|
|
|
|

Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir. Bu terrordan təkcə insanlarımız deyil, eyni zamanda Azərbaycan təbiəti, ətraf mühiti, heyvanlar, bitki aləmi də zərər çəkir. Həmçinin Ermənistanın bu əməlləri ümumilikdə Cənubi Qafqazın ekologiyası üçün ciddi təhlükə yaradır.
Məlumata görə, azad edilmiş ərazilərimizdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur. Hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana lazımi dəstəyi vermir, həmrəylik nümayiş etdirmir. Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Qeyd edək ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamaqda davam edib. Yalnız 2023-cü ilin sentyabrında ordumuzun icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısı alınıb. Bu günlərdə "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciətində bu faktlar qeyd edilib. Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. 2023-cü il sentyabrın 11-də Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan Ordusunun hərbi qulluqçuların sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb.
Müraciətdə bu təxribatın adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olduğu bildirilib. Qeyd edilib ki, canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır.

"Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi"nin sədri Qəmzə Yusubova mövzu ilə bağlı "525"ə bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru uzun illərdir davam edir. Torpaqlarımız işğaldan azad olunsa da, ekoloji terror bitmək bilmir. Çünki Ermənistan hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində basdırdığı minaların dəqiq xəritəsini təqdim etməyib. Q.Yusubova deyib ki, sosial şəbəkələrdə iki ayı balasının minaya düşməsi ilə bağlı yayılan görüntülər və fotolar yalnız faktlardan biridir: "Azad olunmuş ərazilərdə demək olar ki, hər gün belə hadisələr baş verir. Ətraf mühitə, canlı aləmə dəyən ziyanla bağlı minlərlə faktlar var. Təkcə ayılar yox, həmin ərazilərdə canavarlar, maral, cüyür, çaqqal, tülkü, dovşan, bəbir, dağ keçiləri, adları Ümumdünya Qırmızı Siyahısına düşən vəhşi heyvanlar mina terroruna məruz qalır. Mina partlayarkən iri heyvanlarla yanaşı, minlərlə qarışqa yuvaları, böcəklər məhv olur. Minaların qəlpələri göydə uçan quşlara da ziyan vurur, həmçinin partlayışın baş verdiyi ərazidə yanğınlar bitki aləmini, ağacları, kolları məhv edir, havanı çirkləndirir. Təəssüf ki, Ermənistanın Cənubi Qafqazın təbiətinə qarşı törətdiyi ekoloji terror bu gün də davam edir. Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətləri nəticəsində kimyəvi tullantılar təmizlənmədən bizim su hövzələrimizə axıdılır və həmin su hövzələrində yaşayan bitki və heyvan aləmi - balıqlar, yosunlar, bir sözlə, canlı aləm məhv olur. Heyvanat aləmi mina partlaması ilə yanaşı, həmin çirklənmiş sudan içdikdə də məhv olur. Bir neçə il bundan əvvəl Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ayaqları sikəst qalmış iki bəbir balasının təsvirini yaymışdı. Onu da qeyd etmək istəyirəm ki, ərazilərimizin minalardan təmizlənməsi çox çətin və uzun sürən bir prosesdir. Təmizlənməmiş ərazilərdə mina partlaması nəticəsində məhv olan canlı aləmdən xəbərimiz yoxdur. Bu hadisələrin yüzlərlə, minlərlə olduğu faktdır. Həmin ərazilər minalardan tamamilə təmizlənənə qədər Azərbaycanın florasına, faunasına, canlı aləminə, ətraf mühitə Ermənistanın ekoloji terroru davam edəcəkdir. Ermənistanın ekoloji cinayəti cavabsız qalmamalıdır. Biz vətəndaş cəmiyyəti olaraq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırıq. Hesab edirəm ki, belə müraciətlər mütəmadi xarakter daşımalıdır. Ümumdünya Təbiəti Mühafizə Fondu və canlı aləmlə, vəhşi təbiətlə bağlı digər müxtəlif təşkilatlar var ki, onlara səsimizə səs verənə qədər müraciətlərimizi davam etdirməliyik. Ümumiyyətlə Ermənistanın əməlləri Cənubi Qafqazda ətraf mühitə, təbiətə ciddi təhdiddir. İstər minalarla çirkləndirmə, istərsə də dağ-mədən sənayesindəki qeyri-şəffaf fəaliyyət olsun. Ermənistanın Cənubi Qafqazda törətdiyi ekoloji terroru, təhdidi dayandırmağın vaxtıdır. Dünya bu məsələdə birləşməli, həmrəy olmalı, Ermənistanın ekoloji terroruna son qoymalıdır". Q.Yusubova əlavə edib ki, Azərbaycanda bu problemlə bağlı fəaliyyətlər davam edir, bir neçə ay əvvəl "Environmental Protection First" Koalisiyası yaradıldı, "Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi" olaraq həmin koalisiyanın üzvüyük və ətraf mühitin qorunması bizim prioritetimizdir: "Ermənistanın törətdiyi ekoloji terrora "dayan", "dur" deməyin vaxtı çoxdan çatıb. Biz öz canlı aləmimizi, flora və faunamızı qorumaq iqtidarındayıq və indiyə kimi qarşıya qoyduğumuz bütün məqsədlərimizə nail olduğumuz kimi, bu hədəfimizə də çatacağıq".



