|
|
|
|

Ötən həftə sonu Almaniyanın xarici işlər naziri Annalena Berbok regiona səfəri çərçivəsində əvvəlcə Ermənistanda, daha sonra Azərbaycanda oldu. İrəvanda bir sıra rəsmi görüşlər keçirən xanım nazir, həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması zərurətindən danışıb. Təminatlı təhlükəsizlik üçün Ermənistan və Azərbaycan arasında sülhə ciddi ehtiyac olduğunu vurğulayıb, sülh prosesinə töhfə verməkdən danışıb. Eyni zamanda xanım nazir Qarabağı könüllü tərk etmiş ermənilərin qəbulu mərkəzinə baş çəkib, Aİ-nin müşahidəçiləri ilə birgə Ermənistan-Azərbaycan sərhədində olub.
Yada salaq ki, Almaniya son vaxtlar Fransanın yolu ilə gedərək, Azərbaycana qarşı müəyyən qədər qərəzli mövqedən çıxış edir. Biz buna BMT Təhlükəsizlik Şurasındakı dinləmələrdə, Azərbaycanın iştirak etmədiyi Qranada görüşündə şahidlik etdik. Eyni zamanda, bu ölkənin siyasətçiləri, mediası Azərbaycan barədə obyektivlikdən uzaq, əsassız məlumatlar paylaşırlar. Gözləmək olardı ki, XİN rəhbərindən Bakıda daha çox müsbət bəyanatlar eşidəcəyik, o, Almaniyanın həqiqətən də Cənubi Qafqazda sülh prosesinə öz töhfəsini vermək istədiyini nümayiş etdirəcək. Amma Avropa İttifaqının əsas dövlətlərindən biri olan ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən şəxs Bakıda yalan danışmaqdan, Azərbaycanın coğrafi adlarını təhrif etməkdən çəkinmədi. Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında yalan açıqlama ilə çıxış etdi. O, Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə verilən suala yalan cavab verdi. O, əvvəlcə özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etdi, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra bildirdi ki, Bakıda Ermənistandan məcburi çıxarılmış şəxslərlə görüş keçirib. Etibarlı mənbələrdən Azərbaycan KİV-lərinin əldə etdiyi məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş. Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, onun bu görüşdən imtina etdiyi məlumdur. Almaniya naziri anlamalı idi ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir. XİN rəhbəri Ceyhun Bayramovun xanım nazirin diqqətinə çatdırdığı kimi, Azərbaycanın keçmiş məcburi köçkünlərinin sayı Ermənistanda olan miqrasiya etmiş şəxslərdən qat-qat çoxdur. Bayramov deyib ki, xanım nazir vaxt tapıb ağır vəziyyətdə öz doğma torpaqlarından didərgin düşmüş şəxslərlə görüşmək imkanı olsaydı, daha maraqlı faktlar öyrənmiş olardı.
Qərbi Azərbaycan İcması da Almaniyanın XİN rəhbərinin məlum açıqlamasını təkzib edib. İcmanın bəyanatında vurğulanıb ki, Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir sorğu gəlməyib və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur. Bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb. Almaniyalı nazirin görüş keçirildiyi bildirilən şəxslər və aparılmış fikir mübadiləsinin məzmunu haqqında heç bir məlumatın yayılmaması ciddi suallar doğurur. Bu həm də ona görə sual doğurur ki, xanım Berbokun bir gün əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə həm Almaniya tərəfi, həm də Ermənistan mətbuatı videogörüntülər daxil olmaqla, geniş reportajlar yaymışdı.
Bütün bunlar ondan xəbər verir ki, xanım Berbok ya yalan danışır, ya da hansısa çirkin məqsədli əməlinin üstünü örtməyə çalışır.
Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və mötəbər təmsilçisi olan Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüş barədə geniş məlumat yaymağı tələb edir.
Yuxarıda qeyd etdiyimiz kimi, almaniyalı nazir həm də Azərbaycanın Qarabağ bölgəsində coğrafi adlarını təhrif edib, Şuşa və Xankəndinin onlara qoyulmuş qondarma adlarını səsləndirib.
Almaniyalı nazirin bu cür yanaşması beynəlxalq hüququn pozulmasıdır. Qərbi Azərbaycan icmasının açıqlamasında bu məqama da toxunulub və qeyd edilib ki, almaniyalı nazirin işlətdiyi saxta adlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası çərçivəsində uydurduğu, heç bir tarixi və hüquqi əsası olmayan quramalar idi. Almaniyalı nazir toponimlər məsələsində tarixi həqiqətlərə çox önəm verirsə, onda həmin qurama adları deyil, Ermənistana səfəri zamanı ziyarət etdiyi yerlərin, o cümlədən İrəvanın, Keşişkəndin, Arazdəyənin həqiqi, tarixi adlarını istifadə etməli idi.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmaq istəyini ifadə edən Almaniya bu cür yanaşma ilə vasitəçi kimi nə dərəcədə obyektiv, tərəfsiz ola bilər? Əlbəttə ki, bu, mümkün deyil. Çünki qeyd etdiyimiz kimi, vaxtilə daha çox neytral mövqeyi ilə önə çıxan, hətta ATƏT-in keçmiş Minsk qrupunda həmsədr dövlət kimi görməyi arzuladığımız Almaniya bu gün Fransanın təsiri ilə yanlış mövqe sərgiləməkdədir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Almaniya iqtisadi sahədə sıx əməkdaşlıq edir. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələri də müsbətdir. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb. Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar. Bundan əlavə, enerji sahəsində də Azərbaycan maraq kəsb edir. Yəni Almaniya üçün Azərbaycanla əməkdaşlıq səmərəlidir. Digər tərəfdən, Azərbaycan Ermənistandan fərqli olaraq səmimi şəkildə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün çalışır. İkinci Qarabağ müharibəsindən sonra Bakının bütün səyləri məhz buna yönəlib. Təəssüf ki, Ermənistan imitasiya ilə məşğuldur və bəzi havadarları da bu pozuculuq fəaliyyətində ona dəstək verir.
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı bildirib ki, almaniyalı nazir özü regiona səfərini faydalı adlandırıb. Amma Annalena Berbokun Bakıya gətirdiyi baqajda Qarabağın bərpasında iştirak və minalardan təmizlənmədə köməklik göstərilməsi ilə bağlı qeyri-müəyyən vədlərdən başqa heç nə yox idi: "Bu, Bakıda heç bir təəssürat yaratmadı. Amma Almaniya XİN rəhbərinin Azərbaycanın coğrafi adlarını qanunsuz olaraq erməni toponimlərindən istifadə etməklə səsləndirməsi həmkarı Ceyhun Bayramovun sərt iradına səbəb olub".
Politoloq hesab edir ki, xanım Berbokun bölgəyə gəldiyi əhval-ruhiyyəsi simvolik olaraq onun geyimində ifadə olunurdu: "İrəvanda xanım Berbok açıq rəngli kostyumda idi. Hesab edirəm ki, bununla Almaniyanın xarici işlər naziri müəyyən siqnallar vermək və münasibət nümayiş etdirmək istəyib. Cənubi Qafqaz bu cür texnikaların işlədiyi yer deyil, amma bu, diqqətdən yayınmamalıdır".



