|
|
|
|

Bolqarıstanın Baş naziri Nikolay Denkov istefa ərizəsini parlamentə təqdim edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Şurasının Mətbuat Mərkəzindən verilən məlumata görə, Baş nazir Nikolay Denkov istefa ərizəsini parlamentə təqdim edib.
Denkov açıqlamasında istefasını Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası ilə “danışıqlara dəvət” kimi qiymətləndirib və “İstefam siyasi oyun deyil, siyasi bir oyunun nəticəsidir", - deyib.
Hökumətinin növbəti hökumət qurulana qədər vəzifəsini davam etdirəcəyini bildirən Denkov, Mariya Qabrielin Baş nazir olacağı hökumətdə baş nazirin müavini olmağı gözlədiyini qeyd edib.
GERB partiyası ilə Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) ittifaqı arasında bağlanan razılaşmaya əsasən, Denkovun 9 aylıq səlahiyyət müddəti martın 6-da başa çatır.
PP-DB ittifaqını təmsil edən Baş nazir olan Denkov vəzifəsini GERB partiyasını təmsil edən xarici işlər naziri Mariya Qabrielə həvalə edəcək.
Qeyd edək ki, Denkovun istefası parlament tərəfindən təsdiqlənməlidir.
Malik Atilay



