|
|
|
|

Uzun illərdir sabitlikdən uzaq düşmüş Yaxın Şərq yenidən qaynayır. İsrail-Fələstin qarşıdurması nəticəsində hər iki tərəfdən çox sayda ölənlər və yaralananlar var. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin cənub zonasına hücum edib, nəticədə xeyli mülki şəxs öldürülüb, hərbçilər əsir götürülüb. Bundan sonra İsrail cavab tədbirlərinə başlayıb. Hazırda döyüşlər davam edir. Aktiv əməliyyatların nə zaman bitəcəyi bəlli deyil. Bu qarşıdurma bir daha Qərbin iç üzünü, riyakarlığını aşkara çıxardı. Belə ki, qanlı döyüşlərin getdiyi, dinc insanların həlak olduğu bir vaxtda beynəlxalq oyunçuların sülh çağırışlarının deyil, qızışdırıcı mövqe tutduqlarının şahidi oluruq. Həmin güclər üçün insan itkisi, müharibənin gətirdiyi faciələr, dağıntılar maraqlı deyil. Əsas olan dünyanın ayrı-ayrı bölgələrində aktiv münaqişə ocaqlarının olmasıdır ki, həmin vəziyyətdən istifadə edərək, müdaxilə cəhdləri etsinlər. Necə ki, biz bunu Cənubi Qafqazla bağlı görmüşük. Bir neçə nümunə gətirək. Məsələn, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, bununla da münaqişəni nizamlamaq əvəzinə daha da qızışdırır. Fransa yenə də öz dəsti-xəttinə "sadiqdir". Bu ölkə tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Görünən odur ki, Makron klassik səlibçi konsepsiyasından çıxış edir və problemə səlibçi təfəkkürü ilə yanaşır. Onun HƏMAS-a qarşı koalisiya ideyasının məqsədi də birbaşa münaqişənin miqyasını genişləndirmək, daha çox güclərin cəlb edilməsi ilə, Üçüncü Dünya müharibəsinə zəmin yaratmaqdır. Qərbin ikiüzlülüyü, sülh üçün heç bir addım atmaması, əksinə, qızışdırıcı bəyanatlar, addımlar çox təhlükəli tendensiyadır. Bütün bunlar isə qeyd etdiyimiz kimi, Üçüncü Dünya müharibəsi təhlükəsini günü-gündən aktuallaşdırır. Qərbin münaqişəni qızışdırması bu təhlükəni daha da real edir.
Həmin Qərbin ikiüzlü liderlərindən fərqli olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tərəflər arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib və sülh çağırışları səsləndirib. Ərdoğan bu yaxınlarda Fələstin-İsrail gərginliyini həll etmək üçün sülh konfransını çağırmaq təşəbbüsü ilə çıxış edib: "Türkiyə hazırkı eskalasiya fonunda Fələstin və İsrail üçün qarant ölkələr sistemi yaratmaq ideyası ilə çıxış edir. Ankara Fələstin tərəfi üçün belə bir qarant olmağa hazırdır".
Türkiyə lideri deyib ki, Qərb ölkələri İsraili atəşkəsə belə çağırmırlar. Onun fikrincə, Qəzza zolağındakı "qırğına" görə ən böyük məsuliyyəti Qərb daşıyır.
Milli Məclisin deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı bildirib ki, son illər dünyada insan hüquq və azadlıqlarına hörmət edilmədiyi göz önündədir. O deyib ki, artıq beynəlxalq aləmdə insanların yaşamaq haqqı heç bir qurumu maraqlandırmır, terrorizm, müharibələr tüğyan edir: "Lakin dünya siyasətində böyük çəkisi olan ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmır. Əksinə, münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradır. Bu, həm Yaxın Şərqdə İsrail-Qəzza, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Tərəflərdən birini dəstəkləmək və ya onu silahlandırmaq heç də həll yolu deyil, problemin daha da dərinləşməsinə gətirib çıxardır".
M.Cəfərov qeyd edib ki, dünyada 100-dən artıq aktiv münaqişə var: "Müasir zamanın ən mürəkkəb beynəlxalq problemlərindən biri Fələstin-İsrail münaqişəsidir. Bu münaqişəylə bağlı fikir ayrılıqlarını həll etməyi düşünməyən dünya güclərinin mövcudluğu da münaqişənin ömrünü uzadır. ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, münaqişəni nizamlamaq əvəzinə daha da qızışdırır. Fransa da tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Makron problemə səlibçi təfəkkürü ilə yanaşır. Beləliklə, Üçüncü Dünya müharibəsi təhlükəsi getdikcə aktuallaşır. Qərb də burda qızışdırıcı mövqedədir. Buna görə də beynəlxalq aləmin vasitəçiliyi olduqca vacibdir, çünki İsrail-Fələstin münaqişəsi təkcə ərazi məsələsi deyil, bu iki dövlət bir-birini qəbul belə etmək istəmir. Beynəlxalq aləm gözlənilən vasitəçiliyi etməsə, bu gedişlə Üçüncü Dünya müharibəsinin astanasındayıq".
Politoloq Anar Əliyev isə düşünür ki, İsrail-HƏMAS münaqişəsinin genişlənməsi digər dövlətlərin ərazilərinə yayılması təhlükəsi mövcuddur. Hizbullahın bu prosesə qoşulacağı təqdirdə, münaqişə Suriya və İordaniyaya yayıla bilər. Bu halda İsrailin tərəfdarlarının da münaqişəyə qoşulmaq təhlükəsi yaranacaq. "Nəzərə alsaq ki, İsrailin bir sıra müttəfiqləri kənar güclərin münaqişəyə qoşulacağı təqdirdə onların hədəfinə çevriləcəyini bəyan edib. ABŞ təyyarədaşıyıcı gəmilərini bölgəyə göndərib. ABŞ hədəfin heç bir halda Fələstin və ya Qəzzanın olmadığını, İran və digər dövlətlərin İsrailə qarşı terror addımlarına qoşulacağı təqdirdə, mübarizə aparacaqlarını bəyan edib. Bu, təbii ki, münaqişə ərazisinin genişlənməsi təhlükəsini saxlayır", - politoloq deyib.
O hesab edir ki, münaqişənin Üçüncü Dünya müharibəsinə çevrilməsi real görünmür: "Çünki tərəf olaraq İsrail və onun müttəfiqləri ilə dünya müharibəsi apara biləcək rəqib mövcud deyil. Bugünkü gündə nə Suriya, nə İordaniya, nə də İran HƏMAS-a dəstəkdə bəyanatlar səviyyəsindən irəli gedə bilirlər. Hesab edirəm ki, bu dövlətlər münaqişə tərəfinə çevrilməyin onlar üçün hansı reallıqlar yarada biləcəyini çox yaxşı dərk edirlər. Ona görə də münaqişənin genişlənməsi halında belə Dünya müharibəsinə çevriləcəyini düşünmürəm. Amma münaqişənin davamlılığı, eyni zamanda digər dövlətlərin ərazilərinə sıçraması insan itkilərinin artmasına gətirib çıxara bilər".



