|
|
|
|

Dünyada baş verən münaqişələrə, ciddi beynəlxalq hadisələrə adətən neytral yanaşan Kanada son illər Fransanın yolunu gedərək Azərbaycan əleyhinə bəyanatlar verir. Bu ölkənin rəsmiləri həddini daha da aşaraq ölkəmizə qarşı sanksiyaların tətbiqindən danışırlar. Bu həmin Kanadadır ki, 30 il ərzində Cənubi Qafqazda baş verənlərə susub, Azərbaycanın ərazilərinin işğalına, bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün olmasına, onların çətin şəraitdə yaşamasına, ermənilərin müharibə cinayətlərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səssiz qalıb. Amma İkinci Qarabağ müharibəsi başlayandan sonra varlığı ilə yoxluğu bilinməyən Kanadanın səsi gəlməyə başlayıb. Başqa sözlə, heç vaxt müstəqil dövlət ola bilməyən, ABŞ-ın marionetkası olan Kanada əslində Vaşinqtondan və Parisdən aldığı sifarişləri icra edir.
Bir məqamı da xatırladaq ki, Kanada hökuməti 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında yer aldığı üçün Türkiyəyə silah embarqosu tətbiq etmişdi. Rəsmi Ottava erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoydu, 2021-ci ilin aprelində isə "Telemus Sistemleri Inc." şirkətinin ixrac icazələrini ləğv edib. Həmin şirkət 2021-ci ilin oktyabrında müflis oldu. Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən "Telemus Sistemleri Inc." şirkəti embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi üçün bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib. Qeyd edək ki, şirkət hasilatı dayandırmazdan əvvəl 1,1 milyon ABŞ dolları xalis zərər görüb.
Ermənidən daha artıq erməni olmağa çalışan bu dövlətin xarici işlər naziri Melani Coli antiazərbaycan kampaniyasının başında dayanır. O, mütəmadi olaraq Ermənistana səfərlər edir, Azərbaycan əleyhinə heç bir əsası olmayan bəyanatlar səsləndirir. Onun davranışları XİN başçısı kimi səriştəsizliyi göstərir. Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. İkincisi, Azərbaycana qarşı sanksiyalardan danışan xanım nazir unudur ki, Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq məcburiyyətindədir. Başqa alternativ mövcud deyil. Mövcud siyasi vəziyyətə görə Çinin buna razılıq verməsi real görünmür. Azərbaycan isə istənilən zaman bu ixracı dayandırmaq iqtidarındadır. Yəni Kanada Azərbaycana yox, Azərbaycan Kanadaya sanksiya tətbiq edə bilər.
Digər tərəfdən, separatçılığı, revanşizmi dəstəkləyən Kanada yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış dövlətdir və hansısa başqa bir ölkəni nədəsə ittiham etməyə heç bir haqqı yoxdur.
Bu ölkənin tarixi Fransa kimi soyqırımlarla, qanlı cinayətlərlə doludur. Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktları məlumdur. Söhbət 150 mindən çox uşaqdan gedir. Sadalananlardan görünür ki, Ermənistanla Kanadanı birləşdirən ortaqlıqlar çoxdur. Hər iki ölkə törətdikləri soyqırımlar, kütləvi qırğınlar, etnik təmizləmə, uşaq qatili olmaq, kütləvi məzarlıqlar, işğal və s. cinayətlər birləşdirir. Qarabağ işğaldan azad edildikdən sonra çoxsayda kütləvi məzarlıqlar üzə çıxıb, hələ neçə-neçə məzarlıqların da aşkarlanacağı şübhəsizdir. Çünki ermənilər 30 il ərzində Qarabağda saysız-hesabsız cinayətlər törədiblər. Kanada da bu gün yanında yer aldığı Ermənistandan fərqlənmir. Məlumdur ki, Amerika qitəsi avropalılar tərəfindən işğal olunub. Bu hadisə nəticəsində 15 milyondan çox yerli əhali, hindular soyqırıma məruz qalıblar. Yer kürəsinin bu hissəsinə sonra Afrikadan insanlar qul kimi köçürülüblər. Həm hinduların, həm də avropalılar tərəfindən insan alverinin qurbanı olan afrikalıların inancları dəyişdirilib, mədəniyyətləri aşağılanıb. Bunun üçün xüsusi missionerliklər sistemi fəaliyyət göstərib. Yeli əhalinin assimilyasiya edilməsi, irqçiliyin, ksenofobiyanın qurbanı olması halları Kanadada pik səviyyədədir. Və belə bir dövlətin Azərbaycanı nələrdəsə ittiham etməsi acı gülüş doğurur. Bu cür ittihamlar Azərbaycanın dünyada artan roluna və nüfuzuna, bölgədə söz sahibi olmasına, mühüm beynəlxalq layihələri gerçəkləşdirməsinə heç bir təsir göstərməyəcək.
Milli Məclisin deputatı Kamilə Əliyeva hesab edir ki, özlərini insan hüquqlarının və azadlıqlarının müdafiəçisi hesab edən və bu sahədə Azərbaycanı ittiham edən dövlətlər hər zaman insanlığa qarşı cinayətlər törətmiş ölkələrdir. Bu sahədə Azərbaycanı ittiham edən Kanada və bu ölkənin xarici işlər naziri Melani Colinin İrəvanda ölkəmizə qarşı qərəzli, əsassız ittihamlar söyləməsi təəccüb və gülüş doğurur. Həmçinin, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulaması riyakarlığın, saxtakarlığın ən bariz nümunəsidir.
Onun sözlərinə görə, BMT TŞ Ermənistanı işğalçı dövlət kimi tanıyıb, bu barədə 4 qətnamə qəbul etdiyi vaxt Kanada 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana bu işğala son qoyması barədə bir kəlmə belə söyləmədi: "Colinin xarici işlər naziri postuna gətirilməsi absurddur. Dövlətin xarici siyasət kursunu həyata keçirən birinin Ermənistandan Azərbaycan ərazisinə binokldan baxması cəsus şəbəkəsinin nümayəndəsi obrazı yaradır. Kanada kimi marionet bir dövlətin bu cür "siyasətçisi" olması əslində təəccüblü deyil. Azərbaycanı "deportasiya"da günahlandıran Kanada dövləti vaxtilə bu ərazilərin aborigen sakinləri olan hinduları kütləvi şəkildə qətlə yetirərək qurulub. Yarandığı gündən Kanada heç vaxt müstəqil dövlət olmayıb, ABŞ-ın vassalı olub. Bu gün də ABŞ qubernatoru Kanada hökumətindən daha yüksək səlahiyyət və imtiyazlara malikdir. Marionetka bir dövlətin heç bir dövlətdən asılı olmayan, müstəqil xarici və iqtisadi siyasət həyata keçirən güclü Azərbaycan dövlətini ittiham etməyə nə cürəti, nə də haqqı var.
Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar. Kanada Azərbaycan üzərindən Mərkəzi Asiya dövlətlərindən uran alır. Azərbaycanın haqqı var ki, bu ixracı dayandırsın və düşünürəm, bu istiqamətdə addımlar atılacaq. Azərbaycanda fəaliyyət göstərən Kanada şirkətlərinin fəaliyyəti də dayandırılmalıdır. Kanada ilə yanaşı, Azərbaycan dövləti ilə təhdid dilində danışmaq istəyən ölkələr sonda hansı aqibətlə üzləşəcəklərini anlamalıdırlar.



