə çevirən bir mühüm amil də diaspor sahəsində gördüyü mütərəqqi işlərdir. O, doğulub boya-başa çatdığı yerdə muğamı təbliğ etməklə yanaşı, bu sənətin beşiyi hesab olunan Qarabağın işğalı illərində haqq işimiz naminə əlindən gələni əsirgəmədi, musiqi ilə bağlı təşkil etdiyi seminarlarda, tədbirlərdə həqiqətləri, xalqımızın başına gətirilən faciələri yorulmadan xarici auditoriyaların nəzərinə çatdırdı.
C.Verbok muğamı bütün vücudu ilə duyur və çatdırır. Hətta deyərdim, musiqimizi bir azərbaycanlı kimi dərindən hiss edir. Yazının əvvəlində qeyd etdiyim "Azərbaycan-Amerika mədəniyyət körpüsü: Cefri Verbok" adlı tədbirdə çıxış edən görkəmli incəsənət xadimi, Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi qeyd etdi ki, Cefri kamançanı bəzi azərbaycanlı ifaçılardan daha mahir ifa edir, bu mənada o, daxilən azərbaycanlıdır. Müxtəlif illərin xatirələrini bölüşən professor nitqinin sonunda C.Verboka Konsevatoriyada fəaliyyət göstərən musiqiçilər adından təşəkkürnamə təqdim etdi. Təbii ki, C.Verbok özünə qarşı belə sevgi və diqqəti sevinclə qarşıladı.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında C.Verbokun diaspor sahəsində gördüyü işləri yüksək qiymətləndirdi.
Dağ Yəhudiləri Dini İcmasının üzvü, C.Verbokun gənclik dostu Nisim Nisimov sədr Milix Yevdayevin təbrikini çatdırandan sonra xatirələrini bölüşdü: "Filarmoniyada konsertdi, aparıcı da Firudin Şuşinski. Cefri Verbok kamançada ifa edəndən sonra Firudin Şuşinski heyrətlənib dedi: "Ola bilməz, bu ki Cefri deyil, Cəfərdi, Cəfər!"
Tədbirdə yayımlanan videoçarxlar da olduqca maraqla qarşılandı. C.Verbok Ulu öndər Heydər Əliyevin qəbulunda olan zaman bir arzusunu dilə gətiribmiş: "Şuşada musiqi teatrı yaratmağı arzulayıram". Ardınca Cefrinin Şuşadakı ifasından görüntülər izlədik. Bu məqamda C.Verbok göz yaşlarını saxlaya bilmədi.
Avropa-Azərbaycan cəmiyyətinin sədri Taleh Heydərov C.Verbokun müəllifi olduğu "Gənc səslər, qədim nəğmə" filmindən, onun ərsəyə gəlmə prosesindən bəhs etdi. Ardınca filmdən parçalar nümayiş olundu. C.Verbok səhnəyə çıxaraq var gücü ilə dedi: "Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!"
2000-ci illərin əvvəllərində Amerikada təhsil almış Kənan Mehrəliyev bildirdi ki, C.Verbok nəinki Amerikada musiqimizi təbliğ edib, hətta oradakı azərbaycanlıların muğama, milli musiqimizə sevgisini artırıb.
Qivami Rəhimlinin moderatorluq etdiyi tədbirin bədii hissəsində C.Verbokun, Anar İmanovun və Əsgər Əsgərzadənin ifasını dinlədik. Adətən, belə sənətkarlar solo ifada daha çox könül oxşayırlar, C.Verbok isə həm də mahir müşayiətçidir.
Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri çıxışında dedi: "Biz Azərbaycanda doğulmamışıq, amma Cefri Verbokla missiyamız birdir - Azərbaycana xidmət etmək... Biz dostlarımızın bu xidmətini unutmamalıyıq".
Tədbirdə danışılanlar bir daha sübut etdi ki, C.Verbok, həqiqətən, mədəniyyət körpüsü rolunu layiqincə oynayıb və bu missiya hələ də davam edir. Hər şeyə görə minnətdarıq, Cefri Verbok!



