Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın son — 42-ci sayında Atababa İsmayıloğlunun “Molla Qeybullanın sərgüzəştləri” silsiləsindən beş miniatürü nəşr olunub.
Qəzetin məşhur “12 stul” səhifəsində işıq üzü görən satira və yumor yönlü yazılara redaksiya tərəfindən verilən ön sözdə deyilir:
“Azərbaycan yazıçısı, xeyli kitabın müəllifi Atababa İsmayıloğlunun qəhrəmanı Molla Qeybulla onun təxəyyülünün məhsuludur. Bu personaj müxtəlif ölkələrin folklorundan bəlli olan hazırcavab və məzəli qəhrəmanların mənəvi qohumudur. Lətifəyə bənzər olan bu qısa əhvalatlarda hadisələr bir qayda olaraq aforizmlə sona çatır”. Azərbaycan Musiqi Akademiyasının dosenti Arzuxanım Əlizadənin tərcüməsində verilən “Şirin çay”, “Sıxıb qurudandan sonra”, “Mənim üçün bəzənsə”, “Hansı yönlü”, “Kürəyini borc versəydin” adlı məzəli miniatürlərdə cəmiyyətdə baş verən ictimai-sosial hadisələr bədii vasitələrlə, obrazlı dillə təqdim edilir.
Xatırladaq ki, bu miniatürlər müəllifin həmin qəzetdə ikinci çıxışıdır. “Literaturnaya qazeta”nın builki 30-cu sayında müəllifin “Sənətkar” adlı yumoristik novellası “Şıltaq qələm” adı ilə dərc olunub.