|
|
|
|

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi tarixi hadisə olmaqla yanaşı, türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişafı, genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə dinamik xarakter alıb, dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının sıx birləşməsində, həmrəyliyində xüsusi rol oynayır. Ölkəmiz bu istiqamətdə hər zaman öz töhfəsini verib və bu gün də eyni xətt üzrə fəaliyyətini daha aktiv şəkildə davam etdirir. Prezident İlham Əliyev türk dünyasının birliyindən danışarkən deyib: "Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır".
Azərbaycanın türk dünyasının birliyində mühüm töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Amma xüsusilə son illər Azərbaycanın və Türkiyənin liderliyi ilə təşkilata üzv ölkələr arasında əməkdaşlıq genişlənib. 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və üzvlərinin sayı artıb. Hazırda TDT-də 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu - Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.
Bu gün dünyada cərəyan edən hadisələr Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlığın inkişafını da aktual edir. Azərbaycan Prezidenti Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bu barədə deyib: "Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır".
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş "prezident seçkiləri"ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar.
Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin iştirakı ilə keçirilən Zirvə Görüşü TDT tarixində yeni bir hadisə olacaq: "Azərbaycan Prezidenti Şuşa Beynəlxalq Konfransında qeyd etmişdi ki, Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında yeni güc mərkəzlərindən birinə çevrilə bilər. Astanada keçirilən görüş 21-ci əsrin yeni çağırışları əsasında TDT-nin yeni vizyonunu təyin edəcək. Doğurdan da hazırkı beynəlxalq əlaqələr sistemi şəraitində, siyasi tarazlığın yenidən müəyyənləşdiyi yeni tarixi mərhələdə Turan etno-siyasi coğrafiyasının varisləri olan TDT-nin yeni nizamda özünə yeni vəzifələr təyin etməsi tarixi hadisədir. Bu, təkcə TDT-ə üzv olan ölkələr üçün deyil, regionun bütün dövlətləri üçün sabitlik və təhlükəsizlik gətirən hadisəyə çevriləcək".
Deputat Vüqar Bayramov deyib ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur. Hazırda Türk Dövlətlər Təşkilatına üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə ümum daxili məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1.2 trilyon ABŞ dollardan artıqdır. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir.
V.Bayramov əlavə edib ki, 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib: "Ötən il Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb.
Qazaxıstanla dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb.
Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib".
Deputat hesab edir ki, ticarət dövriyyəsinin böyüməsini birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır: "Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir".



