|
|
|
|
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması məqsədilə elan olunmuş müsabiqə ilə bağlı müşavirə keçirib.
Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Akademik İsa Həbibbəyli dövlətin elm siyasətinə uyğun olaraq son illərdə bu elm ocağında yeni islahatlara başlanıldığını və bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini bildirib. O, yeniləşən akademiyada həyata keçirilən islahatlar sırasında elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği kimi məsələlərin əsas istiqamətlərdən olduğunu vurğulayıb.
İ.Həbibbəyli AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsində görülən işlərdən danışıb. O, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, tarixinin müasir çağırışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlmiş islahatlar çərçivəsində AMEA-nın yeni Nizamnaməsinin təsdiq edildiyini, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını diqqətə çatdırıb. Alim, həmçinin dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin, həmçinin institutlarda Kadrlar şöbələrinin bazası əsasında İnsan resursları şöbələrinin, eləcə də digər şöbələrin yaradıldığını söyləyib.
Akademik müasir elmin çağırışlarına, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə AMEA-nın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə uyğun olaraq AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması zərurətinin meydana çıxdığını bildirib. O, bu məqsədlə AMEA Rəyasət Heyətinin 2024-cü il yanvarın 9-da keçirilən iclasında akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan olunması ilə bağlı qərar qəbul edildiyini deyib. Bildirib ki, AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və dövlətçilik ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, inkişafı, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməli və yaradıcı təfəkkürün məhsulu olmalıdır.
Daha sonra İsa Həbibbəyli müsabiqənin şərtləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya və ya rəngli qrafika ilə işlənilməlidir. Onun sözlərinə görə, müsabiqədə yalnız akademiyada çalışıb təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər.
Akademiyada təsviri sənətlə bağlı 20-dən çox sərginin təşkil olunduğunu deyən AMEA rəhbəri yeni loqotipin - emblemin hazırlanması üçün elan olunmuş müsabiqənin də AMEA-da təsviri sənətlə məşğul olan əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacağını bildirib. O, əməkdaşlar tərəfindən təqdim olunacaq AMEA-nın emblemi layihələrinin Müsabiqə Komissiyası tərəfindən qiymətləndiriləcəyini, qalib işin müəllifinin pul mükafatı ilə təltif ediləcəyini və ona müvafiq sertifikatın veriləcəyini qeyd edib.
Müzakirələrdə akademik Gövhər Baxşəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Zülfiyyə Vəliyeva-Önlən, həmin institutun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova, AMEA-nın baş rəssam konstruktor - dizayneri Minayə Dəyanət Feyzullayeva, Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Afaq Hüseynova, dosent Rizvan Babaşov və kiçik elmi işçi Oksana Məmmədova, eləcə də AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılov çıxış edərək akademiyanın yeni loqotipinin - embleminin hazırlanması istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.
Sevinc Qarayeva