|
|
|
|

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalına, Ermənistan tərəfindən insanlarımıza qarşı törədilən soyqırımlara, qətliamlara, işğaldakı şəhərlərimizin, kəndlərimizin, bütün yaşayış məntəqələrimizin yerlə-yeksan edilməsinə, hələ də davam edən mina terroruna susan bəzi dairələr bu gün ölkəmizin ünvanına əsasız ittihamlar səsləndirməyə başlayıblar.
Fransanın açıq şəkildə separatçılara dəstək addımlarından, Hindistanın hərbi dəstək sayıqlamalarından sonra növbəti cəfəng bəyanat Kanadanın xarici işlər nazirindən gəlib. Görünən odur ki, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, regionun liderinə çevrilməsi ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Həmin dairələr illərlə işğala, Ermənistanın törətdiyi cinayətlərə susub, məqsədləri ərazilərimizdə ikinci erməni dövlətini qurmaq olub. Amma bu mənfur niyyətlərinin tam puça çıxdığını anlayandan sonra Bakının ünvanına cəfəng, əsassız ittihamlar səsləndirməyə başlayıblar. Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı həddini bir az da aşaraq Bakını sanksiyalarla hədələləməkdən belə çəkinməyib. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı "deportasiya"da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. O, həm səsləndirdiyi ifadələr, həm də davranışları ilə əslində xarici işlər naziri kimi səriştəsizliyini nümayiş etdirdi. Belə ki, Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Bu xanım erməni şəbəkəsinin alətinə çevrilib. Onun bundan əvvəl də Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə diqqət edəndə, erməni diasporunun əlaltısı olduğu açıq şəkildə özünü göstərir. Ancaq təkcə XİN başçısı deyil, elə təmsil etdiyi ölkə - Kanada da müstəqil qərar qəbul etmək gücündə deyil və idarəedilən dövlətdir. Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasət xətti olmayan marionet bir dövlətdir, əsas missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir.
Kanada məhz yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılıb. Təkcə bu məqam onları susmağa vadar etməlidir, amma görünür, Fransa kimi Kanada da öz qanlı keçmişini unudur. Azərbaycan dünyada bəlkə yeganə dövlətdir ki, tarix boyu bütün xalqlar, millətlər, etnik azlıqlar ölkəmizdə sülh və əmin-amanlıq içində vahid bir ailə kimi yaşayıb və bu gün də yaşamaqda davam edirlər. Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadığı halda, ölkəmizdə 30 mindən artıq erməni heç bir ayrı-seçkilik olmadan yaşayır. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, hətta erməni kilsəsi qorunub saxlanılır. Baxmayaraq ki, ermənilər işğal dövründə bütün dini abidələrimizi dağıdıblar və təhqir ediblər. Azərbaycan dünyada tolerantlığın, müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Tarix boyu ölkəmizdə milli, irqi və dini zəmində hər hansı qarşıdurma baş verməyib. Eyni zamanda Azərbaycan bütün dövlətin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Kanadadan fərqli olaraq Azərbaycan yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmayıb, kütləvi şəkildə uşaq qatilinə çevrilən ölkə deyil. Ermənilər tərəfindən münaqişə müddətində dinc azərbaycanlıların, o cümlədən, uşaqların hədəf alınmasına baxmayaraq, Azərbaycan mülki insanlara toxunmayıb. Yəni yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi, cinsi təzavüzə, istismara məruz qalmalarına dair çoxsayda faktlar mövcuddur. Hətta bəzi hindu uşaqlar üzərində tibbi sınaqların keçirildiyi də məlumdur. Bir müddət əvvəl yayılmış məlumatlarda qeyd edilirdi ki, tibbi sınaqlar nəticəsində 4100-dən çox uşaq ölüb. Qeyd edilən faktlarla bağlı xarici mətbuat da dəfələrlə yazıb. Söhbət 150 mindən çox uşağı evlərindən və ailələrindən güclə ayıraraq dövlət tərəfindən maliyyələşən bu tip internatlara aparılmalarından gedir. Onların çoxunun meyiti belə valideynlərinə verilməyib. Qeyd edilib ki, 1894-cü ildən bu tip internatlarda oxumaq hindular üçün məcburi olub. Ailələrindən ayrılan uşaqlar ingilis dilini öyrənməyə, xristianlığı qəbul etməyə məcbur edilir, ağdərililərin mədəniyyətinin daşıyıcısına çevirilirdilər. Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur. Bir neçə il əvvəl açıqlanan statistikaya görə, Kanadanın Kamplus şəhəri ərazisindəki keçmiş internat məktəbində 3 yaşlı 200-dən çox uşağın meyitinin qalıqları aşkarlanıb. 1978-ci ildən məktəb hökumətin nəzarətinə keçib. Hindulara qarşı aparılan bu siyasət soyqırımın başqa formada davam etməsidir.
