|
|
|
|

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenle keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyaya ərazi güzəşti olmayacaq. Onun sözlərinə görə, rəsmi Kiyev ərazi bütövlüyü təmin olunana qədər mübarizəni davam etdirəcək.
Zelenski bundan əvvəl də oxşar fikirlər səsləndirib. Maraqlıdır, o, kimə və ya nəyə güvənir?
Bu barədə “525.az” a danışan siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Şərqi Avropada davam edən müharibədə aylardır ki, ciddi dəyişiklik yoxdur: "Nə Rusiya irəliləyə bilir, nə də Ukrayna. Bu, o deməkdir ki, bir çox ekspertin iddia etdiyi kimi savaş dalana dirənib.Müharibənin ilk aylarından fərqli olaraq daha rəsmi Kiyev sülh barədə düşünmür. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə bildirib ki, müharibə Ukraynanın ərazi bütövlüyünün tam təmin olunmasından, o cümlədən Krımın azad olunmasından sonra başa çatacaq. Bu, Qərbin, xüsusilə ABŞ - nin maraqlarına uyğundur".
Ekspertin sözlərinə görə, Zelenski, bəlkə də, artıq sülh istəyir: "Bəlkə də, Rusiya ilə dil tapmaq mümkündür. Amma Qərb buna imkan vermir. Məsələ ondan xoşum ki, Ukrayna faktiki olaraq Qərbin girovuna çevrilib. ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla bu dövləti müharibəni davam etdirməyə sövq edir. Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa cəhd etsə, Qərb silah tədarükünü dayandıra bilər. Bu isə rəsmi Kiyev üçün faciə vəd edir. Bunu Zelenski də başa düşür. Ona görə müharibənin uzanması daha onu narahat etmir".

Analitik həmçinin Zelenskinin siyasi hakimiyyəti ilə bağlı da danışıb: "Müharibə davam etdikcə yəqin ki, Zelenski hakimiyyətdə qalacaq. Əks halda isə onun iqtidarı üçün ciddi təhdid yaranacaq. Şərqi Avropadakı müharibə yaxın vaxtda başa çatana oxşamır. Proses uzandıqca uzanır. Bu isə bütünlükdə planet üçün yaxşı nəsə vəd etmir".
Aytac FUADQIZI