Kanada da ksenofobiya, islamofobiya, irqçilik bu gün də davam edir, eyni zamanda nifrət zəminində cinayətlərin sayı günü-gündən artmaqdadır. Ölkədə digər millətlərə qarşı dözümsüzlük pik səviyyədədir.
Bu il ölkə Senatının İnsan Haqları Komitəsinin hesabatında da bu etiraf olunmuşdu. Cinayətlərin sayı elə yüksək olub ki, hesabat ictimaiyyətə tam açıqlanmayıb. Qeyd edilib ki, islamofobiya dini dözümsüzlük zəminində törədilən cinayətlərin artdığı Kanadada dərin köklərə malikdir. Ölkədə müsəlmanlara qarşı nifrət nümayiş etdirən ifrat sağçı qrupların sayında artım var. Müvafiq olaraq, dini dözümsüzlük əsasında müsəlmanlara qarşı hücumların sayı artıb. Hesabat müəllifləri iddia edirlər ki, ölkədə müsəlmanlara qarşı dözümsüzlük dərəcəsi digər dini icmaların nümayəndələrinə nisbətən daha yüksəkdir. Müsəlmanlara qarşı baş verən hadisələr digər dini qruplara edilən hücumlardan daha zorakı xarakteri daşıyır. Müsəlman qadınları isə dini dözümsüzlük əsasında hücumlara xüsusilə həssasdırlar. Bəzi qadınlar evdən çıxmağa qorxduqları üçün hətta uşaqlarını məktəbdən götürə bilmirlər. Çoxları tüpürmək təhqiri ilə üzləşib. Müsəlmanlar küçədə gedərkən daima arxaya baxmağa məcbur olurlar. Kanada Statistika Təşkilatının bu ilin mart ayında açıqladığı hesabata görə, 2021-ci ildə polisə birbaşa bildirilən nifrət cinayətlərinin sayı bir il əvvəlki ilə müqayisədə 27 faiz artaraq 2646-dan 3360-a yüksəlib. Müsəlmanları hədəf alan və polisə bildirilən nifrət cinayətlərinin sayı eyni dövrdə 71 faiz artıb. Bu, hələ açıqlanan statistikadır, belə halların dəfələrlə çox olduğu məlumdur. Çünki bir çox cinayətlər barədə polisə məlumat verilmir.
İndi özü bataqlıq içində olan Kanadanın Azərbaycana dil uzatması həm gülünc görünür, həm də təəssüf doğurur. Bu ölkənin Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-nın bu missiya daxilinə öz "vassalını" yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma "əlaltısı"nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. ABŞ-nın marionetkası cəsarətlənərək okeanın o tayından Azərbaycanı sanksiyalarla da hədələyir. Belə görünür ki, ABŞ Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. Amma əbəs yerə. Çünki Bakı bu cür təzyiq, sanksiya çağırışlarını da müstəqil dövlət olandan bu yana görür və eşidir. Lakin özünün müstəqil siyasətini aparır və düzgün bildiyi, maraqlarına cavab verən xətt üzrə yoluna davam edir. Vassal Kanada Azərbaycanın əhəmiyyətini anlamırsa, bu, onun öz işidir. Azərbaycan liderinin dediyi kimi, heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın.



